Nikahöncəsi verilən yalançı tibbi arayışlar

Baxış sayı: 1. 715

Ailə həyatı qurmaq, övlad sahibi olmaq hamının arzusudur. Amma ailə qurulan zaman bu ailənin, doğulacaq körpələrin gələcəyi əvvəlcədən düşünülməlidir.

Valideynlər çox zaman səhhətində problemləri olan övladlarının problemlərini gizlədərək evləndirməyə çalışırlar. Amma qurulan gənc ailələrdə baş verən sonrakı problemlər, sonsuzluq, qüsurlu körpələrin dünyaya gəlməsi və s. vəziyyəti daha da qəlizləşdirir. Elə bu səbəbdən də 2014-cü ilin oktyabrında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edildi. Həmin qanuna əsasən Ailə Məcəlləsinin 13-cü maddəsi yeni variantda verildi. Belə ki, nikah zamanı tibbi arayışın məcburi olması qərara alındı və 2015-ci il iyun ayının 1-dən etibarən nikah zamanı tibbi arayış tələb olunmağa başladı.

Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, ailələrdə olan problemlər, xüsusilə boşanmaların səbəbləri araşdırılarkən müəyyən edilib ki, nikaha daxil olacaq şəxslərin öncədən müayinədən keçməsi olduqca vacibdir. Bu, həm tərəflərin hüquqları, həmçinin ailədə dünyaya gələcək uşaqların sağlamlığı, ailənin bütövlüyünün qorunması baxımından vacibdir.

Statistika göstərir ki, boşanmaların əksəriyyətinin səbəbi sonsuzluq və ya təhlükəli xəstəliklərin aşkarlanması, eyni zamanda, qüsurlu körpələrin doğulması ilə bağlıdır. Yeni qanun qüvvəyə mindikdən sonra nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat şöbələrinə öz ərizələrilə bərabər, tibbi müayinədən keçdiyini təsdiq edən arayışı da təqdim etməlidir. Həmin arayışda şəxslərin tibbi müayinədən keçdiyi təsdiq olunmalı, lazımi tibbi məsləhətlərin verildiyi də öz əksini tapmalıdır. Ancaq nəticə anonim olaraq saxlanılır. Çünki insanın sağlamlıq durumu barədə informasiyalar fərdidir, konfedensialdır, eyni zamanda həkim sirridir. Nikaha daxil olan digər şəxsin bu məsələni bilməsi vicdani xarakter daşıyır.

Nikah zamanı tibbi arayışda AİDS, immun çatışmazlığı, narkomaniya, dəri-zöhrəvi xəstəlikləri və hepatit yoxlamaları da öz əksini tapmalıdır.

T.İbrahimova deyir ki, qanunverciliyə görə bir şəxsin digərini SPİD, yaxud dəri-zöhrəvi xəstəliklərinə yoluxdurması cinayət məsuliyyəti deməkdir və bu səbəbdən də nikah etibarsız sayıla bilər.

Nikah zamanı tibbi arayışın tələb edilməsi bir çoxlarında narahatlıq yaradır. İllərini xarici ölkələrdə keçirmiş, müəyyən xəstəliklərə yoluxmuş şəxslərin ailə qurma istəklərini, xəstə övladlarını normal şəkildə evləndirmək istəyən valideynlərin arzularını kölgələyən tibbi arayışın saxtalaşdırılması məsələsi də gündəmə gəlib. Taliyə İbrahimova bildirir ki, bu sahədə baş verə biləcək özbaşınalıqlar, səhlənkarlıqlara görə həmin arayışı verən həkim birbaşa məsuliyyət daşıyacaq: “Ona görə də nəticələri gözə alaraq bunu etməməlidir. Korrupsiya halları baş verəcəksə belə, o, cinayət məsuliyyəti daşıyacaq. Bu cür risklər hər zaman ola bilər. Nikaha daxil olmaq üçün müraciət edən şəxs arayış təqdim etməyəcəyi təqdirdə nikah baş tutmayacaq”.

Terapevt Məlahət Abbasovanın sözlərinə görə, insanları bütün xəstəliklər qorxudur. Ona görə onlar öz xəstəliklərini gizlətməyə can atırlar: “Çünki ailələrin çoxu ailə qurmaq xatirinə qurulur. Mən özüm nikah zamanı tibbi arayış verən həkim mütəxəssisi olmasam da, görürəm ki, müraciət edənləri hansı xəstəliklər qorxudur. Əsasən AİDS, cinsi yoluxucu xəstəliklər, hepatitlər və s. bu kimi xəstəliklər tərəfləri qorxudur. Buna görə də, onlar çalışırlar ki, ya nəticələri qarşı tərəfdən gizlətsin, ya da saxtalaşdırsın. Sevgi bağı və ya evlənəcəyi insanın hisslərinə etibarı olmayan insanlar daha çox saxtakarlığa can atırlar. Bura sizin dediyiniz kimi xarici ölkələrdə işləmiş və müəyyən yaşdan sonra ailə qurmaq üçün ölkəsinə qayıtmış, gecə həyatına üstünlük verən qadın və kişilər aiddir. Yəni həkim qarşısındakına baxan kimi bilir ki, kim kimdir. Mən inanmıram ki, hansısa həkim pul müqabilində arayışı saxtalaşdırsın. Əgər belə fakt varsa, bu insanların cəzalandırılması mütləqdir”.

Hüquqşünas Aqil Layıc qeyd edir ki, həkim nikah zamanı tələb edilən tibbi arayışı saxtalaşdırarsa, bu zaman o, Cinayət Məcəlləsinin 313-cü (“Vəzifə saxtakarlığı”) maddəsi ilə məsuliyyətə cəlb ediləcək: “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə bildirir ki, nikahdan qabaq düzgün tibbi müayinədən keçmək gələcək cütlüyün özü və övladının sağlamlığı üçün lazımdır. Deputat hesab edir ki, nikaha girmək istəyən gənclərin nikahdan öncə tibbi müayinədən hansısa yollarla yayınması genefondumuza böyük zərbə vura bilər: “İnsan özünün və gələcək övladının düşməni olmalı deyil”.

M.Quliyev eyni zamanda nikah öncəsi gəncləri tibbi yoxlamaya salmadan yalançı arayış verən həkimlərin və tibb müəssisələrinin məsuliyyət daşıdığını da qeyd edib. Onun “modern.az”a dediyinə görə, nikah öncəsi tibbi yoxlamanın ayrı cür yola verilməsi mümkün deyil. “Yalandan gedib arayış almaqla iş olmaz. Çünki gələcəkdə uşaq doğulanda hansısa ciddi fəsadlı xəstəlik olsa, o məsuliyyət birbaşa olaraq vaxtilə ailə qurmağa hazırlaşan gənclərə arayış vermiş həkimin və tibb müəssisəsini üstündə qalır” deyən Quiyev tibb müəssisələrinin bu addımı ata biləcəyinə inanmır. Deyir ki, vətəndaşlarımız özləri də şüurlu şəkildə öz xəstəliklərini bilə-bilə ailə qurub özlərini və doğulacaq övladlarını bədbəxt etməməlidirlər.

Qeyd edək ki, nikahdan qabaq tibbi müayinə üçün dövlət bütün xərcləri öz üzərinə götürür. Müayinələr də tam pulsuzdur. Bakıda ixtisaslaşmış müayinələr lazımdırsa, onlar da hamısı dövlət vəsaiti hesabına həyata keçirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir