menzil

Cərimə olmadı, amma sığorta da yoxdur

Baxış sayı: 521

Əmlakın icbari sığortası məsələsi yenidən gündəmdədir. Cərimələrin tətbiq ediləcəyi bildirilir. Lakin sənədsiz evlər problemi bu məsələni daha da qəlizləşdirir.

İyunun 1-dən əmlakını sığorta etməyənlərin cərimələnəcəkləri barədə xəbərlər yayılsa da, təsdiqini tapmadı. Vətəndaşların əksəriyyəti isə hələ ki, könüllü şəkildə evlərini sığorta etməyə meyilli deyil. Bəs bu problem necə həll edilməlidir? Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası illik Bakı ərazisində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda 25 min manatdır. Digər yaşayış məntəqələrində bu məbləğ 15 min manat müəyyən olunub.

 

Dövlət bu istiqamətdə yumşaq siyasət yürüdür

Sığorta mütəxəssisi İlkin İbrahimov deyir ki, “İcbari sığorta haqqında” qanun 2011-ci ildən qüvvədədir. Mütəxəssisin sözlərinə görə, qanunla hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir: “Sadə dildə desək, daşınmaz əmlakınız varsa, məcburi şəkildə sığortalamalısınız. Etməsəniz, İnzibati Xətalar Məcəlləsində sanksiya nəzərdə tutulub. Sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əks təqdirdə, bu müddətdən sonra yenidən cərimələnir. Lakin onun tətbiqi üçün inzibati protokolun forması yoxdur. Əgər bizə cərimə tətbiq edirlərsə, mütləq hansısa sənəd əsasında olmalıdır. Hazırda isə o sənədin nümunəsi yoxdur. Bunu da Nazirlər Kabineti təsdiq etməlidir. Yəni, dövlət bu istiqamətdə yumşaq siyasət yürüdür. Hələlik, cərimə tətbiq etməyə lüzum görmür”.

İlk növbədə sənədsiz evlərin taleyi bəlli olmalıdır

Sual olunur, əgər daşınmaz əmlakın icbari sığortası məcburidirsə, İnzibati Xətalar Məcəlləsində sanksiya nəzərdə tutulubsa, cərimə etmək üçün protokol forması nə üçün hazırlanmır? Mütəxəssis vurğulayır ki, bunun səbəbi sənədsiz evlərin çox olmasıdır: “Ölkəmizdə 1 milyona yaxın daşınmaz əmlakın sənədləri yoxdur. Bu məsələ çox həssasdır. Digər tərəfdən, iyunun 1-dən İcbari Sığorta Bürosu bəyan etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti arasında elektron mübadilə həyata keçirilməyə başlayıb. Yəni, İcbari Sığorta Bürosu artıq sığortasız evlərin siyahısını görür. Bu məsələdə bir addım qalır, o da sığorta etməyənləri cərimələmək. Cərimə tətbiq edəcək orqan nə İcbari Sığorta Bürosu, nə Əmlak Xidməti, nə də Mərkəzi Bankdır. Müvafiq yerli icra hakimiyyəti orqanları, yaxud nümayəndəlikləri protokol tərtib etmək səlahiyyətinə malikdirlər. Lakin onlar da hələ ki, gözləyirlər. Çünki sənədli evləri cərimələyib, digərləri haqqında heç bir tədbir görülməməsi ədalətli deyil. Dövlət bunu nəzərə alır. İlk növbədə sənədsiz evlərin taleyi həll olunmalıdır, sonra cərimə məsələsi müəyyənləşməlidir”.

 

Sığorta şirkətlərinə etimad yoxdur

Ekspert deyir ki, iyunun 1-dən cərimələnmənin olacağı haqqında məsələnin gündəmə gətirilməsi manipulyasiya idi: “12 ildir bu məsələlərə görə inzibati protokol yazılmır. Lakin ötən aydan etibarən kütləvi informasiya vasitələrində manipulyasiya mahiyyəti daşıyan çıxışların şahidi olduq. Sığorta şirkətləri sosial şəbəkələrdə insanlara cərimələnəcəkləri ilə bağlı çağırışlar edirdilər. Burada qanunsuzluq yoxdur. Onlar öz üsulları ilə vətəndaşları əmlaklarını sığortalamağa təşviq edirlər. Təəssüflər olsun ki, sığorta şirkətləri vətəndaşlarla öz aralarında etimad yarada bilməyiblər. Ona görə də vətəndaşlar sığorta etməyi düşünmürlər. Şirkətlər də çıxış yolunu cərimədə görürlər. Amma sığorta şirkətləri daha yaxşı formada sığorta kompensasiyaları verməklə, normal xidmət göstərməklə inam qazana bilərdilər. Təəssüf ki, hələ də vətəndaşların incidildiyi məqamlar var”. Sığorta edənlərin narazı qaldığı məqamlar Mütəxəssis deyir ki, vətəndaşları təşviq etmək üçün daha yaxşı ideyalar ortaya qoyulmalıdır: “Məsələn, eviniz sığortalanıb və sığorta hadisəsi baş veribsə, sığorta şirkətinə müraciət edirsiniz. Sənədlərin siyahısı “İcbari sığortalar haqqında” qanunun 17-ci maddəsində qeyd olunub. Amma o siyahıda “digər arayışlar da istənilə bilər” adlı qeyd var. Bu hissədə sığorta şirkəti ürəyi istədiyi qədər vətəndaşdan arayış tələb edə bilər. Bu zaman vətəndaş ödənişini alana qədər get-gələ salınır. Bu məsələnin həll yolu üçün nə Mərkəzi Bank, nə də sığorta şirkətləri normal ideyalar vermirlər. Müştəri qazanmaq üçün ən yaxşı üsul keyfiyyət və xidmətdə razılıqdır”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir