Keçən məqaləmizdə patoloji qısqanclığın tərifi və əlamətləri haqda məlumat verdik. Həmçinin, onun səbələri arasında ilk səbəb kimi özünəinamın olmamasını qeyd etdik. Bu məqaləmizdə də, digər səbəblərə işarə edirik:
Qısqanclığın ikinci səbəbi eqoizmdir, hakimiyyət hissidir. Patoloji qısqanclar bəzən etibar etsə belə eqoistliyindən qısqanır. Bir insan narsistdirsə, heç bir səbəb olmadan qısqanacaq. Çünki istismar etmək istəyir, əzmək istəyir. Əslində bu bir bəhanədir onun üçün. O, bu bəhanənin vasitəsilə qarşı tərəfin sosial əlaqələrini, fəaliyyətlərini məhdudlaşdırmaq və onu özünə bağlı etmək istəyir ki, üzərində rahat şəkildə hökmranlıq edə bilsin.
Qısqanclığın üçüncü səbəbi güvənsizlik hissidir. Qısqanan şəxs burada eqoist deyil, amma güvənməyən insandır. Etibar etməyən şəxsdir. Şübhəçidir. Elə bilir ki hamı ona sədaqətsizlik edəcək. Bu onun yaşadığı acı təcrübələr, ya cəmiyyətin təziqləri, yaxud da onun şəxsiyyət problemindən qaynaqlanır. Belə ki, paranoid şəxsiyyət çatışmazlığında tez-tez bunun şahidi oluruq.
Qısqanclığın dördüncü səbəbi kimi ailə keçmişindəki qısqanclıq nümunələrinin olmasını qeyd edə bilərik. Belə ki, valideynlərdən birinin xəyanətinin şahidi olan uşaqlarda bu ağır travmalarla öz təsirini qoyur. Bu da, onun gələcəkdə patoloji qısqanc olmasına yol açır.
Yaxud da, heç bir xəyanət olmasa belə, valideynlərdən birinin daim digərini xəyanətdə günahlandırması, “sənin atan indi başqa xanımın yanındadır”, “atan digər qadınlara yedirdir qazancını”, yaxud “arvada etibar yoxdur, sənin anan belədir-elədir” kimi heç bir etika çərçivəsinə sığmayan və uşağa deyilməsi qəti qadağan olan bu sözlər, onun ruhunda yaralara və acı xatirələrə yer açır. Burada diqqət etmək lazımdır ki, övladın yanında hətta öz ailənizdə baş verən, ya baş vermək ehtimalı olan qısqanclıq nümunələrindən başqa, kənarda, qohum-əqrəbada, dost-tanışda, qonşuda və cəmiyyətdə olan xəyanət nümunələri haqda danışıldıqda, o yenə də eyni travmanı alacaqdır. Bununla da o, “kişilərə etibar yoxdur”, “qadınlara güvənilməz” -deyə avtomatik düşüncələrə sahib olacaqdır.
Qısqanclığın beşinci səbəbi yaşadığı cəmiyyətdəki sədaqətsizliyi müşahidə etmək və qorxular yaşamaqdan da qaynaqlana bilir. Belə halda insan özü yaşadığı cəmiyyətdəki xəyanətlərin şahidi olmuşdur. Yəni mühit xəyanətlə doludur, etibarsızdır. Belə bir mühit, onun daim ona xəyanət edilməsi ehtimalını yüksək tutacaq, bütün diqqətini baş verə biləcək təhlükəyə yönəldəcəkdir.
Qısqanclığın altıncı səbəbi daim diqqət mərkəzində qalmaq istəyidir. Buna Paterpan sindromu da deyilir. Bəzi insanlar min oyundan çxır ki, diqqət çəlb etsin. Onlar daim diqqət mərkəzində qalmağı sevir. Bütün dava-dalaşı da elə bunun üzərindədir. Diqqət və qayğı acıdır. Belə şəxslər diqqət və qayğıya doyumsuz olduqları üçün qısqanclıqdan sui-istifadə edirlər. Bunlar uşaq qalmış şıltaq insanlardır. Bəzən isə bu xüsusiyyət şəxsiyyət çatışmamazlığı və pozulması səbəbilə baş verir. Bu xüsusiyyət, histiryonik şəxsiyyət problemində özünü daha qabarıq şəkildə biruzə verə bilir. Histiryonik şəxsiyyət çatışmazlığı olan insanlar “mən qeyri-kafiyəm, zəifəm, diqqətəlayiq deyiləm, elə bunun üçün də başqalarını özümə cəlb və onları heyran etməliyəm”-deyə düşünür. Bülə şəxslərin özünüqavrayışları xarici dünyanın onları necə gördüyündən və onları nə dərəcədə qəbul etdiyindən asılıdır. Bu insanlar dramatik və emosionaldırlar, sanki hər an teatr səhnəsində çıxış edirlər. Onlar müsbət təəssürat yaratmağa çox əhəmiyyət verirlər. Təəssürat yaratmaq və diqqəti cəlb etmək onların əsas məqsədləri olduğundan, istədikləri nəticəni əldə etmək üçün müxtəlif yollara əl atırlar. Onlar ən dərin və gərgin emosional münasibətlərə malikdir. Emosional ifadələrin şişirdilmişdir. Gözlənilməz emosional partlayışlar və sevgi, qəzəb partlayışları göstərə bilərlər. Onlar sevildiklərində daimi arxayınlıq axtarırlar. Həm diqqət cəlb etmək, həm də reaksiya olaraq qısqanclıq hisslərini bu tərzdə ifadə edə bilirlər.
Qısqanclığın altıncı səbəbi uşaqlıqda valideynlər ilə, xüsusilə də, ana ilə övladın lazımı emossional və sevgi bağlarının olmaması, sağlam duyğu bağlarına malik olmaması səbəbilə asılı bağlanma stilinə malik olmaqdır. Tək qalmaq, sevilməmək, tərk edilmək qorxusu qısqanclığa gətirib çıxarır.
Qısqanclığın yeddinci səbəbi mədəni və mental fərqliliklərdir. İnsan müəyyən bir mədəniyyətdə, cəmiyyətdə, ailə tərbiyə metodundan var olan mentalitetdən asılı olaraq qısqanc xüsusiyyətli ola bilir.
Qısqanclığın səkkizinci səbəbi təhsil səviyyəsinin və dünyagörüşün azlığıdır. İnsanların bir-birinə nəzakət göstərməsi, iltifat etməsini qısqanan, onu sevgi və xəyanətlə səhv salan şəxslər, qısqanclıq göstərirlər.
Qısqanclığın doqquzuncu səbəbi qarşı tərəfin çox gözəl, yaxud çox məşhur olmasından yaranan itirmə qorxusudur. Bu onun gözəlliyi, məşhurluğu qarşısında əzilmə hissindən də qaynaqlanır.
Qısqanclığın onuncu səbəbi çevrənin yaratdığı ima və təlqinindən ortaya çıxan itirmə qorxusunu qeyd edə bilərik. İnsanın ətrafı dostları, yaxınları, filmlər, seriallar, sosial media və sair ona təlqin edir ki, sənin həyat yoldaşının səni aldatma ehtimalı vardır və sən daim ehtiyatlı olmalısan.
Qısqanclığın on birinci səbəbi cütlüklərdən birinin yaratdığı şəraitdən qaynaqlanır. Qarşı tərəfin özünün qısqanclıqla bağlı etdiyi yersiz, şit və mənasız zarafatlar, bilərəkdən etdiyi şübhəli hərəkətlərlə ortaya qoyduğu qısqanclıq hissi sonunda bir problemə çevrilə bilir.
Qısqanclığın on ikinci səbəbi həqiqi səbəb də ola bilər. Yəni, qarşı tərəf həqiqətən də sizi aldadır. Yaxud aldatmaya meyilli insandır.
Qısqanclığın on üçüncü səbəbi bəzi hallarda genetik xüsusiyyətlərdən də qaynaqlana bilməsidir. Amma bu o həddə deyil ki, sizi patoloji formaya çatdırsın. Xamırın mayasında duzluluq ola bilər, amma siz onu yoğura-yoğura tənzimləyə bilərsiniz. Genetik dedikdə qısqanclığa uyğun xüsusiyyətlərə malik olan insanlar nəzərdə tutulur.
Qısqanclığın on dördüncü səbəbi insanın düşüncə xətalarından qaynaqlanmasıdır. Bu haqda cütlüklərarası CBT əsaslı davranış qaydaları haqda olan silsilə məqalələrimizə müraciət edə bilərsiniz.
Buraya qədər qısqanclığın bir çox səbəblərini qeyd etdik. Əlbəttə bu siyahini uzatmaq da mümkündür, amma məncə hələlik bu qədər kifayətdir. Gələn məqaləmizdə qısqanclıqla mübarizə yolları haqda məlumat verəcəyik.
ARDI VAR….
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Peşəkar ailə müşaviri, Həyat koçu