Bir ilahiyyatçımız deyib ki, gərək ginekoloji və estetik əməliyyatlar aparan həkimlər qadın xəstələri ilə siğə elətdirib, sonra onlara toxunsunlar.
Bundan 2 gün öncə də dövlət qurumlarından biri bəyan etdi ki, ölkəmizdə halal dərmanlar satışa buraxılacaq.
Guya bu boyda məmləkətddə hər işimiz o qədər səhih, dürüst, halal idi, qalmışdı bir bu iki məsələ. Belə yerdə deyirlər: Vardı hər yarağımız, çatmır saqqal darağımız…
Halal sertifikat nədir? Bu Müsəlman İdarəsi tərəfindən istehsalçıya verilən qida və qida əlavələrinin tərkibində donuz əti və spirtin olmamasına dair sertifikatdır. Bəs niyə bizdə dərmana aid halal termini istifadə edilməlidir? Axı dərman qida deyil. Ümumiyyətlə tibb dünyasını da spirt olmadan təsəvvür etmək mümkün deyil. Halalla haram bu məsələdə necə sintez olunmasın?
Doktor Müşfiq Hüseynov halal dərmanlarla bağlı Lent.az-a verdiyi açıqlamada bildirib ki, halal dərmanlarla bağlı verilən qərar müsəlmanlar tərəfindən məntiqli görünsə də mənasızdır:
“Çünki, tibb sahəsində istifadə olunan kapsulların tərkibində mal və donuz bağırsağından istifadə olunur. Dərmanda halal sertifikatı o deməkdir ki, kapsul formalı dərmanların kapsulunun istehsalında donuz bağırsağından istifadə olunmayıb. Lakin indi dünyada veqan kapsullardan istifadəyə üstünlük verilir. Çünki halal tələbi qoyulanda məcburən kapsulun tərkibinə “silikon dioxide” adlanan kimyəvi maddə qatılır. Bu maddə son illər kanserogen sayılır və hətta Rusiyada belə istifadəsinə qadağa qoyulub. Vegan kapsullar isə bitkidən hazırlanır. Yəni, halalla haramla əlaqəsi yoxdur”.
O ki qaldı ilahiyyatçımızın açıqlamasına, onun istəyinə əsasən ölkədə hər kişi həkimin Allah bilir neçə siğəsi, neçə talağı (boşanması) olmalıdır. O cümlədən də həkimlərə çox gedən qadınların. Hörmətli ilahiyyatçımız yəqin yaxşı bilir ki, siğə müvəqqəti nikah sayılsa da, hətta o oxunarkən belə kişi qadına müəyyən məbləğdə mehr verməlidir. Yəni belə çıxır ki, qadın həkimə pul vermək əvəzinə həkim xəstəsinə pul verəcək?
Siğənin operativ şəkildə kəsilməsi üçün hər xəstəxanada doktor ştatının yanında bir də molla ştatı açılmalıdı? Xəstə əməliyyatdan sağ çıxarsa kəbini qüvvədən salmaq üçün talaq oxuyar, ölü çıxarsa adi dua ilə o biri dünyaya yola salar?
Mollalar adətən insanları axirətlə qorxudub, ağladırlar. Hacı Təyyar bu dəfə dünya işləri barədə danışıb güldürdü.
Onun fikrinin islami qaydalarla nə qədər uyub-uymadığını başqa bir ilahiyyatçıdan öyrənmək istədik. İlahiyyatçı Hacı Saleh İbrahimli Hacı Təyyarın fikirlərinə qatılmadığını bildirdi:
“Bunu deyən adam ilahiyyatçı ola bilməz. O anlamır ki, ginekoloji və ya kosmetoloji əməliyyata gedən xanımın əri ola bilər? Əri varsa o necə siğə oluna bilər? Bunu deyən adamın başında çat olub”.
İl olub 2023. İnsanlar atomu bölür, Marsda məskunlaşmağa hazırlaşır, süni intellektlə möcüzələr törədir, biz hələ də 1500 il əvvəl ərəblərin öz zövq-səfalarına dini don geyindirmək üçün uydurduqları qanunları müzakirə edirik.
Din, “kamil insan ol”, “sev”, “mərhəmət et”, “qan tökmə”, “yuva yıxma”, “elm öyrən”, “cahil olma” demişdi, gözünü yumub “hər verilən fətvaya uy” deməmişdi.
İlhamə Həkimoğlu