Çox vaxt düşünülür ki, uşağın tərbiyəsi daha çox ananın üzərinə düşür. Amma həqiqət budur ki, atanın rolu uşağın həyatında çox böyükdür.
Ana evdə şəfqəti, qayğını, mərhəməti öyrədirsə, ata uşağa qaydanı, məsuliyyəti, səbri və həyatda necə durmağı öyrədir.
Ata uşağın həyatında onun dayaq nöqtəsi və nümunəsidir.
Uşaq atasına baxaraq həyatı planlamağı, işləri idarə etməyi və məsuliyyətli olmağı öyrənir. Ata ailə işlərini düşünən, plan quran və qərar verən biri olduqda uşaq da bu xüsusiyyətləri öyrənir.
Ata o deyil ki, səsi gələr-gəlməz hərə bir tərəfə qaçsın, ya da hamı işini yarımçıq qoyub onun qulluğunda dursun. işdən nə qədər yorğun gəlsə də, onun üstünə qaçan oğul-qizını “görmürsüz işdən gəlmişəm?!” deyib özündən uzaqlaşdırmağa haqqı yoxdur atanın. Ata yorğun ola bilər. Ancaq yorğun görünə bilməz.
Ata necə olmalıdır?
Ata ciddi ola bilər.
Amma qorxuducu olmamalıdır.
Ata intizamlı olmalıdır
Amma kobud olmamalıdır.
Ata qətiyyətli ola bilər.
Amma qəlb qıran olmamalıdır.
Uşaq atasının dediyini yox, onun davranışını örnək götürür.
* insanlarla necə danışmağı
* əsəbiləşəndə necə davranmağı
* qadına necə yanaşmağı
* məsuliyyətli olmağı
* həyatda necə ayaqda durmağı
Ata evdə necədirsə, uşaq da gələcəkdə ona bənzəyir.
Ata uşağı ilə vaxt keçirməlidir
Bəzi atalar düşünür ki, işləyib ailəni maddi ehtiyaclarını təmin etmək kifayətdir. Amma uşaq üçün təkcə pul yox, atanın vaxtı və diqqəti də çox vacibdir. Uşaq atasının yanında oturmaq, onunla oynamaq, danışmaq istəyir.
Bəzən uşağın istədiyi sadəcə budur:
“Ata, mənimlə bir az maraqlan.”
Ata səbirli olmalıdır
Uşaq böyüdükcə müxtəlif düşüncələr, suallar və səhvlərlə qarşılaşır. Belə zamanlarda ata uşağı tənqid etməklə yox, ona doğru yolu göstərməli, həyat təcrübəsi ilə kömək etməlidir. Uşaq səhv edəcək, sözə baxmayacaq, bəzən inad edəcək. Bu normaldır. Belə vəziyyətdə ata:
* qışqırmamalı
* vurmaqla “tərbiyə etməyə” çalışmamalı
* səbirli olmalı və doğru yolu izah etməlidir.
Çünki qorxu ilə böyüyən uşaq ya susur, ya da içində aqressiya yığır.
Ata sərhəd qoymağı bacarmalıdır.
Uşağı döymək düzgün yol deyil. Doğru yol sərhəd qoymaqdır.
Yəni uşaq bilməlidir: nə olar , nə olmaz, niyə olmaz. Uşaqlar üçün olmaz və niyə olmazı yəni səbəbini və nəticədə nə baş verə biləcəyini bilməsi çox vacibdir. Ata qayda qoyanda bunun səbəbini sakit şəkildə izah etməlidir.

Ata övlad arasında güvən olmalıdır
Uşaq bilməlidir ki, atası onun arxasındadır.
Səhv etsə belə atasına yaxınlaşıb danışa bilməlidir. Və həll etməyə çalışılmadır. Yanlışlar doğrularla düzəldilməlidir. Ata qorxulan yox, güvənilən insan olmalıdır.
Ata özü nümunə olmalıdır
Əgər ata özü bütün vaxtını telefon və ya televizor qarşısında keçirirsə, amma uşağa “telefonla çox oynama” deyirsə, uşaq bunu ciddi qəbul etmir.Uşaq sözü yox, davranışı götürür. Ata necə yaşayırsa, uşaq da elə öyrənir.
Ata yalnız maddiyyatı yox, mənəviyyatı da düşünməlidir.
Pul qazanmaq vacibdir. Amma bu təkbaşına kifayət deyil. Ata uşağa vaxt və sevgi də verməlidir.
Uşaq:
* diqqət istəyir
* söhbət istəyir
* anlayış istəyir
Ata uşağın inkişafına dəstək olmalıdır
Ata bilməlidir:
* uşağın nəyə marağı var
* nəyi sevir
* nəyi bacarır
Onu inkişaf etdirmək üçün:
* oyunlar
* kitablar
* kurslar
* fəaliyyətlər ilə maraqlanmalıdır.
Ata uşağın özünə inamını artırmalıdır
Uşağa tez-tez belə demək lazımdır:
* “Bacarırsan”
* “ Təkrar Cəhd et”
* “Sən edə bilərsən”
Eyni zamanda uşağa yaşına uyğun məsuliyyətlər vermək də onun özünə inamını artırır.
Tənqid, təhqir edib onu özgüvənsiz vəya aqressiv birinə dönüştürməməlidir.
Məsələn:
* evdə kiçik bir işi ona tapşırmaq
* nəyisə planlaşdırmağa kömək etməsini istəmək
* öz qərarlarını verməsinə imkan yaratmaq
Bunlar uşağın inkişafına çox müsbət təsir göstərir.
Ata oğlan və qız övladına necə yanaşmalıdır?
Həm oğlan həm də qız uşağı atadan çox şey öyrənir. Əsasən davranış və danışıq qabiliyyətini öyrənirlər.
Sevgisini oğlan-qız fərqi qoymadan ədalətlə göstərməlidir. Ədalət uşağın psixologiyasında çox böyük rol oynayır. Ancaq cinsiyət fərqini nəzərə almalıdır. Oğlanı qız kimi vəya qızı oğlan kimi böyütməməlidir. Oğlu ilə kişilərin getdiyi bərbər, market, iş yeri, maşın ustası vs kimi yerlərə özü ilə aparması faydalıdır. Qızı ilə evdə, parkda, marketdə, gəzintiyə çıxaraq vs vaxt keçirməsi faydalıdır. Valideyn bəzən birlikdə bəzən ayrı-ayrı uşaqları ilə vaxt keçirməlidir.

Qız uşağı üçün ata çox xüsusi bir insandır.
Ata qızına sevgi, qayğı və diqqət göstərdikdə, qız uşağı özünü dəyərli hiss edir. Bu isə gələcəkdə onun özünə hörmətlə yanaşmasına və sağlam münasibətlər qurmasına kömək edir. Qız uşağı atasından qorxu yox, sevgi və güvən hiss etməlidir.
Oğlan uşağı isə atasına baxaraq kişi olmağı öyrənir.
Ata oğlunu:
* təhqir etmədən
* alçaltmadan
* dəstək verərək böyütməlidir
Uşağı təhqir etmək, aldatmaq, söz verib yerinə yetirməmək uşağın valideynə olan güvənini sarsıdır.
Uşaq bilməlidir ki, atasının sözü doğrudur.
Bəzən valideynlər uşağı sakitləşdirmək üçün söz verib sonra yerinə yetirmirlər. Bu uşaqda yalan danışmasına gətirib çıxarır. Valideyn övlad münasibəti pozulur.
Ata üzr istəməyi bacarmalıdır.
Hər bir insan kimi Ata da səhv edə bilər.
Amma səhv etdikdə “üzr istəyirəm” demək uşağa böyük dərs verir. Bu, uşağa öyrədir ki: səhv etmək normaldır amma düzəltmək lazımdır, üzr istəmək zəiflik deyil özünə və insanlara hörmətin göstəricisidir. Ata səhv etdiyini qəbul edib “üzr istəyirəm” dedikdə, uşaq da səhv etdikdə bunu qəbul etməyi öyrənir. Bu, uşağa hörmət, dürüstlük və məsuliyyət kimi dəyərləri öyrədir.
Ata uşağı borclu hiss etdirməməlidir.
“Mən sənin üçün işləyirəm bu qədər əziyyət çəkirəm, sən heçnə etmirsən, qədrimi bilmirsən, səndən heçnə olmaz, evə faydan yoxdu, qız kimisən, heç nə bacarmırsan, əlindən bir iş gəlmir, təmbəlsən kimi sözlər uşağın üzərinə görünməz yük qoyur.
Valideynin uşağa qayğı göstərməsi valideyinin borcudur, valideyn məsuliyyətidir.
Uşaq valideyn sevgisini borc kimi yox, qarşılıqsız sevgi kimi hiss etməlidir.
Uşaq təkcə ananın məsuliyyəti deyil, Atanın məsuliyyətidə yalniz pul qazanmaqdan ibarət deyil. Uşağa aid olan bütün məsuliyyəti ananın boynuna atmaq nə qədər düzgündür? Övladlarının mənəvi va psixoloji öhdəliklərini anaların borcu hesab etməyən, sözün əsl mənasında ailəsinin qayğısını çəkən atalara indi çox ehtiyac var!
Unutmayaq ki, uşaq böyüyəndə çox şeyi xatırlamayacaq. Amma bir şeyi heç vaxt unutmayacaq:
Atasının ona necə davrandığını.
Çünki ata uşağın həyatında sadəcə valideyn deyil — onun ilk müəllimi və ən böyük nümunəsidir.
Psixoloq Nuranə Rufullayeva








































































































































































