depressiya

Payız depressiyasından necə qurtarmalı?

Baxış sayı: 1. 960

Ümümdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il bir milyon insan, hər 40 saniyədə 1 insan intihar edir. Hesablamalara görə, intihar edənlərin 86 faizi gənclərdir. Mütəxəssislərə görə, insanı intihara aparan ilk səbəb depressiyadır. Depressiya isə insanı hər zaman yaxalaya bilər.

Psixoloq Rafiq Allahverdiyevin sözlərinə görə, bu gün çox az adam tapılar ki, depressiyadan əziyyət çəkməsin. Depressiyanın da müxtəlif formaları var: “Psixoloji depressiya və psixiatrik (psixi xəstəlik) depressiya tamamilə fərqli anlayışlardır. Xoşbəxtlikdən psixi xəstəlik olan depressiya hallarına tez-tez rast gəlinmir. Bu, müstəsna tibbi yardıma ehtiyacı olan ağır psixopotoloji simptomlar kompleksidir”.

Müsahibimizin bildirdiyinə görə, əksər hallarda, insanlar deyəndə ki, “mən depressiyadayam”, bu, həmin adamın ciddi psixi xəstə olması, onun psixiatrik müalicəyə ehtiyacının duyulması demək deyil: “Bunlar tamamilə əksinədir. Adətən, depressiya adlandırılan bu məhfum altında olan insanın həyatını güclü formada “zəhərləyən” bir sıra psixoloji halətlər nəzərdə tutulur ki, bunlar da peşəkar psixoloqlar tərəfindən adi ev şəraitində belə aradan qaldırıla bilər”.

Psixoloji depressiya – müvəqqəti psixoloji halətdir. Bu, psixi xəstəlik olan depressiyadan fərqli olaraq çox dəyişkəndir. Xəstəlik kimi qəbul edilən depressiya daha stabil xarakter daşıdığı üçün onun aradan qaldırılması daha çətindir. Psixoloji depressiya halı isə daha çox dəyişkən xarakter daşıyır: müxtəlif səbəblər nəticəsində həmin insan özünü gah yaxşı, gah da pis hiss edə bilər. Psixoloq məhz həmin yaranma səbəbləri tapıb onu aradan qaldıra bilər. Bununla da psixoloji depressiya halı yaxşılaşa və yaxud tamamilə aradan qaldırıla bilır.

Psixoloji depressiya halı orqanik xəstəlik kimi qəbul edilə bilməz. Ekspertlər hesab edirlər ki, intihar hadisələri daha çox payız və yaz aylarında baş verir. Çünki insanlar fəsil dəyişən zaman daha çox depressiyaya düşürlər.

R.Allahverdiyev bildirir ki, mövsümi depressiyalar insanların yaş həddindən, meyl və maraqlarından asılı olaraq onların ətraf aləmə də münasibəti fərqli olur. “Uşaqlarda mövsümi depressiya halı onların oyun fəaliyyətləri ilə sırf bağlıdır. Kiçikyaşlı uşaqlarda öz yaşıdları ilə oynamağa, onlarla ünsiyyətə meyl daha güclü olur. Birdən-birə havaların soyuması ilə əlaqədar uşaqların həyat tərzlərinin dəyişməsi, açıq havada oyunlarına son qoyulması onların demək olar ki, günün rejim qaydalarının dəyişməsi ilə nəticələnir. Bu isə onların yaş xüsusiyyətlərinin tələbləri ilə üst-üstə düşmür. Belə olan halda uşaqlar real şəraiti qiymətləndirə bilmədiklərindən valideynlərini günahlandırmağa başlayırlar. Təssüflər olsun ki, valideynlərin çoxu uşaqlara situasiyanı izah etməyə lüzum bilmirlər. Beləliklə də bir müddət uşaqlarda özünə qapanma, qısa müddət də olsa, depressiv hallar müşahidə olunur. Belə olan halda, həmin yaşlı uşaqlar ev şəraitində oyun xarakterli tədris vasitələri və digər oyun vasitələri ilə təmin olunmalıdırlar. Onların öz yaşıdları ilə tez-tez ünsiyyətdə olmaları nəzərə alınmalıdır”.

Psixoloq qeyd edir ki, adətən mövsümi depressiyalar payız fəslinə daha çox təsadüf edir. Kiçik yaşlı uşaqlarda fəsillərlə bağlı müfəssəl məlumatın olmaması onların depressiv hal yaşamalarına daha çox səbəb olur. Havanın tutulması, ardıcıl yağış yağması, şimşək çaxması onlarda evlərin, ağacların və s. yıxılması qorxu yaradır. Bu hisslər onların psixikasında iz qoymaqla yanaşı, sonrakı həyatlarında da özünü büruzə verir. “Təsadüfi deyil ki, böyük yaşlı insanların əksəriyyəti payız mövsümündə eynilə həmin hissləri yaşayırlar. Məhz depressiyaya düşənlərin içərisində uşaq yaşlarında bu kimi travma almışlar daha çox üstünlük təşkil edirlər”.

Böyük yaşlı insanlarda payız mövsümü ilə bağlı depressiyanın yaranma səbəbləri müxtəlif olduğu qədər də fərdi xarakter daşıyır. İqlimin dəyişməsi, gecə-gündüzün vaxt etibarilə müddətin əvəzlənməsi, insanların məişət şərait və planlarında dəyişikliklər depressiv hallar yarada bilər. Bundan qorxmaq lazım deyil.

Depressiya insanın ətraf qeyri-normal təsirlərə normal rəftarıdır. Lakin bundan vaxtında yaxa qurtarmaq daha vacibdir. “Bunun üçün mütləq qaydada mövsümi geyimdən başlayaraq, məişət problemlərinin vaxtında həllinə çalışmaq lazımdır. İnsanlar hadisələri, zamanı gözləyə bildiyi halda təbiət heç nəyi gözləmir. Buna görə də payız aylarında intihar edənlərin sayı daha çox olur”.

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir