nigah

Nikahların sayı niyə azalır?

Baxış sayı: 1. 746

Mütəxəssislər hesab edirlər ki, problemin kökünü iqtisadi amillərdən daha çox mənəvi dəyərlərdə axtarmaq lazımdır

Ailə kiçik dövlətdir. Cəmiyyətdə sağlam ailənin formalaşması isə müxtəlif amillərdən asılıdır. Təəssüf ki, son zamanlar ölkəmizdə nikahların sayının kəskin azalması faktı müşahidə olunur. Belə ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata əsasən , ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 8,9-dan 7,1-ə qədər azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,3) qalıb.
Biz də bunun səbəblərini araşdırdıq. Ekspertlərin rəylərindən belə məlum oldu ki, bu faktın ortaya çıxmasına müxtəlif amillər öz təsirini göstərə bilər.

“Ailə institutu xeyli zəifləyib”

Sosioloq Əhməd Qəşəmoğlu “Kaspi”yə açıqlamasında nikahların sayının azalmasına müxtəlif amillərin təsir edə biləcəyini qeyd etdi. Sosioloqun fikrinə görə, burada konkret olaraq hər hansısa bir amili vurğulamaq düzgün deyil: “Bir çoxları ən mühüm faktor kimi gənclərin iqtisadi vəziyyətini qeyd etsə də, fikrimcə, bu, tamamilə yanlışdır. Mühüm olan digər səbəblər var ki, onlar nikahların azalmasına iqtisadi amildən daha ciddi təsir göstərir. Çünki əhalinin maddi vəziyyətinin daha pis olduğu zamanlar olub. Lakin bu, nikahların sayına bu dərəcədə təsir etmirdi. Hesab edirəm ki, problemin əsas kökünü mənəvi dəyərlərdə axtarmaq lazımdır, iqtisadi amillərdə yox. Son vaxtlar Azərbaycanda ailə zəminində gərginlik halları çoxalıb və ailə institutu xeyli zəifləyib. Gənclərdə artıq ailəyə bağlılıq azalıb. Ailədə kişinin və qadının öz təyinatı məsələsi haqqında fikirlər dəyişilib. Əvvəl hər kəs bilirdi ki, insanın maddi vəziyyətindən asılı olmayaraq hər kəs ailə qurmalıdır. Hətta bir çoxları ailə qurduqdan sonra uzun müddət valideynlərlə birgə yaşayırdılar. İndi isə gənclər artıq sərbəstləşib. Valideynlərlə yaşamaq ənənəsi istər valideynlər, istərsə gənclər tərəfindən müsbət qarşılanmır”.

Sosioloq bildirdi ki, ailə dəyərləri yarım əsr bundan əvvəl tamamilə fərqli idi. İndi isə vəziyyət dəyişib. Bu gün artan boşanmalar, yeni ailələrin tez dağılması da digərlərini qorxudur. Üstəlik, ailə qurmaq istəyən gənclər bir-birinə o qədər də etibar etmir ki, bu sırada ən çox sağlamlıq məsələlərini qeyd etmək olar: “Misal üçün, bu yaxınlarda statistik açıqlamada bildirilirdi ki, evlənmək istəyən gənclərin bir çoxunda dəhşətli xəstəliklər aşkarlanıb. Bunun əsas səbəbi də gənclərin sərbəst cinsi həyata üstünlük verməsi ilə bağlıdır. Gənclər arzu olunmayan həyat tərzi yaşayır. Onlar bir müddət qeyri-rəsmi birlikdəliyə üstünlük verirlər. Çünki belə olan təqdirdə istədikləri vaxt ayrıla bilirlər və heç bir əlavə məsuliyyət tələb olunmur. . Bu da artıq milli dəyərlərimizə vurulmuş böyük zərbədir”. Həmsöhbətimiz dini nikahların da sayının artdığını bildirdi: “Qeyd edim ki, rəsmi nikahdan əlavə, sadəcə, kəbin nikahı ilə yaşayanlar da var . Təbii ki, burada ən çox zərərçəkən tərəf qadın olur. Çünki kəbin nikahından boşanmaq çox asandır və bu kimi hallar çox tez-tez baş verir. Adətən savadsız və avam qızları dini nikahla aldadıb ailə qurmağa məcbur edirlər. Bir neçə müddətdən sonra ən xırda səbəbə görə ailə dağılır və qadın öz həyat yoldaşından heç bir haqq tələb edə bilmir. Həmin nikahların ən ağır bədəlini isə təbii ki, övladlar ödəyir. Belə mənfi halların qarşısını isə yalnız ailə institutuna lazımi qiymət verməklə ala bilərik. Azərbaycan ailəsində çox gözəl dəyərlər və ənənələr var idi. Biz bu dəyərləri təkmilləşdirmək əvəzinə mənfi keyfiyyətlər qazandıq. Bu sahədə ciddi şəkildə elmi əsaslarla düşünmək və proqramlar hazırlamaq lazımdır. Ailə dəyərlərimizi tam itirməmişkən müəyyən ənənələrimizi yenidən bərpa etməliyik. Düşünürəm ki, yalnız bu halda uğurlu nəticəyə vara bilərik”.

Dini nikahların sayı artıb

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, son zamanlar nikahların sayının azalmasının bir sıra fərqli səbəbləri var. Əsas səbəblərdən biri kimi isə həmsöhbətimiz insanların dini nikaha üstünlük verməsini hesab edir: “Tərəflər bu məsələdə bir çox səhvlərə yol verir. Bir çoxları dini nikahın yetərli olduğunu düşünür və rəsmi nikaha birmənalı yanaşmır. Gənclər və onların ailələri dini nikahı vacib amil kimi qabardıb rəsmi nikahın yersiz olduğunu düşünürlər. Əslində mən deyərdim ki, nikahların sayı azalmayıb, sadəcə olaraq dini nikahların sayı artıb. İnsanlar rəsmi nikahı artıq vaxt itkisi hesab edirlər və sonradan bu amil onların qarşısına çox ciddi bir problem şəklində çıxır. İstərdim ki, problemin həlli üçün gənclərlə birlikdə müəyyən ciddi maarifləndirmə işləri aparılsın və müxtəlif sosial layihələr hazırlansın”.
Həmsöhbətimiz gənclərin təhsil və karyera qurmağa maraq göstərməsinin də evliliyin ikinci plana keçməsinə gətirib çıxardığını düşünür: “Mövcud problemin səbəblərindən biri isə gənclərin əksəriyyətinin karyera və təhsil ardınca qaçmalarıdır. Hazırda bir çox gənc evliliyin onların təhsilinə və iş həyatındakı uğurlarına mane olacağını düşünür. Əslində gənclərin karyeraya bu dərəcədə əhəmiyyət verməsinin səbəbi yenə ailə ilə birbaşa bağlıdır. Çünki bir çox gənc hazırda öz iqtisadi vəziyyətini yaxşılaşdırmadan ailə qurmaq istəmir. Onların arzuladıqları ailə həyatının mərkəzində lüks həyat və uğurlu karyera dayanır. Təbii ki, bu da müəyyən dərəcədə zaman itkisinə səbəb olur və nikahların azalmasına öz mənfi təsirini göstərir”.

Nikahların artması və azalması dəyişkən prosesdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Sevil Rəsulzadə öz açıqlamasında nikahların sayının hər il dəyişdiyini qeyd etdi: “Bu ilin 9 ayı ərzində aparılan statistik nəticələrə görə, 51 mindən çox nikah aktı qeyd olunub ki, bu rəqəmin ilin sonunadək daha da artacağı gözlənilir. Keçən il isə bu rəqəm 84912 idi. Əslində nikahların artması və azalması dəyişkən bir prosesdir. Qeyd edim ki, hər il statistik göstərici 79-85 min arasında dəyişə bilir. Komitənin araşdırmalarına əsasən, belə dəyişmənin müxtəlif səbəbləri var. Ən böyük üstünlüyü isə təbii ki, gənclərin iş, təhsil, karyera məsələləri təşkil edir. Hər bir gənc ailə həyatına müxtəlif aspektdən yanaşır. Hətta bir çox hallarda gənclər ailənin məsuliyyətindən çəkinir. Onlar özlərini belə ağır yükü çiyinlərində daşıyacaq qədər hazır hiss etmir. Burada psixoloji hazırlıq da vacib məsələdir. Bəziləri hətta belə gərginlikdən depressiya həddinə qədər gəlib çıxır. Bunun üçün gənclərin müxtəlif psixoloji hazırlıq keçməsi daha məqsədəuyğun olardı. Gənclər yalnız ailənin nə olduğunu dərk etdikləri zaman, məsuliyyətlərini tam olaraq öz üzərlərinə götürə bildikləri zaman evlənmək qərarı almalıdır. Yalnız bu halda uğurlu ailə həyatının təməlini qurmaq olar. Həmçinin maarifləndirici tədbirlər və hazırlıq mərhələsi boşanma hallarının da azalmasında vacib rol oynayır. Biz də belə mənfi halların qarşısını almaq üçün vaxtaşırı müxtəlif sosial məzmunlu layihələr həyata keçiririk. Xüsusən də milli və mənəvi dəyərlərin təbliği və tətbiqinə geniş yer verməyə çalışırıq. Layihələrimizdə yaşlı nəslin nümayəndələrinin təcrübəsindən də geniş istifadə edirik. Düşünürəm ki, ailənin düzgün təməli onun sonrakı inkişafı və uşaqların tərbiyəsinin zəmanətidir”.

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir