Bir müəllim düşünün. Bakıdakı işindən imtina edib, ucqar kənd məktəbinə yollanır. Bəzən soyuq qış aylarında məktəbə gedərkən avtobus xarab olur, dağda qalır, bəzən səhəngdə su daşıyır. Həm biologiya fənnini tədris edir, həm də kənd uşaqlarına təmənnasız ingilis dili öyrədir. Hətta ABŞ-yə qədər gedir, onların dərslərində iştirak edir, “Oscar” mükafatı ilə geri qayıdır. O “Oscar” ki, şagirdlərində gələcəyə ümid yaradır, elmin, dünyagörüşün insanı zirvələrə qaldıracağını sübut edir.
Müsahibimiz Jalə Dənziyevadır. Qış, yay demədən, yaşadığı Sumqayıt şəhərindən səhər 5-də çıxır, Qubanın QamQam kəndinə yollanır. Əslən Lerikdəndir. Sumqayıt Dövlət Universitetində biologiya müəllimliyi üzrə bakalavr və magistr təhsili alıb. Hazırda isə Milli Elmlər Akademiyasında fəlsəfə doktorluğu üzrə təhsilini davam etdirir. 3 il Mərkəzi Nəbatat bağında böyük laborant vəzifəsində işlədikdən sonra müəllimlik fəaliyyətinə başlayır. Lerikdən başlayıb Qubada davam edən həyat yolu onu ABŞ-yə qədər aparır.
“Müəllim olmaq üçün doğulmuşam”
Əslində, həkim atasının peşəsini davam etdirmək üçün çalışıb. Amma biologiya müəllimliyi ixtisasına qəbul olub: “Müəllim olacağımı düşünmürdüm. Bu peşəyə vurğunluğum çalışdıqdan sonra yarandı. İlk qəbul olduğum Yenikənd kənd məktəbi Qubada dəniz səviyyəsindən 1700 metr hündürlükdə idi. Çətinlikləri göz önünə aldım, mübarizə apardım və getdim. Orada işləyəndə anladım ki, müəllim olmaq üçün doğulmuşam”.
Müəllim üçün ən böyük xoşbəxtlik…
Jalə kənddə biologiyanı tədris etməklə kifayətlənməyib, təmənnasız ingilis dili dərsləri də keçib: “Kənddə xarici dil tədris edilmirdi. Bunu öz hesabıma etdim. Hətta danışıq klubları təşkil edir, ingilis dilində ünsiyyət qururduq. Bu kurslardan sonra dilini təkmilləşdirib müxtəlif universitetlərə qəbul olanlar oldu. İndi isə o məktəbdə artıq ingilis dili dərsləri keçirilir. Müəllim üçün ən böyük xoşbəxtlik şagirdlərinin həyatına müsbət mənada toxuna bilməkdir”.
45 dəqiqə nə çoxdur, nə də az…
Həmsöhbətimiz düşünür ki, məktəbin vəzifəsi yüksək qiymət alan şagird yetişdirmək deyil: “Məktəb tək imtahan verib universitetə qəbul olmaq üçün pillə deyil. 45 dəqiqə nə çoxdur, nə də az. Müəllimin ilkin vəzifəsi şagirddə elmi dünyagörüşü formalaşdırmaqdır. Kəndə də, şəhərdə də IQ-sü yüksək olan şagirdlər çoxdur. Cəmiyyətə səriştəli, müəyyən bacarıqlara malik insan yetişdirməliyik. Ola bilər ki, gələcəkdə öyrətdiyim DNT-nin ikiqat zəncirini kimsə yadında saxlamasın, amma onlara verdiyin təbəssümü, istiliyi, həyat dərsini ömürlük yadda saxlayacaqlar. Müəllimin ən ümdə vəzifəsi insan olmaq və insan yetişdirməkdir”.
“Elə bil ki, məni başqa planetə atıblar…”
Müsahibimiz ucqar kənddə müəllim olmağın çətinliklərindən də danışdı. Deyir, orada şagirdlərin sənə daha çox ehtiyacı var: “Elə bil ki, məni bir başqa planetə atıblar və ora həyat verməliyəm. Kənd uşaqları yeniliklərdən kənar düşüblər. Hər şeyə maraqlıdırlar. Xüsusilə də kənardan gələn müəllimdən gözləntiləri çoxdur. Elə bilirlər müəllim başqa dünyadan gəlib və toxunduğu hər şeyi gözəlləşdirəcək. Çətinliklərim çox olub. Dərsə gedəndə kənd avtobusu xarab olub, dağda qalmışam, bəzən səhəngdə su daşımışam. Amma şagirdlərin sevgisi, gözləntiləri bütün çətinliklərə qalib gəlməyi öyrədib”.
Hamısı ona toxunmaq istəyir, şəkil çəkdirirdi
Ucqar dağ kəndində tədris həyatına başlayan müəllim deyir ki, öyrədərək öyrənib. Öyrənmək istəyi onu ABŞ-yə qədər aparıb, hətta “Oscar” qazandırıb: “ADA Universiteti “Bir Müəllimin Manifesti” təhsil proqramını elan etdikdə, müraciət etdim. İngilis dilində bütün müsahibələrdən keçdim və təlimin növbəti mərhələsi üçün ADA Universitetinin Vaşinqton Mərkəzinə getdik. Orada çox maraqlı təlimlərimiz, dərslərimiz olurdu. Sonda hazırladığımız layihə ilə “Ən yaxşı motivasiya” nominasiyası üzrə “Oscar” aldıq. Mükafatı məktəbə gətirdim. Uşaqlar üçün bu, möcüzə kimi görünürdü. Hamısı ona toxunur, şəkil çəkdirirdi”.
“O qığılcımdan olmaq istəyirəm”
Jalə şagirdləri üçün ən böyük motivasiyadır: “Xüsusilə cənub zonasında hələ də qız uşaqlarının təhsil almaması, erkən nikaha məcbur edilməsi ilə bağlı faktlar var. Bununla bağlı layihələrim olacaq. Məsələn, Cəlilabadın bir kəndində işləyən müəllim yoldaşım var idi, deyirdi məktəbdə tək xanım mən idim. Mən ora gedənə qədər müəllimlər kişi olduğu üçün qız uşaqlarını məktəbə qoymurdular. O müəllim qığılcım idi. O qığılcımdan olmaq istəyirəm. Amerika hara, indi yaşadığım Sumqayıt hara, Lerik hara. Mən bunu bacardımsa, onlar da bacaracaq”.
“İnsanı müəyyən edən diplomu deyil, bacarıqlarıdır”
ABŞ məktəblərindəki təhsildən danışan müəllim deyir ki, orada mühit, şagirdlərə yanaşma tam fərqlidir: “Bizdə əsas məqsəd şagirdin yaxşı oxumağıdır. Amma hamı alim, müəllim, həkim olmaq məcburiyyətində deyil. Yaxşı sürücü, bağban da ola bilər. Önəmli olan öyrətdiklərimizdir. İndiki dünyada insanı müəyyən edən diplomu deyil, onun səviyyəsi və bacarıqlarıdır”.
Müsahibimizin sözlərinə görə, rayon və kənd məktəblərində ən narahatedici məqam texnologiya, musiqi, rəsm kimi fənlərə “boş” dərs kimi yanaşılmasıdır: “ABŞ-də musiqi dərsi konsert kimi təşkil olunmuşdu. Ola bilər musiqi kimya kimi insana IQ verməsin, amma onun beyində oyatdığı dalğalar kimya fənnini öyrənməyə kömək edə bilər”.
“Şagirdlər kənddə inkişaf etməyəcəklərini düşünürlər”
Müəllim vurğulayır ki, şagirdlər kənddə inkişaf etməyəcəklərini düşünürlər: “Bəlkə də şərait baxımından bu, belədir, amma intellekt baxımından fərqi yoxdur. Həyatda ən gözəl şans doğru müəllimə rast gəlməkdir. Doğru müəllim şəhər, kənd fərqini qoymadan şagirdin potensialını üzə çıxarandır. Əslində, biz kənddən şəhərə yox, şəhərdən kəndə getməliyik. Şəraitli yerdə yenilik tətbiq etmək çox rahatdır. Şəraitsiz yerdə çətin və dəyərlidir. Təsəvvür edin, havalar isinən kimi şagirdlər məktəbə gələ bilmirlər. Deyirlər, sentyabrda paltar almaq üçün işləyirlər. Kənddə gəzirik, bizə ecazkar görünür, amma içində o qədər problem var ki… Şagirdlər dərsdən sonra ot yığmağa gedirlər. Amma səhər yenə dərsdə şövqlə, enerji ilə, gələcəyə ümidlə otururlar. Hamımız şəhərə qaçsaq, bu uşaqların taleyini kim həll edəcək?…”.
Aygün ƏZİZ