psixoloq

“Yaşam koçu”: yeni dünyamızın yeniliyi… – ARAŞDIRMA

Baxış sayı: 352

Əslində, yeni dünyamızın yeniliklərindən biri olan “Yaşam köçü” anlayışında anlaşılan və anlaşılmayan xeyli məqamlar var. Anlaşılan odur ki, biz xəstə olanda hər hansı bir həkimə, psixoloji vəziyyətimizdə çatışmazlıq hiss edəndə psixoloqlara müraciət etdiyimiz kimi, yəqin ki, özümüzü, potensialımızı, gücümüzü görə bilməmək qabiliyyətimiz də var ki, bunun üçün “Yaşam koçu”na müraciət etməli oluruq. Bəli, “Yaşam koçu”na. Dilimizə ilk səslənmədə anlamadığımız ifadə kimi daxil olan, özümüzdən əvvəl dilimizi yaralayan “Yaşam koçu”. Hələ belə ifadələr də işlədirik: filankəs mənim “yaşam koçu”mdür… Mən onun “yaşam koçu”yam və sair. Bu yeni “termin” ilk zərbəsini Azərbaycan dilinə vurub, buna söz yox. Biz nə üçün harada nə xoşumuza gəlir, onu bu dilə əlavə etməyə çalışırıq, onu da illərdir ki, anlamağa çalışıram, lakin hələ bir nəticəyə gəlib çıxa bilməmişəm.

Anlaşılmayan tərəf isə ondan ibarətdir ki, bizim “Yaşam köçü”muz kim olur? Bax, elə məsələnin vacib tərəfi də budur. Biz potensialımızı, gücümüzü, özümüzə hörmət hissini ortaya çıxara biləcək “koçu” tapa bilirikmi? Yoxsa könlündən keçənlərin hər biri adını “kouçinq” qoyub sadəcə bununla özünü reklam edir və ya asan qazanc yolu tapır?.. Əslində bizə “kouçinqlik edən həyatın ən yüksək mərtəbəsində dayanan, təhsili, ailəsi, iş təcrübəsi ilə nümunə olan insanlar olmalıdır, deyilmi? Bəs bu, hər bir “koç” üçün belədirmi? Biz özümüz üçün “kouçinq” axtaranda bunlara diqqət yetiririkmi?

Maraqlıdır, deyilmi? Bu yeni dünya, həqiqətən, maraqlıdır. Biz nə üçün potensialımızı üzə çıxarmaq qabiliyyətinə özümüz malik deyilik? Axı vaxtilə bizim “koç”a ehtiyacımız yox idi. Bizə nə oldu ki, potensialımızı sanki neft çıxarırmışlar kimi çıxaranlar başqasıdır, biz yox? Bizə nə oldu ki, işləmək gücünü bizə kimsə verməlidir. Məgər şüurumuz xəstələnib, ağlımız kəsmir, yoxsa? Və yaxud da özümüzə güvənməyi, hörmət etməyi nə üçün bizə “koc”lar aşılamalıdır, məgər bizim ağlımız qaçıb?

 

“Yaşam koçu” nə deməkdir?

Hər şeydən əvvəl dilimizin qeydinə qalaq və “yaşam koçu” ifadəsinin Azərbaycan dilində nə demək olduğuna nəzər salaq. Və bu barədə axtarışda olanların, özünü “kouçinq” hesab edənlərin hər birindən xahiş edək ki, bütün yazı formalarında Azərbaycan dilinə hörmət və sayğı ilə yanaşsınlar. Bunu ən əvvəl seçdikləri peşə tələb edir. Çünki onlar insanlara düz yolu seçməyi öyrədirlər. Belə isə dilimizə hörmət başqalarına özünə hörmət hissini aşılayanlar üçün daha vacibdir.

Deməli, belə. “ Yaşam koçu” dilimizə qonşu Türkiyədən gəlməkdədir. Orada Azərbaycan dilinə tərcümədə “həyat məşqçisi” mənasını verən bu söz “yaşam koçu” adlandırılır. Əslində isə ingilis dilindən tərcümədə “life coaching”, yəni həyat məşqçisi mənasındadır. Burada isə belə qənaətə gəlmək olur ki, heç türklərin özləri də bu ifadəni düzgün ifadə etmirlər və onlar da türk dilinin qrammatik qanunlarını pozurlar.

Beləliklə, apardığım araşdırmaya görə həyat məşqçisi müştəriyə potensialının ən yüksək həddinə və həyat məqsədlərinə çatmağa imkan verən peşəkar rəhbərlik sistemidir. Bu fəaliyyətlər çərçivəsində şəxsi inkişaf və karyera planları vurğulanır.

