Şənbə gecəsi rejissor Kənan M.M-in quruluş verdiyi “Gecə qonağı” filmi ATV-də yayımlanıb.
Gencaile.az musavat.com-a istinadən bildirir ki, televiziyada nümayiş olunan ekran işində 18+ səhnələr və vulqar ifadələrin yer alması tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə tənqidlərə səbəb olub.
Xatırladaq ki, İlqar Fəhminin ssenarisi əsasında çəkilən ekran işində Kənan M.M., Fərda Xudaverdiyev, Pərvin Abiyeva, Kəmalə Piriyeva rol alıblar.
Musavat.com saytına açıqlama verən filmin rejissoru Kənan M.M. səsləndirilən tənqidləri qəbul etmədiyini bildirib:
“”Gecə qonağı” “Təhminə və Zaur”dan qat-qat tərbiyəlidir. Üzr istəyirəm, “Təhminə”də “qəhbə” sözü işlədilir. Onu “fahişə” sözü ilə əvəz etmək olardı. Niyə etməyiblər? Sonra “Qurban olum, Zaur, tələsmə” hissəsini də ekran işindən çıxarardılar. Ustadlardan, böyüklərdən öyrənmirik? “Təhminə və Zaur”u çəkən rejissor Rasim Ocaqov ağsaqqal, dahi, korifey olub. Necə görmüşüksə, elə çəkirik. Başqa cür görsəydik, başqa cür çəkərdik. Bu tənqidlər yersizdir, xarici filmlərdə yer alan açıq-saçıq səhnələrə tamaşaçılar maraqla baxırlar. Ya tamaşaçı özü-özünü düzəltməli, ya da imkan verməlidir ki, mən onu düzəldim. Sevindirici hal odur ki, insanlar filmdəki Zara obrazına inanıblar. Deməli, aktrisa rolunun öhdəsindən gəlib. Yazırlar ki, filmə uşaqla baxmaq olmur. Onun uşağı gecə saat birdə niyə oyaqdır? Mən bu cür tənqidlərdən heç bir nəticə çıxarmıram. Hər zaman insanları səbirlə dinləmişəm, sonra isə öz bildiyimi etmişəm. Tərbiyəli olmağı tərbiyəsizdən öyrənmişəm. Obraza obraz kimi baxmırlar. Yazırlar ki, “kül qız başına, gör nə edir?” Bihtərə (“Aşkı-memnu” serialının baş personajı – red.), Bəhlulla Bihtərin öpüşmə səhnəsinə niyə baxırsınız? Niyə yazırlar ki, o serialdan ötrü ölürük? Deməli, o serialda qızını, arvadını görür. Azərbaycan tamaşaçısı var olduqca filmlərimiz inkişaf etməyəcək. Tənqidlərə gülürəm. Film sensasiya yaradıbsa, deməli, gözəl iş ərsəyə gətirilib”.
Xalq artisti Rasim Balayev “Gecə qonağı” filminin tənqid olunmasına münasibət bildirib. O, vurğulayıb ki, filmlərdə açıq-saçıq səhnələrin çərçivədən çıxmadan yer alması normaldır: “”Gecə qonağı” filmini izləməmişəm. Hələ biz film çəkə bilmirik. Türkiyənin çəkdiyi filmlərə o vaxt lağ edirdik. Maşallah, indi gözəl filmlər çəkirlər. Vaxt gələcək, film sahəsi də inkişaf edəcək. Sənət aləmində inkişaf da, tənəzzül dövrü də olur. Bizdə hazırda tənəzzüldür. Əvvəllər filmlərə, tamaşalara maraq var idi. Film sahəsi 3-5 günə inkişaf edə bilməz, bunun üçün illər lazımdır.
Filmdə açıq-saçıq səhnələr yer ala bilər. Məhəbbət, qızla oğlanın yaxınlıq səhnələrini ekran işində canlandırmaq olar. Sözügedən səhnələri estetik təqdim etsələr, tamaşaçılarda qıcıq yaratmaz. Səhnələr əndazədən çıxanda izləyici qəbul etmir. Görünür, “Gecə qonağı” tamaşaçıları qıcıqlandırıb. İranda qadınlar başı bağlıdır, orada açıq-saçıq filmlər çəkmək qadağandır. Lakin bəzən elə filmlər çəkib Kann kimi festivallara göndərirlər ki, insan məəttəl qalır. Hər şey çərçivəsində gözəldir”.
ATV xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu filmin yayımı ilə bağlı MTRŞ-nin münasibət bildirdiyini qeyd edib:
“Filmin yayımlanması ilə bağlı artıq Milli Televiziya və Radio Şurası (MTRŞ) açıqlama verib. Ona görə də telekanal məsələyə münasibət bildirməyi lazım bilmir”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşovreport.az saytına məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə, qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir: “”Gecə qonağı” filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orada müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil. Bu cür filmlər və verilişlərin 23:00-dan səhər saat 7:00-dək verilməsinə mövcud qaydalar imkan verir”.