Tibb kolleclərindəki peşələrin siyahısında bir yerdə “Müalicə masajı” ixtisasının qarşısında “gözdən əlillər üçün” qeydi yazılıb. Yalnız orada gözdən əlilliyi olan şəxslər bu ixtisas üzrə təhsil ala, “ağ xalat” geyinmək arzularını reallaşdıra bilərlər. Söhbət 1 nömrəli Bakı Tibb Kollecindən gedir. I və II qrup gözdən əlliliyi olan şəxslər burada müalicə masajı ixtisasına yiyələnirlər. Bu qruplarda praktiki dərsləri tədris edən müəllim də II qrup gözdən əlilliyi olan şəxsdir. Həmin qrupda təhsil alanlar, müəllimləri ilə tanış olmaq, öyrəndikləri ixtisasları, gələcək planları ilə bağlı söhbətləşmək üçün kollecə üz tutduq.
Xüsusi təyinatlı dərs otağı
Müalicə masajı ixtisasındakı bütün fənlər bu qruplarda tədris olunur. Bircə fərqi odur ki, dərslər 1-ci mərtəbədədir. Çünki qayda belədir. Qalan heç bir məsələdə digər tələbələrdən ayrılmırlar.
“Xüsusi təyinatlı tədris otağı” yazılan qapıya çatırıq. Dərsin bitməsinə az qaldığı üçün bir müddət parta arxasında oturub dərslərini izləyirik. Mövzu miqren zamanı masaj idi. Nəzəri biliklərlə bağlı müəllim müxtəlif suallar verdi, ardınca da praktik hissəyə keçildi. Çox həvəslidirlər.
“Əlimdə istilik çoxdur”
38 yaşlı Səadət Cəlilova dərsdə ən aktiv tələbələrdən idi. I qrup gözdən əlil olan Səadət deyir ki, əvvəllər başqa bacarıqlar qazanmağa çalışıb, ancaq özünü onlarda tapmayıb: “Müalicə masajı maraqlı gəldi. Oxuduqca daha da sevdim. Təhsilimi bitirəndən sonra rayonumuza – Goranboya qayıdıb orada çalışmaq istəyirəm”. Səadətin sözlərinə görə, masaj etdiyi adamlardan “əlin rahatladıcıdır” rəyi alır: “Yaxınları, ailə üzvlərimi masaj edirəm, sonra fikirlərini öyrənirəm. Əlimdə istilik çoxdur. Bu, bioenerjidir. Bu da masajda yaxşı təsir edir”.
Bir-birinə dayaq olan qrup yoldaşları
Röyal Cavadov görmə qabiliyyətini 18 yaşında itirib. Bu gün isə 32 yaşı var. Deyir ki, əvvəldən ailələrinə məxsus kiçik marketdə işləyib, görmə qabiliyyətini itirəndən sonra da elə davam edib: “Özümə qapanmışdım. Bir dəfə gözdən əlillər üçün müalicəvi masaj təhsili haqqında eşitdim və qərar verdim ki, bu peşəyə yiyələnim. Təhsilə başladıqdan sonra açılışdım. Həm həyata davam etmək üçün motivasiyadır, həm də qazanc sahəsidir. İşimi sevirəm, hörmət edirəm. Burada bizə çox rahatdır. Ətrafımızdakı insanlarla eyni taleyi bölüşürük. Problemlərimizlə zarafat edə-edə təhsil alırıq”.
Dərsdə əgər görmə qabiliyyəti olmayan kimsə lövhəyə çıxırsa, bəzən müəllim, bəzən də elə müəyyən qədər görmə qabiliyyəti olan qrup yoldaşları onun qolundan tutub aparır, sonra yerinə qaytarır.
Röyala bu mövzuda köməklik edən ən çox parta yoldaşı Nahid Babayevdir. Nahid deyir ki, onlar tək qrup yoldaşı deyillər, bir-birlərinə dayaqdırlar: “Nə isə deməyə ehtiyac yoxdur. Bir-birimizi başa düşürük. Mən də çöldə rahat görə bilmirəm. Mənə də kömək edənlər olur. Bu münasibət bizi daha da mehriban edir”.
“Ağ xalat” arzusu
20 yaşlı Rəhman Nəsirov da I qrup gözdən əlliliyi olan şəxsdir. Qardaşının da bu ixtisasda təhsil aldığını, onda da maraq yarandığı üçün bu seçimi etdiyini söyləyir: “Mənə çətin gəlmir, öyrənirəm. Dərslərimiz də maraqlı keçir. Ən çox praktika olan dərsləri sevirəm. Çünki digər dərslərdə öyrənirik, amma bu dərsdə həm öyrənirik, həm də tətbiq edirik”.
39 yaşlı Hicran Balayeva isə II qrup gözdən əlilliyi olan şəxsdir. Hər zaman “ağ xalat” həsədi olub: “Həmişə ağ xalatlıları görəndə elə həsədlə baxırdım. Deyirdim ki, kaş görmə problemim olmazdı, tibb oxuyardım. Belə bir ixtisas olduğunu eşidən kimi imtahan verib gəldim”.
Hicran ilk günlər düşünürmüş ki, öyrənə bilməz: “İlk dərsdə Səbuhi müəllim bizə dərs haqqında danışanda, həyəcanlandım. Düşünürdüm, müəllim nə danışır? Bunu necə öyrənəcəm? Amma indi yaxşı oxuyan tələbələrdən biriyəm”.
“İşimi və tələbələrimi çox sevirəm”
Daha sonra müəllimləri Səbuhi Məmmədov ilə söhbətləşdik. Məsuliyyətli bir işi üzərinə götürdüyünü bilir: “Araşdırdım, 2014-cü ildə belə bir ixtisas təsis olunduğunu öyrəndim. 2017-ci ildə qəbul oldum. Təhsilim dövründə kollecin ictimai həyatında yaxından iştirak edirdim. Tələbə gənclər təşkilatının kollec üzrə sədr müavini oldum. Bu da imkan yaradırdı ki, görmə məhdudluğu olan tələbələrimizi digər ixtisaslarda oxuyan tələbələrlə tez-tez bir araya gətirək. Beləliklə, təhsilimi fərqlənmə diplomu ilə bitirdim. Görmə əlilliyi olan tələbələrlə yaranmış səmimi münasibətimi görüb kollecimizin rəhbərliyi mənə klassik masajın praktik hissəsini tədris etməyi təklif etdi. Sevə-sevə bu təklifi qəbul etdim. İşimi və tələbələrimi çox sevirəm”.
Məzunların əksər hissəsi işlə təmin olunub
S.Məmmədovun sözlərinə görə, masaj görmə əlilliyi olanlar üçün ideal peşədir: “Görmə əlilliyi olan şəxslərin əllərində bioenerji daha çoxdur. Deyirlər ki, onların gözləri əlləridir. Əlləri ilə daha çox duyurlar, daha tez tapırlar. Ona görə masajı görmə əlilliyi olan şəxslər üçün ideal peşə adlandıra bilərik”. S.Məmmədovun sözlərinə görə, məzunların əksər hissəsi işlə təmin olunub.
“Gələcəkdə pasiyentimiz kimi görüşərik”
Dərsin sonu idi, artıq hər kəs sağollaşıb gedirdi. Sona qalan Teymur Pirquliyev dedi ki, klinika açmaq fikri var: “Əvvəllər kollecdə informatika müəllimliyi üzrə oxumuşam. Amma o sahə üzrə birinci qrup əlilliyi olan şəxsin iş tapması bir az çətin oldu. Ona görə müalicə masajı üzrə oxumaq qərarı verdim. Paralel şəkildə İT ilə də məşğulam. Amma bəzi hədəflərim var, onları böyütmək üçün tibb təhsili almaq istədim. Təhsili başa vurandan sonra bu sahədə çalışmasam da, klinika açmaq istəyirəm. Klinika açsam, baş həkimi Röyal olacaq”.
Sonda Röyal sağollaşanda dedi: “İndilik sağ olun. Bəlkə də gələcəkdə pasiyentimiz kimi görüşərik. Xəstələnməyəsiniz, elə istirahət üçün masaja gedəsiniz və orada bizimlə qarşılaşasınız”.
Aygün Asimqızı
Fotolar: Tapdıq Abdullayev