***

Qısa bir haşiyə

Bir dəfə “Yaşam koçu”ndan söhbət düşmüşdü. İş otağımızda bu barədə müzakirə gedirdi. Hamının tanıdığı peşəkar jurnalistlərimizdən biri yaman hirslənmişdi. Deyirdi ki, a balam, bu koç bizim dilimizdə qoç deməkdir. Deməli belə çıxır ki, kimsə bizim həyatımıza qoçluq edir? “Yaşam koçu”, bu nə deməkdir?

Əslində, həmkarım çox haqlıdır. Elə türk dilində də koç qoçdur, sadəcə bizdən fərqli olaraq “q” “k” kimi yazılır və səslənir onlarda. Həqiqətən də, dilə bu qədər zərbə vurmazlar. Axı bu “coaching” də “k” ilə yazılmır ki, deyəsən ki, onu ixtisar edib belə yazırlar. “K” hara, “c” hara? Əlbəttə ki, səslənməyə görə deyəcəksiniz, lakin səslənməyə gəlincə, artıq dilimizə zərbələri endirmiş oluruq.

 

Həyat məşqçisi kimdir?

Araşdırma zamanı öyrəndim ki, həyat məşqçisi olmaq üçün nəinki bizdə, heç Türkiyədə də ali təhsil müəssisələrində belə bir ixtisas yoxdur. Həyat məşqçisi lazımi təlimləri keçmiş şəxsdir.

Həyat məşqçisi olmaq istəyən şəxs özəl təhsil müəssisələri və bəzi universitetlər tərəfindən təşkil edilən həyat məşqçisi təlim proqramlarında iştirak etməlidir ki, belə kursların ölkəmizdə olub-olmaması barədə məlumat əldə edə bilmədim. Varsa, haradadır, bilən varsa, bizə də desin, bilmək maraqlı olar. Varsa, maraqlıdır ki, bu kurslarda kimlər dərs verir. Yoxsa, o da maraqlıdır ki, sayı hər gün artmaqda olan “kouçinq”lər harada təlim keçirlər, sertifikat alırlar.

Türkiyədə müxtəlif belə kurslar var. Hər bir qurumun kurs adları və təlim müddətləri fərqli olsa da, hər birinin məqsədi ekspert və ixtisaslı həyat məşqçiləri hazırlamaqdır. Təlim proqramlarında kursların əhatə etdiyi mövzular isə ümumiyyətlə eynidir: həyat məşqçiliyinin tarixi və fəlsəfəsi, oxşar fənlərlə əlaqəsi, məşqçilik bacarıqları, effektiv ünsiyyət, davamlı motivasiya və NLP (Neyro Linqvistik Proqramlaşdırma, Zehnin Proqramlaşdırma Dili).

Araşdırma zamanı belə bir məlumata da rast gəldim: 100 saatdan az olmayaraq “kouçinq” təlimi keçmişlər daha şüurlu şəkildə məşqçilik etməyə başlaya bilərlər. Təbii ki, 100 saatlıq məşq də azdır. Məşqçi həyatı boyu təhsilə sərmayə qoymalı və bu sahədə təkmilləşməyə davam etməlidir.

Həyat məşqçisi özünü inkişaf və özünüdərketmə və sabitliyi artırmaq üçün istifadə olunan texnika, yanaşma və vasitələrə diqqət yetirir. Həyat məşqçisi insanların özlərinə və həyatlarına daha müsbət və müsbət hisslərlə yanaşmalarına kömək etmək üçün şəxsi rəhbərlik edir.

Bəs həyat məşqçisinin vəzifə və məsuliyyətləri nələrdir? Həyat məşqçiliyi məşqçi ilə müştəri arasında yaradıcı tərəfdaşlıqdır. Məşqçi müştəri ilə təkbətək ünsiyyət quraraq, onun potensialını kəşf etmək və inkişaf etdirmək üçün düzgün suallar verir, şəxsi məqsədlərini müəyyənləşdirir və müştərini aktivləşdirmək üçün müvafiq strategiyalar hazırlayır. Bu tərəfdaşlıqda həyat məşqçisinin bəzi vəzifələri aşağıdakılardır:

-İstənilən məqsədlərə çatmaq üçün müştərinin həyat tərzinə uyğun perspektiv inkişafa şərait yaratmaq,

-Müştərini öz potensialını kəşf etməyə və inkişaf etdirməyə həvəsləndirmək,

-Müştərinin məqsədlərinə, xarakterinə və perspektivinə uyğun fəaliyyət planları və strategiyaların hazırlanması,

-Müştərinin məsuliyyəti öz üzərinə götürməsi üçün perspektivin inkişaf etdirilməsi,

-Müştərinin düzgün suallarla ehtiyac duyduğu cavablara çatmasını təmin etmək,

-Müştərinin effektiv, balanslı və uğurlu həyat sürməsi üçün; düzgün qərar və seçim etmək bacarıqlarını təkmilləşdirmək.

Bütün bunları saymaqda məqsədim bunun həqiqətən də mükəmməl təhsilə, təcrübəyə malik mütəxəssislərin həyata keçirə biləcəyi iş olduğunu vurğulamaqdır.

 

Əsl ata, əsl ana, əsl müəllim, əsl insan haradadır?..

Həyat məşqçisi haqqında belə yazırlar: O, əsl ata, əsl ana, əsl müəllim, əsl insandır. Deməli, həyat məşqçiləri övladlarımıza əsl ana-ata, əsl müəllim, bütövlükdə isə əsl insan kimi yanaşmalıdırlar. Əslində bu, çox gözəldir. Təbii ki, həyat məşqçiləri bunu bacara bilirlərsə. Onlar övladlarımız üçün əsl ana, əsl ata, əsl müəllim ola bilirlərsə, nə xoş. Onlara bizim verə bilmədiklərimizi bəxş edə bilirlərsə, bu, təqdirəlayiqdir. Cəmiyyətdə belə mütəxəssislərin olmasına həqiqətən böyük ehtiyac var. Çünki biz bəzən əsl ana, əsl ata, əsl müəllim, əsl insan ola bilmirik. Elə bu səbəbdən də övladlarımıza məhəbbət, sevgi, diqqət verə bilmirik. Bəzi valideynlər kimi, bəzi müəllimlər də vəzifəsinin nədən ibarət olduğunu bilmədiyi üçün dərs verdiyi şagirdi “kəşf” edə bilmir. Belə olanda isə uşaqlarımızda nə özünə güvənmək, nə bacarığını, nə də qabiliyyətini aşkar etmək gücü olur.

Valideynlər isə sonradan ayılır və başlayır psixoloq ya da haqqında danışdığımız “yaşam koçu” axtarmağa. Övladlarına verə bilmədiklərini başqalarından ummaqdır bunun adı. Bu yeni tanışlıqların sonu necə olacaq, bunu isə zaman göstərməli olur. Övladlarımızın taleyini həvalə etdiyimiz bu “kouçinq”lər onlara bizim verə bilmədiyimizi verə bilirlərmi? Axı hər dəfə yaxşı müəllimlə, yaxşı həkimlə, yaxşı psixoloqla, eləcə də yaxşı “kouçinq”lə qarşılaşmaq olmur.

 

Ümid edək ki…

Bəli, çox istəyərdik ki, ölkəmizdə fəaliyyət göstərən hər bir qurum, o qurumların hər bir əməkdaşı vətəndaşlarımız üçün xeyirli olsun. Onların bu günü və gələcəyi üçün əlindən gələni etsin. Eləcə də həyat məşqçiləri…

Biz onsuz da yeni dünyanın nizamına sığınıb, köhnə dünyaya çoxdan “əlvida” demişik. Özümüzə güvənməyi də o dünyada qoyub gəlmişik. Potensialımızı, gücümüzü anlamağımız, nəyə qadir olduğumuzu duymağımız da o dünyada qalıb. İndi ta heç kimi silkələyib ayıltmaq olmur ki, ay bala, əsrlərdir bizə biz olmağımızı “kouçinq”lər öyrədib? Belə etsək, bizə gülənlər, hələ rişxənd edənlər, “siz geridə qalmışınız”,- deyənlər də olacaq.

Belə isə böyük bir ümid bəsləyək ki, kiməsə həyatda nəyisə verə biləcək gücü hiss edən insan özünü həyat məşqçisi kimi təqdim etməklə ona güvənən, ona ümid gətirən insana kömək edəcək. Yoxsa, təbii ki, özündə problem olan, öz ailəsini nümunəvi etməyi bacarmayan, həyatda öz mövqeyini tuta bilməyən insan əsl ana, əsl ata, əsl müəllim, əsl insan, eləcə də əsl “yaşam koçu” ola bilməz.

Ümid edək ki, qarşımıza hər dəfə əsl olanlar çıxar… Hələ də yeni dünya nizamı dövründə…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir