yuxu

Yuxu iflici nədir və necə müalicə olunur?

Baxış sayı: 515

Ən çox görülən yuxu problemlərindən biri olan yuxu iflici xalq arasında kabus adlanır. Bu zaman insanın beyni oyansa da, orqanizmi hələ də yuxu vəziyyətində olur.

Əslində hamımızın iki fərqli həyatı var. Biri dünya həyatı, digəri xəyal həyatıdır. Gecə olan kimi gözlərimizi yumub yuxuya gedirik, tamam başqa bir dünyaya qədəm qoyuruq. Bu zaman beyin və skelet sistemi xüsusi rejimə keçir. Yuxu prosesi uzun illərdir ki, alimlər tərəfindən maraqla öyrənilir. Yuxu iflici çoxunun yaşadığı yuxu problemlərindən biridir.

Əvvəla, qeyd edək ki, yuxu iflici xəstəlik deyil. Ancaq bir xəstəlik səbəbindən və ya müxtəlif xəstəliklər nəticəsində baş verə bilər. Mütəxəssislərin fikrincə , bu yuxu prosesinin təbii mərhələsidir. Yuxu iflicinin ən təhlükəli tərəfi narahatlıq və panikaya səbəb olmasıdır.

 

Kabus və ya yuxu iflici nədir?

Xalq arasında kabus kimi tanınan yuxu iflici, ümumiyyətlə yuxuya getməzdən əvvəl, oyandıqdan dərhal sonra və ya çox tez-tez olmasa da, yuxu arasında yaşanan yuxu problemidir. Yuxu iflici zamanı insanın beyni “rem” yuxusundan oyanır, lakin orqanizm bu vəziyyətlə ayaqlaşa bilmədiyi üçün müvəqqəti iflic olur.

Yuxu iflici ilk dəfə 14-17 yaş arası insanlarda, yəni yeniyetməlik dövründə müşahidə olunur. Çox vaxt 30 yaşa qədər görünə bilər. Tədqiqatlar insanların 5 faizinin müntəzəm, 40 faizinin isə, tez-tez yuxu iflicindən əziyyət çəkdiyini müəyyən edib. Yenidən yuxuya getdiyiniz və ya tamamilə oyandığınız zaman yox olan yuxu iflici bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər.

 

Yuxu iflicinin əlamətləri hansılardır, necə başa düşmək olar?

Hərəkət edə bilməmək, danışa bilməmək, bir şey və ya kimsə tərəfindən itələnmək hissi, otaqda kiminsə varlığını hiss etmək, anlaya bilməmək səbəbindən emosional qarışıqlıq, müxtəlif intensivlikli halüsinasiyalar, nəfəs almaqda çətinlik, ölüm hissi, həddindən artıq tərləmə, skelet əzələsinin müvəqqəti və ya qismən iflici, ümumiyyətlə yatmazdan əvvəl və ya oyandıqdan dərhal sonra baş verən yuxu iflici zamanı yaşanır. Beləliklə, nə hərəkət edə, nə də danışa bilərsiniz, eynilə yuxu kimi, ancaq fikrin aydındır. Bu zaman ən kiçik səs belə əhəmiyyət kəsb edir və insanda narahatlıq yarada bilər.

Semptomlara baxdığımızda yuxu iflicinin pis yuxuda baş verənlərə bənzədiyini görürük. Bir çox insanlar o qədər qısa müddət ərzində yuxu iflici yaşayırlar ki, bunu yuxu kimi unudurlar. Ancaq bəzi insanlarda yuxu iflicinin müddəti uzana bilir. Belə halın tez-tez təkrarlanması insanın psixologiyasına mənfi təsir göstərir.

 

Bəs yuxu iflicinə səbəb nədir?

Arxa üstə yatmaq, düzənsiz yuxu saatları, gün ərzində qısa yuxular, çox yatmaq, stress, ətraf mühit və həyat tərzi dəyişiklikləri, yuxu həbləri, ac yatmaq, ümumi yuxusuzluq problemləri, narkolepsiya, narahatlıq, depressiya, alkoqol istehlakı xalq arasında kabus kimi tanınan yuxu iflicinin ən çox yayılmış səbəbidir. Əslində bütün bu səbəblərə nəzər saldıqda görürük ki, hamısı keyfiyyətli yuxuya mane olan səbəblərdir.

 

Keyfiyyətli yuxu sağlamlığımız üçün şərtdir. Bu keyfiyyəti pozan bütün vəziyyətlər həm də ən çox rast gəlinən yuxu problemi olan yuxu iflicinin əsas səbəbləridir.

Yuxu zamanı beynimiz əzələlərimizə gedən sinirlərdəki cərəyanı dayandıraraq onların stimullaşdırılmasının qarşısını alır. Çünki yuxu zamanı kimdənsə qaçarkən real həyatda qaçmamalıyıq.

Yuxunun ən dərin nöqtəsi olan “rem”yuxusunda bədənimiz tamamilə iflic olur. Müdaxilə edən tək dəyişən səbəbiylə bu iflic vəziyyəti beyin oyandıqdan sonra bir müddət davam edərək yuxu iflici yaradır.

Yuxu iflicinə səbəb olan dəyişən böyük bir şey olmamalıdır. Yeni yastıq, gecə növbəsi, səyahət səbəbiylə saatların dəyişməsi, yuxu rejiminin dəyişməsi, başqa yerdə yatmaq kimi kiçik dəyişənlər belə naməlum bir vəziyyət yaratdığı üçün yuxu problemlərinə və dolayısıyla yuxu iflicinə səbəb ola bilər.

 

Yuxu iflici necə müalicə olunur?

Yuxu iflici xəstəlik və ya sağlam olmayan bir vəziyyət deyil, sadəcə bir problemdir. Ona görə də onu özünüz müalicə edə bilərsiniz. Əvvəlcə yuxu keyfiyyətinizi nəyin aşağı saldığını öyrənməlisiniz. Diaqnoz müalicənin yarısıdır. Sonra bu vəziyyəti, yəni yuxu iflicinə səbəb olanı düzəltməyə çalışmalısınız.

Yuxu iflici və buna bənzər yuxu problemləri üçün ən çox istifadə edilən müalicə üsulu terapiyadır. Meditasiyaya bənzəyən bir metodun tətbiq olunduğu bu müalicələrdə insanın narahatlığından uzaqlaşmasına, diqqətini cəmləməsinə, ən əsası isə əzələlərini rahatlamasına və onlara nəzarət etməsinə kömək etmək üçün nəfəs məşqləri edilir. Çünki bu problemi yaradan vəziyyət artıq əzələlərin iflic olmasıdır.

 

Nə vaxt həkimə getməli?

Yuxu iflici zərərli bir vəziyyət deyil. Odur ki, vaxtaşırı baş verəndə panikaya düşmək və həkimə müraciət etmək lazım deyil. Ancaq bəzən yuxu iflici və buna bənzər vəziyyətlər nevroloji pozğunluqdan qaynaqlana bilər. Əgər tez-tez yuxu ifliciniz varsa, iflicin müddəti uzundursa və həyat keyfiyyətinizə təsir edəcək həddə çatıbsa, ən yaxın səhiyyə qurumuna müraciət etməli və mütəxəssis həkim tərəfindən müayinə olunmalısınız.

Yuxu iflicinin ən böyük təsiri psixolojidir. Bəzən halüsinasiyalar kimi əlamətlərlə gəldiyi üçün insanda böyük bir qorxu yaradır və bir nöqtədən sonra bəzi insanlar sırf belə bir vəziyyətə düşməmək üçün yuxudan qaçmağa başlayırlar. Əgər belə bir vəziyyətlə qarşılaşırsınızsa, ən qısa müddətdə mütəxəssis psixoloqla əlaqə saxlamalısınız.

Yuxu iflici sağlamlığınız üçün zərərli olan xəstəlik və ya vəziyyət deyil. Əslində bəzi mütəxəssislərə görə yuxu prosesi zamanı yaşanan rutin bir vəziyyətdir. Unutmayın ki, yuxu iflicinə müxtəlif xəstəliklər səbəb ola bilər. Eyni zamanda, tez-tez baş verərsə, insanın psixologiyasına mənfi təsir göstərdiyi də bir həqiqətdir. Odur ki, işlər nəzarətdən çıxırsa, bir mütəxəssisə müraciət etmək daha yaxşıdır.

 

İlahin Zaman

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir