İntihar bəlkə də, hər kəsin təəssüf hissi keçirdiyi, ürək yandırdığı, amma ciddiliyinə varmadığı bir faktordur. Məncə, intihar təkcə fərdin seçimi deyil, çevrənin, bəzən də cəmiyyətin diktəsidir. “Sən bizdən deyilsən”, “sən buraya aid deyilsən”, “sən istənməyənsən”, “sən artıqsan” kimi təlqinlərin nəticəsidir. Hər-halda, mən intiharı “saralmamış yarpağın budaqdan qopması”na bənzədirəm.
Adlerə görə intihar bir növ qisas aktıdır. İnsanlara günahkar hiss etdirmək üçün intihar edilir. İntihar həm də, itirilmiş dəyəri geri qaytarmaq üçün bir vasitədir. Həmçinin, intiharı bir ünsiyyət vasitəsi kimi də tanımlamaq mümkündür. Amma Adlerə görə ən əsası insan özündən qisas alır və acıq çıxır intihar edərək…
Freid intiharın bir növ təcavüzkarlıq prinsipi kimi dəyərləndirir. Freyd insan şəxsiyyətinin üç təbəqədən təşkil tapdığını, id, eqo və super eqodan ibarət olduğunu önə sürərək, intiharın bunlar arasındakı şüurun xaricində ba verən qarşıdurmanın nəticəsi olaraq görür. Onun fikrincə, insan şəxsiyyəti bu üç elementin birlikdə və nizam içində fəaliyyət göstərməsilə var olur. Amma bunların arasında qarşıdurma olarsa, yəni bir tərəfdən id-in tələbləri, digər tərəfdən super eqonun istəkləri ziddiyyət daşıyarsa, insanda daxili çaxnaşma yaranacaqdır. İnsanın buna yanaşma tərzi normal olarsa, qarşıdurma şüurda baş verəcəkdir, amma normal deyilsə, travma almış və zərbə görmüşsə, yaxud təziq altındadırsa, qarşıdurma şüurxaricində baş verəcəkdir. Bu, o deməkdir ki, vəziyyət eqonun nəzarətindən çıxmışdır. Çünki təhlükə gerçək bir maneədən gəldiyi zaman, insan aqressiv qüvvələrini bu təhlükəyə qarşı çevirir, ya da ondan qaçır. Ancaq müdafiə mümkünsüzsə və ağrıdan xilas olmanın başqa bir yolu olmadığını görəndə bilərək və istəyərək özünü öldürə də bilir. Bir təhlükə qarşısında bütün canlılar kimi, insanın da edəcəyi şey özünü qorumaq ya da təhlükədən qaçmaqdır. Bu qaçma iki şəkildə olur: biri təhlükədən uzaqlaşaraq qaçmaq, yaxud onu uzaqlaşdırmaq, digəri isə özünü təhlükənin içinə ataraq, yox etmək. Psixoloji təziq altında olan bir adam isə təhlükəni açıqca görə və şərh edə bilmir. İki zidd qütb arasında tərəddüd edir və zidd istəklər arasında istəmədiyinə doğru yönəlir. Beləcə ölüm, yəni intihar meydana gəlir. Ölüm qorxusundan əzab çəkən və çarəsiz xəstəliklərə tutulanların,bu qorxudan xilas olmaq üçün özlərini öldürdükləri kimi…
Menningerə görə intiharın üç komponenti vardır və bunların hamısı hər intihar hadisəsində dəyişən nisbətlərdə yer alır:
1) Öldürmək istəmək: Hücum,günahlandırma,ayıblama,məhv etmə.
2) Öldürülmüş olmağı istəmək:İtaət,mazoxizm,özünü ayıblama,özünü günahlandırma.
3) Ölmək İstəmək:Ümidsizlik, qorxu, dəyərsizlik, yorğunluq.
Menningerin fikrincə, intihardan əvvəl insanda öldürmə istəkləri meydana çıxır. İntihar edən adam bu istəkləri açıqlıqla özünə qarşı çevirib, özünü öldürməyə çalışır. İkinci mərhələdə, öldürülmə istəyi gəlir. Lakin əsl məsələ isə ölümü istəməkdir, ancaq o zaman adam intiharı həyata keçirə bilir.
Menningerə görə yaşın irəliləməsiylə öldürmək istəmək və öldürülmüş olmaq istəmək azalır, ölmək istəmək isə artır. Gənc yaşlarında intihar cəhdlərinin əksəriyyətinə diqqət yönəldən Menningerə görə, onlar həqiqətən ölmək istəmirlər.Bunlarda əhəmiyyətli olan faktor insanlararası əlaqələrdir. Onlar öldürə bilmədikləri üçün ölürlər.
Hər-halda, bunlar məsələnin elmi nəzəriyyələr və araşdırmalar üzərində əsaslandırılmış tərəfləridir. Amma bir reallıq da vardır: İntiharı beynin özünümüdafiəsi kimi də qiymətləndirmək olar. İntihar insanın dəyərsiz hiss etməsi və ümidsizliyindən qaynaqlanır. Dəyərsizlik… Ümidsizlik… Bu insan övladının son qalasının da yıxılması deməkdir.
Sizə bunun nə olduğunu maraqlı bir elmi təcrübəni qısaca qeyd etməklə izah edim: Amerikalı psixobioloq Dr. Kurt Rixter 1957-ci ildə Con Hopkins Universitetindəki laboratoriyasında köməkçiləri ilə maraqlı təcrübə üzərində işləyirdi. Təcrübənin məqsədi suyun temperaturunun dəyişməsinin canlıların bədən müqavimətinə təsirini ölçmək idi. O, təcrübə üçün bir dəstə siçanı dırmaşmaq və qaçmaq üçün çox uzun olan şüşə borulara yerləşdirilib və onların su üzərində nə qədər üzə bildikləri ölçməyi qərara aldı.
Təcrübəyə məruz qalan siçanların suda qalma müddəti araşdırıldığında, Dr.Rixterin diqqətini çəkən qəribə bir vəziyyət ortaya çıxdı. Siçanlar iki qrupa bölündü. Birinci qrupdakı siçanlar qəfəslərindən çıxarılan kimi su ilə dolu borulara atıldı. Bu siçanlar təxminən on beş dəqiqə suda qalmağa çalışdıqdan sonra təslim olub və suya batdılar. İkinci qrupdakı siçanları isə qəfəslərindən çıxardıqdan sonra, əvvəlcə böyük bir qutuya bir yerə yığdılar və sonra su ilə dolu borulara atdılar. Siçanlar 5 dəqiqə borularda qaldı və sonra çıxarılaraq yenidən qutuya qoyuldu. Burada bir müddət gözlədikdən sonra yenidən borulara atıldılar. Bu proses bir neçə dəfə təkrar edildikdən sonra sonuncu dəfə borulara atıldı və artıq sudan çıxarılmadı. Maraqlı bu idi ki, bu siçanlar altmış saat bütün gücləri ilə su ilə mübarizə apardılar və yalnız bütün güclərini tükəndikdən sonra suya batdılar.
Təcrübənin nəticələri son dərəcə maraqlı idi. Sonda qəfəslərindən çıxarıldıqdan sonra dərhal suya atılan birinci qrup siçanların əksəriyyəti ən çox on beş dəqiqə sağ qala bilmiş, qəfəslərindən çıxarıldıqdan dərhal sonra suya atılmayan, qutuda saxlanılan, daha sonra atıldıqları sudan çıxarılan yenidən qutuya qoyub, təzədən suya atılan və bu proses bir neçə dəfə təkrarlandıqdan sonra tamamilə suda qalan siçanlar hamısı maksimum altmış saatlıq rekorda çatmağı bacarmışdı. Bu siçanların heç biri təslim olmadı və bütün güclərini tükənənə qədər su üzərində saatlarla mübarizə apardılar.
Dr. Rixter bu təcrübəni dəfələrlə təkrarlasa da, həmişə eyni nəticə ortaya çıxdı.Təcrübənin böyük bir aydınlıqla ortaya qoyduğu həqiqət budur. Birinci qrupdakı siçanlar suya atıldıqdan sonra çıxmaq ümidi qalmadığı üçün tez vaz keçdilər. İkinci qrup siçanlar isə əvvəllər bir neçə dəfə sudan xilas olma təcrübəsinə malik olduqları üçün yenidən xilas olacaqlarına ümid edərək, sona qədər müqavimət göstərdilər. Bir sözlə, var gücləri ilə mübarizə aparmalarının əsas amili ümid idi.
Bu təcrübə bizə çox şeyi izah edir. Qarşılaşdığımız çətinliklər və maneələr qarşısında bu neqativ şərtlərin dəyişəcəyinə ümid bəsləyiriksə, uğur nisbətimiz də artacaqdırvə bütün gücümüzdən istifadə edərək mübarizə əzmimiz də daim var olacaqdır. Amma çətinlikləri, maneələri heç bir zaman aşa bilməyəcəyimizi düşünsək və bizi əhatə edən pis şərtlərin heç vaxt düzəlməyəcəyinə inansaq, qısa zamanda təslim olub, özünü suyun dibinə ataraq təslim olan siçanlar kimi həyatımızı itirəcəyik.
Qeyd etdiyim kimi, insanı yaşadan ümidvar olmaq və dəyərli hiss etməkdir. Əgər lazım olan dəyəri ailəmizdən, çevrəmizdən, cəmiyyətdən almasaq, dəyərsizlik boşluğu ilə üzləşmiş olacağıq.
Əslində, empatiyadan uzaq, laqeydliyin, sevgisizliyin zülmətidir intihar. Yorğunluq, ümidsizlik, dəyərsizliklə mənası solmuş həyatın sonudur. Nə bu zülmətin içində olma, nə də kiminsə zülmətində payın olmasın…
ARDI VAR…
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Peşəkar ailə müşaviri, Həyat koçu
Hormetli ustadım Allahın salamı olsun sizlərə her zaman var olasız təşəkkür edirəm sizlərə nə yaxşıki siz varsınız sızı tanımışam.Allah qorusun sizləri ailənizi yerin göyün belasindan Amin 🤲🏻 ilahi amin 🤲🏻🤲🏻
Dəyərli Şəhid Anası, çox hörmətli Təranə xanım. Allah razı olsun. Allah igid Şəhidimiz Pərviz Məmmədliyə rəhmət etsin. Çox təşəkkür edirəm, diqqət və qayğınıza görə.