kebin

Gedin, gedin, qazıya deyin…

Baxış sayı: 192

“Qadın təşkilatları Azərbaycanın bütün rayonlarında araşdırmalar aparıb. Araşdırmaların nəticələrinə görə, Bakı da daxil olmaqla ölkəmizin hər yerində nikah yaşı çatmayan qızlar dini kəbinlə ərə verilir. Biz mollalardan bunun səbəbini soruşnda, niyə 13-14 yaşlı qızlara kəbin kəsdiklərini soruşanda deyirlər ki, “görürk ki, qızın boy-buxunu ailə qurmasına imkan verir və kəbini kəsirik”.

Bu sözləri bizimlə söhbətində 6 ildir sözügedən məsələ ilə bağlı Azərbaycanın bölgələrində, həmçinin Bakıda araşdırmalar aparan gender məsələləri üzrə ekspert Sevda Məmmədli bildirdi.

 

Dini nikah qadını havada qoyur

S.Məmmədlinin sözlərinə görə, İranda və digər ölkələrdə 6 ay, 1 il təhsil alan, yaxud məscidlərdə ərəb əlifbasında yazıb-oxumağı öyrənən adamlar rahatlıqla kəbin kəsirlər: “Qafqazın şeyxi Allahşükür Paşazadənin fətvası var ki, rəsmi nikahı olmayanlara dini kəbin kəsilməsin. Buna görə də məscidlərdə axundlar buna riayət etməyə çalışırlar. Ancaq bir neçə aya ərəb əlifbasını öyrənən adamlar məscidlərdən kənarda kəbin kəsirlər”.

S.Məmmədli dini kəbin kəsdirənlərin əksəriyyətinin rəsmi nikaha ehtiyac olmadığını düşündüklərini dedi: “Problemlər də bundan sonra başlayır. Hüquqları tapdalanan, yaxud boşanan qadın uşaqları ilə havada qalır. Dini kəbin kağızı ilə heç kimə sübut edə bilmir ki, o, ailəlidir və həyat yoldaşı var, uşaqları da həyat yoldaşındandır”.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Milli Məclisdə qızların rəsmi nikah yaşının artırılması məsələsi müzakirə olunarkən Azərbaycanda rəsmi nikah şəhadətnaməsi olmadan kəbin kəsən dindarların cinayət məsuliyyətinə cəlb olunması təklif edilmişdi. Onu da deyək ki, qonşu Türkiyədə belə ruhanilər cinayət məsuliyyətinə cəlb olunur.

 

“Bircə hərf belə səhv deyilsə…”

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bizimlə söhbətində bildirdi ki, qaydalara əsasən, kəbini ancaq axundlar kəsə bilərlər: “Biz məscidlərdən kənarda idarəmizin əməkdaşları olmayanların kəsdiyi kəbinlərə görə məsuliyyət daşımırıq. Dini kəbin kəsməyə ixtiyarı çatan insanlar ancaq axundlardır. Onlara da Attestasiya İdarəsində nömrələnmiş kəbin kağızları verilib. Kəbin şəhadətnaməsində rəsmi nikah şəhadətnaməsinin nömrəsi və seriyasının qeyd olunması üçün xüsusi hissə var. Bizim müvafiq fətvamıza uyğun olaraq həmin hissədə rəsmi nikah şəhadətnaməsinin nömrəsi və seriyası göstərilir. Aparılan nikahlar da qeydiyyata alınır. Bununla bağlı QMİ-yə də hesabat verilir. Kimsə özbaşına hardansa belə kağızlar alıb kəbin kəsirsə, bu, düzgün deyil”.

R.Dadaşova kəbini ancaq xüsusi adamların kəsməsinə dinin icazə verdiyini bildirərək, “O olmasın, bu olsun” filmindən sitat da gətirdi: “Kinoda belə bir hissə var ki, deyir, “gedin, gedin, qazıya deyin, qoy kəbini kəssin”. Yəni hər yoldan örtən bunu edə bilməz. Orada bircə hərf belə səhv deyilsə, kəbin baş tutmamış sayılır. Bu, bir hüquqi institutdur. Keçmişdə də bu, böyük bir hüququ prosedur sayılırdı. Bəziləri ailəli ola-ola 2-ci, 3-cü arvad üçün dini kəbin kəsdirmək istəyirlər. Bunun qarşısını almaq, Azərbaycan ailə institutuna öz töhfəmizi vermək üçün Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri fətva verib ki, rəsmi nikahı olmayanlara dini kəbin kəsilməsin”.

 

Qanunsuz nikah kəsənlərin aqibəti

R.Dadaşovanın sözlərinə görə, Azərbaycanda rəsmi nikah qədər dini nikaha da önəm verən insanlarımız kifayət qədərdir: “İstənilən halda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tapşırıq verilib ki, rəsmi nikah kəsdirməyənlərə dini nikah oxunmasın. Bununla bağlı bizə yerlərdən hər hansı siqnal gələrsə, qaydanı pozanlar inzibati formada bu və ya digər şəkildə cəzalandırılacaqlar. Ancaq bununla bağlı indiyədək cəmiyyət tərəfindən hər hansı şikayət gəlməyib. Çünki QMİ-nin yerlərdəki nümayəndələrinə dəfələrlə tapşırılıb. Cəza həmin adamların tutduqları vəzifədən çıxarılmasıdır”.

Kəbinə görə heç bir dövlət rüsumunun olmadığını deyən QMİ sözçüsü bildirdi ki, bu, dini xidmət olaraq insanlara göstərilir: “Biz hər zaman insanlara təmənnasız xidmət göstərməyə hazırıq. Ancaq ola bilər ki, halallaşmaq baxımından kimsə şirinlik verər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, dini nikah hüquqi əhəmiyyətə malik deyil. Kimsə kimləsə dini nikaha girirsə, Azərbaycan dövləti onun heç bir hüquqi əhəmiyyətini tanımır. Sabahısı gün hər hansı problem, ər-arvad arasında mübahisə düşərsə, arvadın ərə münasibətində, həmçinin vərəsəlik münasibətdə həmin nikahın heç bir hüquqi əhəmiyyəti olmur. Üstəlik, dini nikah bağlayan şəxslər məhkəmələrə müraciət edib dini nikahın tanınmasını tələb edə bilməzlər.

 

Dinimizə görə nikahı molla kəsməyə bilər

İlahiyyatçı Elşad Miri bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, İslam dinində “dini, yaxud rəsmi nikah” anlayışı yoxdur: “İslamda konkret qadın və kişi münasibətlərini tənzimləyən əqd var. “Əqd” sözü indi də bizim qanunvericiliyimizdə var. Əqd iki tərəfin qarşılıqlı razılığı və şahidlərin hüzurunda kəsilmiş müqavilədir. Əqdi əsasən dövlət tərəfindən qeydiyyata alınan və hüquqi bazası olan, dövlət tərəfindən təyin edilən şəxs kəsməlidir. Bu qurum da Ədliyyə Nazirliyinin dövlət qeydiyyatı şöbələridir. Sözügedən qurumun kəsdiyi kəbin həm dini, həm də dövlət kəbini sayılır və bu zaman hər iki tərəfin haqqı qorunur”. E.Mirinin fikrincə, dövlət tərəfindən kəbin kəsilməyəndə, ən çox haqqı tapdalanan qadınlar olur: “Kəbində əsas məqsəd nikahın hüquqi baza üzərində qurulması, gələcəkdə hansısa problem olarsa, tərəflərin hüquqlarının qorunmasıdır. Dinimizə görə, kəbində heç bir xüsusi ifadə yazılmalı, yaxud deyilməli deyil. Dinimizdə göstərilməyib ki, nikahı mütləq molla, yaxud dini bilgisi olan adam kəsməlidir. Ümumiyyətlə, islamda bildirilən şərtlər yerinə yetirilərək kəbin kəsilirsə, bu kəbinin dini bilgisi olan adam tərəfindən kəsilməsi vacib deyil. Əsas odur ki, hər iki tərəfin razılığı olsun, onların şahidlərinin imzası, valideynlərin rizası ilə gerçəkləşsin. Bir də mehr məsələsi tənzimlənməlidir”.

E.Miri ailələrdə hər hansı problem olanda, insanların mollaya deyil, dövlətin orqanı olan məhkəmələrə müraciət etdiklərini də xatırlatdı.

 

Lalə Musaqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir