ders

Birinci repetitorluğu, yoxsa tamahı azaldaq?

Baxış sayı: 498

Bu gün müasir təhsilimizin uğurlarını repetitorsuz təsəvvür etmək mümkün deyil. Xatırlayırsınızsa, uşaqları lap əvvəllər 11-ci sinifdə repetitor yanına göndərirdik. Sonra dedik, yox, qoy uşaq daha da yaxşı hazırlaşsın, 10-cu sinifdən göndərdik. Yəni bunu repetitorlar da məsləhət bildilər ki, ən yaxşı hazırlıq 10-cu sinifdən başlayır. Daha sonra dedik ki, bəs bu uşaq 9-cu sinfin buraxılış imtahanlarını necə verəcək? Yaxşısı budur ki, elə 9-dan göndərək, getsin bir şey öyrənsin ki, imtahandan keçsin, sinifdə qalmasın.

Lap daha sonralar isə başladıq elə uşaq birinci sinfə gedəndən onu repetitor yanına göndərməyə. Bunun bir neçə səbəbi oldu. Birincisi, valideyn tənbəllik etdi, dedi, əşi əziyyət çəkincə, pulumu verərəm, öyrədərlər də. Beləliklə uşaqlar birinci sinifdən repetitor yanına göndərildi. Onlar da nə etdilər? Uşağın ev tapşırıqlarının həlli ilə məşğul oldular. İkincisi isə əksər valideyn kurikulumdan baş çıxarıb uşaqla məşğul ola bilmədi. Doğru demirəmsə, deyin ki, kəs səsini, yalnış danışırsan. Xüsusilə də 3-cü sinifdən sonra əksər valideyn etiraf edir ki, heç nə anlamırıq. Belə olanda isə uşağı göndərdik repetitor yanına ki, gündəlik misal-məsələsi, çalışması ilə məşğul olsun, sabah sinif müəllimi zəng vurub deməsin ki, bu nə gündə uşaqdır məktəbə göndərmisiniz.

Beləliklə, birinci sinifdən ta on birinci sinfə kimi uşaqlar repetitor yanına getməli oldular. Bunu görən müəllimlər nə etdilər? Dövlətdən əməkhaqqı qarşılığındakı dərs saatlarından sərbəst şəkildə istifadə etməyə başladılar. Görəndə ki, yeni dərsi izah etməyə vaxt çatmadı və yaxud da həvəs olmadı, dedilər ki, uşaqlar bugünkü dərsimizi hazırlıqda izah edəcəyəm. Çünki sinifdəki uşaqların hamısı onun yanına hazırlığa gedir.

ders

Hə, əsas məsələlərdən biri, az qalsın, yadımdan çıxmışdı. Məktəblərimizdə elə ki, repetitorluğun təməli qoyuldu, başqa bir problem də ortaya çıxdı. Deməli, biz valideynlər axtarıb-arayıb elə müəllimlər tapmağa çalışırdıq ki, uşaqlarımıza dərs verən fənn müəllimlərindən daha savadlı olsun. Əks halda onsuz da sinifdə yaxşı-pis dərs keçirilirdi də. Nəyimizə lazım idi ki, üstəlik pul da verib müəllim tutaq. Bunun belə olduğunu görən müəllimlər nə etdilər? Uşaqları sinifdə sıxışdırmağa, qiymətini kəsməyə, dərsə qaldırmamağa başladılar. Səbəb? Səbəb bu oldu ki, sən nə üçün mənim yanıma deyil, başqa müəllimin yanına hazırlığa gedirsən. Bütün günü məktəbdə əziyyətinizi mən çəkim, siz də ayrı müəllimin yanına gedəsiniz?..

Belə olanda biçarə valideyn nə etsin? Nə edəcək, uşaqları aşağı siniflərdə hələlik elə sinif müəllimlərinin yanına hazırlığa göndərdilər. Düşündülər ki, hələ qarşıda uzun illər var. Yuxarı siniflərdə yaxşı müəllim tapıb, göndərərək.

Ekspert vurğulayır ki, əgər bu iş düzgün tənzimlənərsə, repetitorluq yüzdə əlli azalar: dediyim kimi, məhz o dərslərə məktəbin təcrübəli müəllimləri girərsə. Əslində, 12 illik təhsil sisteminə keçid bunun daha sistemli təşkili deməkdir, əgər bu keçid belə çətindirsə, o zaman ən yaxşı yol budur. Çünki 10-11-ci siniflərdə əksər fənnin proqramı yenidir, təkrar son aylara düşür ki, heç bir müəllim ona verilən dərs saatına görə 5-11-ci sinif proqramını yetişdirə bilməz!

Bəli, çox gözəl və qiymətli təklifdir. Çünki son illərin ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin keçilməyən dərslərin sual kimi salınmasından gileyləndiklərinin şahidiyik. Builki qəbil imtahanlarının birinci mərhələsində də qulağımıza bununla bağlı xeyli söz-söhbət gəldi. Maraqlıdır, keçilməyən dərs qəbul imtahanlarına necə salına bilir? Həqiqətən çox maraqlıdır. Hələ də cavabsız qalan bu sualın nə zaman cavablandırılacağı isə bundan da maraqlıdır.

Nə isə, qayıdaq söhbətimizə. Deməli, ekspertin təklifi qəbul olunarsa, çox yaxşı olar, bunu qeyd etdik. Ən azından uşaqların “yükü” azalar. Ancaq repetitorluğun azalması məsələsi, şübhə altındadır. Çünki uzun illərdən bəridir ki, bu məsələ təhsil sistemində elə dərin kök salmışdır ki, bu köklərdən xilas olmaq elə də asan başa gələ bilməz.

İnsafən qeyd edək ki, savadlı, eyni zamanda mənimsətmə bacarığı olan repetitor müəllimlərimiz var. Onlar arasında vicdanlılarına da rast gəlməmiş deyilik. Məsələn, imkansız bir uşaqdan təhsil haqqı almayan müəllim də tanımışıq. İki-üç ayla təhsil haqqını gecikdirən valideyni tələsdirməyənini də görmüşük. Yaxşı oxuyan bir neçə uşaqdan təhsil haqqı almayanlar da var onlar arasında.

ders

Lakin əksər müəllimlər də repetitorluqdan yalnız qazanc məqsədi güdürlər və məhz elə bunun üçün hazırlıq keçirlər. Hazırlıq keçməyə qabiliyyətləri olsa da, olmasa da. Bu səbəbdən də onların belə asanlıqla repetitorluqdan əl götürəcəyinə inanmaq da asan deyil. Nəyin bahasına olursa olsun, bir vasitə ilə yenə də əvvəlki yolla gedəcək və qazanc əldə etməyə çalışacaqlar. Çünki bəzi müəllimlər üçün qazanc məktəbdə bir şagirdə bir misalı başa salmaqdan vacibdir.

Belə olan halda ekspertin təklifi ilə yanaşı, başqa bir mexanizm də tətbiq olunmalıdır ki, repetitorluğun azalmasına yardım etsin. Bu, məsələn, yalnız xüsusi imtahanlardan keçən müəllimlərin repetitor kimi fəaliyyət göstərməsinin mümkünlüyü də ola bilər, bəzi qadağalar da. Əks təqdirdə isə, yaşayarıq, görərik ki, tamah azalmadan repetitorluq necə azala bilər. Bu günün prizmasından baxanda, görünmür, bəlkə sabahın prizması ilə baxaq. Sabaha isə hələ xeyli var…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir