qohum evliliyi

Qızı qohuma verəndə… – ARAŞDIRMA

Baxış sayı: 566

Qohum nikahlar bir-biri ilə qohumluq əlaqəsi olan insanların ailə qurmasına verilən addır. Evlənən və nəsil verən şəxslər arasında valideyn-övlad əlaqəsi varsa, gələcək nəsildə xəstəlik ehtimalı büyükdür.

 

Xəstəliyi dəvət edən insanlar

Təkamül prosesindən az-çox anlayışımız olduqda “qohumluq” anlayışını analiz edirik və anlayırıq ki, yer üzündəki bütün insanlar əslində bir-biri ilə qohumdur, sadəcə, yaxınlıq və uzaqlıq dərəcələri, nəsil mərhələləri vacibdir. Qohum nikahı anlayışı yaxın qan qohumluğu olan və ortaq nəsildən olan şəxslər arasında qohumluq əlaqəsi deməkdir.

İnsanlar öz əmisi oğlu, bibisi qızı, dayısı oğlu, xalası qızı ilə evlənmənin gələcək uşaqları üçün zərərli ola biləcəyini başa düşməzdən əvvəl, genetikanın nə olduğunu, ailələrdə xəstəliklərin necə baş verdiyini başa düşməlidirlər. Əslində, qohum evliliklərinin özü də bu genetik pozğunluqların əsas səbəbi deyil, daha çox təkan verən, xəstəliyi qıcıqlandırıb oyadan amildir. Xəstəliyi resessiv şəkildə daşıyan iki fərd ayrı-ayrılıqda nikaha girsə belə, onların uşağının bu xəstəliyə tutulma ehtimalı 25% civarında olacaq.

Lakin eyni nəsil daxilində qohum nikahlarının artması və bu qohumların övladlarının çoxluğu xəstəliklərin inkişaf riskinin artmasına səbəb olur. Bu resessiv genlərin daha tez-tez birləşməsi anadangəlmə qüsurların və ölümlərin əsas səbəbidir. Genetik problemlərin əhəmiyyətini də belə başa düşə bilərik: qadınların 50%-i normal hamiləlik yaşaya biləcək orqanizmə sahib olmalarına baxmayaraq, bunu yaşaya bilmir, çünki qohum nikahındadır, onların doğulmamış uşaqları resessiv olan genetik anormallıqlar səbəbindən ya anomaliya ilə doğulur, ya da hamiləlik yarıda pozulur.

 

Ata-anadan aldığımız genlər eyni olarsa…

İnsanlarda 22 cüt autosom və ya cinsiyyət xromosomu və 1 cüt cinsi xromosom (oğlanlarda XY, qızlarda XX) var. Doğulmamış uşaq genini hər iki valideyndən, yarısını atadan, digər yarısını isə anadan alır. Fərdlər arasındakı fərqlərin səbəbləri daha çox hüceyrələrdə mayoz prosesi zamanı genlərin rekombinasiyası ilə bağlıdır. Bundan əlavə, mutasiya halları və müstəqil variasiyalar da bir insanı digərindən fərqləndirən genetik dəyişikliklərə səbəb olur.

Bu nə deməkdir? Bəzi genlərimiz tərəfindən kodlaşdırılan fiziki, fizioloji və ya davranış xüsusiyyətlərimizin düzgün işləməsi üçün hər iki valideynimizdən aldığımız genin normal işləməsi şərtdir. Bizi kodlayan genlərdən yalnız biri işləsə belə, ona tabe göstəricilərimiz normal inkişaf edə və və orqanizmimiz işləyə bilər. Lakin aldığımız 2 qüsurlu gen olduqda genetik xəstəliklər baş verir. Yəni, əgər tərəflər qohum olmasa idi, əgər ikisindən birinin genində problem olsa idi belə, dünyaya gələcək uşaqların orqanizmi çox zərər görməzdi. Lakin tərəflər qohumdur və eyni xəstə geni daşıyırlar və dünyaya gələcək övladlarına eyni geni ötürürlər, bu zaman mutasiya problemləri yaranır. “Autosomal resessiv” genetik xəstəliyi olan bir şəxsin bu xəstəliyi daşımasının səbəbi hər iki valideynindən zərərli mutasiyaya malik eyni geni miras alması deməkdir.

qohum evliliyi

Qohum evlilikdə nəsilartırma riski

Qohum evliliklərinin nəsil davamlılığı risk altında olur. Əgər ailədə qohum nikahı olmayıbsa və ilk qohum nikahı gerçəkləşirsə onların anadangəlmə qüsurlu uşaqlarının doğulma nisbəti 3%-dən 4-5%-ə qədər artır. Ölüm göstəriciləri qohum nikahı olmayanlara nisbətən 3,5-4,4% yüksəkdir. Lakin ailə daxilində qohum nikahlarının tezliyi və sayı artdıqca bu faizlər də artır.

Məsələn, əmiuşağı, xalauşağı, bibi-dayı uşaqları evliliklərinin nisbətinin 50%-i keçdiyi düşünülən Pakistanda bu nikahlardan doğulan uşaqların ölüm nisbəti 7,9% təşkil edir. Qohum evliliyi olmayan ailələrdə doğulan uşaqlarda bu ölüm nisbəti təxminən 5,1% təşkil edir. İkiqat birinci dərəcəli qohum nikahından doğulan uşaqlarda ölüm səbəblərinin 41,2%-i resessiv genlərlə bağlıdır. Yəni qohum nikahından doğulan uşaqlar da böyüyüb qohumla nikaha girirsə bu təhlükə 41 faizi ötür. Bu nisbət qohum evliliyi nəticəsində doğulan pakistanlı uşağın digər uşaqlara nisbətən resessiv genlərin yaratdığı genetik xəstəliyə tutulma riskini 13 dəfə artırır.

Qan qohumları olan şəxslərin eyni resessiv xəstəliklərin səssiz daşıyıcısı olma ehtimalı daha yüksəkdir, çünki onlar eyni nəsildən gəlirlər və oxşar genləri miras alıblar. Buna görə də qohum evliliyindən doğulan uşaqlarda “autosomal resessiv” genetik xəstəliklər riski daha yüksəkdir. Valideynlər arasındakı qohumluq əlaqə dərəcəsi nə qədər yaxın olarsa, uşağın eyni genləri alma ehtimalı bir o qədər çox olar. Bu, doğulmamış uşaqda resessiv genlər vasitəsilə miras qalan xəstəliklərin daha çox yayılmasına səbəb olur.

 

Ölkəmizdə qohum nikahları təhlükəli həddədir

Azərbaycanda qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir. Bu xəstəliklər arasında beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması daha çox yayılıb. Çünki ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum nikahıdır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı da talassemiyadır.

Dünyada da qohum nikahların sayı getdikcə artır. Dünya üzrə bağlanan nikahların 20 faizi qohumluq əlaqələri olan nikahlardır. Faiz nisbəti ilə götürsək hər il dünyada doğulan körpələrin 8.5 faizi qohum nikahlarından doğulan körpələrdir. Azərbaycan kimi qohum nikahlara üstünlük verən ölkələrdə fiziki qüsurlu uşaqların doğulma tezliyi də sıx-sıx rastlanır. Qohum nikahlarına görə dünya ölkələri arasında liderlik edən ölkələr C. Hindistan, Misir və Türkiyədir.

 

 

Niyə qohuma qız verib, qız alırlar?

Ölkəmizdə qohum nikahları bir çox səbəbdən bağlanır. Birinci səbəbi qohumdan qız almaqla evdə sabitliyi qorumaqdır. Belə düşünülür ki, əgər qohumdan qız alınsa evdə qayınana-gəlin konfilikti olmaz. İkinci səbəbi odur ki, qohumla qohum olanda toy və nişan qiymətlərində güzəşt olunur. Qohumdan alınan qız bahalı kürk istəməyə, brilliant qaşlı boyunbağı istəməyə utanır. Qızın ailəsi oğlan tərəfin daha dəbdəbəli toy etməsini tələb etmir, oğlan evi daha cah-cəlallı cehiz istəmir, çünki arada qohumluq var, çəkinirlər. Üçüncü bir səbəb də odur ki, tərəflər qohumluq əlaqələrinin daha da möhkəmlənməsi üçün qohum nikaha üstünlük verirlər.

Problem o qədər böyükdür ki, həlli haradasa mümkün deyil. Çünki insanlar qohum nikahların fəsadları barədə məlumatlı deyil, xəbərdarlıqlara məhəl qoymurlar. Azərbaycanda 500 min əlil insandan 200 min nəfəri məhz qohum nikahlarından doğulanlardır. Bu insanların günahı nədir? Savadsız valideynin cəzasını körpələri çəkir. Qohum nikahlar bacı-qardaş evliliyi hesab edilir. Çünki onlar eyni genin daşıyıcılarıdır. İrsi xəstəliklər də məhz bu qohum nikahlarından sonra inkişaf edir.

qohum evliliyi

Nə etməli?

Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməsə bizim ölkədə də vəziyyət kritik olacaq. AR Ailə Məcəlləsi maddə 12-də bildirilir ki, qohum nikahları ölkəmizdə qadağandır. Amma orada yaxın qohumlar – valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar nəzərdə tutulur. Yaxşı olar ki, bu siyahıya əmi, bibi, xala və dayıuşaqlarını da əlavə etsinlər.

Ölkəmizdə böyük Talessemiya Mərkəzi tikilib, çünki talessemiya ağır irsi qan xəstəliyidir. Əgər qohum nikahı bağlayan hər iki fərdin bu isri xəstəliyi varsa xəstəlik onların uşaqlarında özünü büruzə verir. Ailələr var ki, 3 uşağı var, üçü də talessemiya xəstəsidir. Çünki qohum nikahdır. Yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlar genetik xəstə olurlar. Əgər əvvəllər də eyni nəsildə yaxın qohumlar arasında nikahlar bağlanıbsa, uşağın xəstə doğulması riski daha da artır. Beləliklə nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir.

Qohum nikahları çoxdan qadağan etmək lazım idi, hələ də qadağan deyil. Nə qədər ki, ölkədə doğulan bütün uşaqların hamısı ya fiziki, ya əqli qüsurla doğulmayıb, bu problemi həll eləmək lazımdır. Etiraza birinci siz başlayın, qohuma qız verməyin!

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir