8

“Komandir valideyn” necə olur?

Baxış sayı: 1. 449

Komandir valideynlər uşaqlarının demək olar ki, bütün hərəkətlərini nəzarət altında saxlayırlar. Əgər istəyirsinizsə, ilk növbədə “Komandir valideyn kimdir” və ya “Komandir valideyn necə olur” suallarına cavab tapmağa çalışaq. Hər şeydən əvvəl onu deyək ki, komandir valideynlər evlərində bütün səlahiyyətləri öz əllərində saxlayır, üstəlik, bu səlahiyyətlərini daha çox uşaqlarına münasibətdə büruzə verirlər. Məsələn, “Əllərini yu!”, “Paltarlarını gey!”, “Dişini fırçala!”, “Dərslərini hazırla!”, “Yeməyini ye!”, “Saçını dara!”, “Oyuncağını götür” və s. Təbii ki, bu cümlələrin sayını artıra da bilərik…

Yəqin soruşacaqsınız ki, bu sözləri əksər valideynlər öz uşaqlarına deyirlər. Elə isə onlara niyə “komandir valideynlər” demirlər? Əlbəttə ki, deyirlər. Başqa sözlə, uşaqlarının hərəkətlərini bu cür nəzarət altında saxlamaq istəyən bütün valideynlər komandir valideynlərdir. Əgər diqqət yetirsəniz, görərsiniz ki, yuxarıda misal gətirdiyimiz işlərin hamısı əslində hər bir şəxsin müstəqil şəkildə yerinə yetirməli olduğu işlərdir. Məsələn, “əllərini yumaq”, “yeməyini yemək”, “paltarını geyinmək” və s. Halbuki, komandir valideynlərin uşaqları bu hərəkətlərin nəzarətini öz valideynlərinə “həvalə etməli” olurlar. Və bir qədər sonra da ən adi ehtiyaclarını belə ödəmək üçün valideynlərinin əmrlərini gözləyirlər. Bu cür “şərti reflekslər” isə uşağın tədricən heç bir məsuliyyət hiss etməyən, üstəlik isə, hər yerdə və hər işdə anasına bağlı olan bir insan kimi formalaşmasına gətirib çıxarır. Elə isə nə qədər ki, gec deyil, “komandirlikdən” istefa verin (əlbəttə ki, könüllü bir şəkildə) və bundan sonra uşağınıza əmr vermək istəmədiyinizi və həmçinin, ona inandığınızı ifadə edin. Digər tərəfdən, məsuliyyət hissinin daha tez formalaşması üçün onunla bəzi müqavilələr də bağlaya bilərsiniz. Məsələn, “Məktəbdən gələndən sonra əllərini yumalısan, əllərini yumasan, yemək yeyə bilməzsən, yemək yeməsən, televizora baxa bilməzsən.” və s. Və ya “Hər dişini fırçalamaq üçün 10 xal qazanacaqsan. Xallarının sayı 100-ə çatanda isə sənə istədiyin qələm dəstini alacağam.” kimi şərtlər də işinizi asanlaşdıra bilər. Unutmayın, bu işdə səbirli olmalı və qərarlarınızdan güzəştə getməməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir