Elm və texnologiyanın sürətlə inkişaf etdiyi və imkanların çoxaldığı bu dövrdə insanlar çox şeyə sahib olduqca, dəyərlərin mənası azalır,daxili səssizlik və tənhalıq isə artır. Nəticədə maddi rifah yaxşılaşdıqca, xoşbəxtlik azalır. İllərdir şagirdlərlə, tələbələrlə işləyən bir pedaqoq kimi müşahidə edirəm ki, bir çox gənclərimiz uğurlu olur, lakin olduğu mühitdə sevinmir, məmnun olmur. Onlar ali məktəblərə qəbul olurlar, yüksək nəticələr göstərirlər, amma daxildə bir boşluq daşıyırlar. Bu, cəmiyyətimizdə tez-tez rast gəlinən bir mənzərədir. Mən bunu hər gün gözlərinin içinə baxdığım tələbələrimdə çox görürəm.Təbii ki, hər bir valideyinin arzusudur övladı sağlam, xoşbəxt və uğurlu olsun və bunun üçün həyatı boyu,çox vaxt da özünü unudaraq çalışır.Bəlkə biz valideynlər, uşaqlarımızı uğura proqramlaşdırmaqdan, xoşbəxtliklərini unuduruq. Daha yaxşı geyim, daha yaxşı bağça, daha yaxşı məktəb deyə-deyə, daha çox çalışırıq, övladlarımızla keçirəcək gözəl, xoşbəxt anları qaçırırıq. Niyə övladlarımız uğurlu olsa da, məmnun və xoşbəxt olmur?

Xoşbəxtlik nədir?
Elmi tədqiqatlara görə xoşbəxtlik — beyində dopamin, serotonin, oksitosin və endorfin kimi maddələrin balanslı ifrazıdır. Amma maraqlısı odur ki, bu maddələr orqanizmdə yalnız uğur qazandıqda yox, həm də minnətdarlıq hiss etdikdə, sevdiklərilə zaman keçirdikdə, onlara toxunduqda, məqsədyönlü fəaliyyətlə məşğul olduqda da ifraz olunur. Yəni xoşbəxtlik hədəf deyil, daxili vəziyyətdir.
Elmi dildə desək xoşbəxtlik – beyindəki kimyəvi balansın emosional anlamda “Mən həyatı sevirəm” mesajına çevrilməsidir. Həyatı sevən, xoşbəxt, cəsarətli, özgüvənli, mərhəmətli, dinləməyi bacaran uşaq tərbiyə etməyin sirri — onu emosional olaraq gücləndirmək, yəni hisslərini tanımaq, ifadə etmək və başqalarının duyğularına həssas yanaşmağı öyrətməkdir.
Cəsarətli uşaq üçün — “Qorxmaq da normaldır”.
Uşağın cəsarətli olması üçün ilk şərt onun qorxularını inkar etməməsidir. Valideyn “Qorxma!” demək əvəzinə, “Qorxmaq normaldır, mən də bəzən qorxuram” desə, uşaq emosiyasını gizlətmədən yaşamağı öyrənir. Bu, emosional savadlılığın başlanğıcıdır, çünki qorxusunu qəbul edən uşaq, onun öhdəsindən gəlməyi də öyrənir. Özümüzə sual verə bilərik:
– Mən uşağımın qorxularını dinləyirəm, yoxsa onları kiçildirəm?
– Qorxularını paylaşmaq üçün ona təhlükəsiz məkan yaradırammı?
Özgüvənli uşaq üçün – “Mükəmməl olmasın, sadəcə bacarsın”.
Uşaq hər dəfə yeni bir şeyi sınaqdan keçirdikdə “Əhsən, sən yaxşı çalışdın!” deyildikdə, nəticədən çox zəhmət dəyərləndirilir.Bu, beynin “mən bacara bilərəm” proqramını aktiv edir.
Uşağa məsuliyyət vermək, qərar qəbul etməsinə imkan yaratmaq onun bacarıram inamını möhkəmləndirir.Övladımızdan soruşa bilərik:
– Səncə bu işi başqa necə edə bilərdik?
– Sən öz davranışından razı qaldınmı?
Mərhəmətli və vicdanlı uşaq üçün – “Hisslərini ifadə etməsinə icazə ver”.
Hər bir davranışın arxasında bir hiss yatır. Uşağın “mən inciyirəm”, “mən qorxuram”, “mən sevinirəm” deməsinə icazə verildikdə, o, empatiya qabiliyyətini inkişaf etdirir.
Hisslərini tanıyan insan, başqasının hisslərini də tanıya bilir. Bu isə vicdanlı və mərhəmətli davranışın təməlidir. Məsələn:
– Bu hadisə səni necə hiss etdirdi?
– Sənə qarşı belə davransaydılar, nə hiss edərdin?
– Bu situasiyada sən olsaydın, necə davranardın?
Uğurlu və xoşbəxt uşaq üçün – “Müqayisə yox, inkişaf dinamikası”.
Uşağı başqa biri ilə müqayisə etmək, onun potensialına vurulmuş ən böyük zərbədir.Valideyn “sən dünənkindən daha yaxşı idin” desə, uşaq daxili motivasiyaya yönəlir və özünü yalnız özüylə müqayisə edir. Uğur o zaman dəyərlidir ki, o uşağın öz gücü və marağı ilə formalaşsın. Ünsiyyəti bu formada qurmaqda fayda var:
– Sən keçən həftəbu işi daha fərqli etmişdin, indi daha yaxşı bacardın, afərin sənə.
– Bu gün dünənkindən daha çox çalışdın, səninlə qürur duyuram.
Sağlam psixika üçün – “Şərtsiz sevgi və müsbət dil qəlibi”.
Tədqiqatlar göstərir ki, uşağın özünü dəyərli hiss etməsi üçün şərtsiz sevildiyini bilməsi həyati əhəmiyyət daşıyır. Uşağa səni istənilən halda sevirəm, amma davranışını bəyənmirəm, mesajı veriləndə, o, özünü deyil, davranışını düzəltməyə yönəlir. Tənqid şəxsiyyətə yox, davranışa yönəlməlidir. Xatırlatma:
– Sən səhv etdin yox, bu davranış düzgün deyildi.
– Səni sevmirəm yox, səni sevirəm, amma bu hərəkətin doğru deyildi. – Bu davranış pisdir yox, bu davranış düzgün deyildi.
Rol model – “Uşaqlar sözə yox, davranışa baxır”.
“Övladımıza oxu, dinlə, məsuliyyətini bil və s.” deyəndə,övladımız valideynin əlində kitab görmürsə, valideyn eşidir, dinləmirsə, dinləyir anlamırsa və ya məsuliyyətlərini dərk etmirsə deyilən sözlərin heç bir nəticəsi olmayacaq. Uşaqların beynindəki ayna neyronlar valideyn davranışını avtomatik təkrarlayır. Onda, bu halda özümüzə bu sualları ünvanlamalıyıq.
– Mən övladıma dediyim şeyi özüm tətbiq edirəmmi?
– Övladımda sevmədiyim, dəstəkləmədiyim xüsusiyyətlərdən hansılarını mən etməyə davam edirəm?
Nəticə: Valideyn özünü tanısa, güclü və zəif tərəflərini bilsə, övladını da tanıya bilir və düzgün istiqamətləndirə bilir. Yəni düzgün təlim-tərbiyə – valideynin özünü inkişaf etdirməsindən keçir. Valideyn öz hissinin, emosiyasının, qorxusunun və s. fərqində olub, bu duyğuları qəbul edib, daha sonra hədəfini, məqsədini və gələcəkdə necə bir övlad görmək istədiyini bilib və ona görə hərəkət etməlidir. Bəzi hallarda valideyn reallaşdıra bilmədiyi xəyallarını övladı üzərindən həyata keçirmək istəyir, bu və ya başqa formada həyata keçirir də, onun da acı nəticələri ilə biz universitetdə rastlaşırıq. İxtisasını sevməyən, dərsdə məyus, narahat, ruhdan düşmüş, auditoriyada sıxılaraq oturan tələbələri çox görürük. Soruşanda əsasən “mən bu ixstisası istəmirdim, atam və ya anamın arzusuydu” cavabı ilə üz-üzə qalırıq.Sağlam psixologiyaya malik uşaq – həm uğurlu, həm xoşbəxt, həm də dəyərlər üzərində böyüyən uşaqdır. Yəni övladımızın uğurlu olmasını istəyiriksə əvvəlcə ona olduğu yerdən məmnun olmağı və şükürlü olmağı öyrətməliyik, eyni zamanda özümüz də nümunə olmalıyıq. Daha sonra uğur bu və ya başqa formada gələcək, mütləq gələcək.
Belə övlad müqayisə ilə yox, anlayışla, tənqidlə yox, təqdirlə, şərtli sevgi ilə yox, şərtsiz qəbulolunma ilə böyüyür.
k.ü.f.d., Nigar Babayeva











































































































































































