Artıq qış fəslini geridə buraxdıq, qarşıda bizi yay gözləyir. Bu isə qızmar günəş, çimərlik, təbiət qoynunda istirahət, dondurma və bu fəslin ayrılmaz hissəsi olan digər atributlar deməkdir.
Yayın, həmçinin bir xüsusiyyəti də var: məhz bu isti aylar ərzində minlərlə abituriyent ali məktəblərə qəbul imtahanları verir. Nəticədə isə bəziləri sevinc, bəziləri isə məyusluq yaşayırlar. Amma yaşamayanlar da olur.
Faciə ildən-ilə təkrarlanır
Nə qədər acınacaqlı olsa da, hər il bir neçə yeniyetmə ali təhsil ocaqlarına vəsiqə qazana bilməməsi səbəbi ilə həyatına qəsd edir. Builki imtahanların ilkin mərhələsi artıq geridə qalıb, yaxın günlərdə nəticələr açıqlanmalıdır. Amma intihar faktı artıq qeydə alınıb.
Düzdür, Bakıda, Yeni Yasamal yaşayış massivində yaşayan və qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü atan qızın 15 yaşı olub, o, ali məktəb abituriyenti olmayıb. Amma bildirilir ki, mərhum qarşıda gözlənilən imtahandan az bal yığacağını, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.
Ölüm qaçılmazdır. Bu dünyaya gələn hər canlı bir gün həyatla vidalaşacaq. Amma erkən ölümlər, xüsusən də yeniyetmələrin özlərinə qəsd edərək həyatla haqq-hesab çəkmələri anormal olmaqla bərabər həm də çox üzücüdür, əsl faciədir. Bəs, yaxşı, abituriyentləri belə addım atmağa vadar edən nədir? Kimdir əsl müqəssir? Bu faciələrdən qaçmaq mümkündürmü?
Hər şeyi məhv edən təzyiq
Öncədən qeyd edək ki, zənnimizcə, bu cür hadisələrdə əsas günah payı valideynlərin üzərinə düşür. Övlad dünyaya yenicə göz açan kimi ata-ana onun üçün müəyyən bir həyat planı cızır, əsas mərhələlər müəyyənləşdirilir. Və ali məktəbə daxil olmaq kimi məqsəd bu planların mütləq əksəriyyətinin ayrılmaz hissəsidir.
Azərbaycanda bu, indi də belədir, əvvəllər də belə olub. Hətta sovetlər dönəmində ölkənin bəzi bölgələrində ali savadı olmayan oğlanlara qız verməyiblər, bəzən isə kənd camaatı 5-6 mal-qarasını satıb övladlarını hansısa instituta “düzəldiblər”. Ənənə bu gün də yaşamaqdadır. Ancaq, əlbəttə ki, müəyyən dəyişikliklər var.
Məsələn, SSRİ zamanında ali təhsilli mühəndis təyinatla zavod və ya fabrikdə çalışmağa gələndə ilkin məvacibi təqribən 120-140 rubl olurdu. Amma elə həmin müəssisədə 8 illik təhsillə tornaçı, frezerçi, çilingər işləyən şəxslərin maaşları bundan 2, 3, hətta 4 dəfə artıq olurdu. Yəni maddi kriteriyalarla qiymətləndirəndə, hələ kimin bəxtinin gətirmədiyi – ali məktəbə qəbul olanın, yaxud imtahanlardan “kəsilənin” – sualı ətrafında düşünməyinə dəyərdi.
Lakin bu gün vəziyyət bir qədər başqadır. Yüksək rifahı təmin etmək üçün əsasən ali savada malik olmalısan, xarici dilləri mənimsəməlisən. Əks halda, çox zaman günü 20-30 manata iş tapmaq üçün min qapını döyəcəksən. Əlbəttə, istisnalar da mümkündür. Amma qaydanı bilən istisnaya niyə güvənsin ki?
Bütün bunları çox gözəl anlayan yaşlı nəsil də övladlarına olmazın təzyiq göstərir. Bəzən bu təzyiq o həddə çatır ki, yeniyetmə psixologiyasını öz ağırlığı ilə əzir, gənci həyatdan iyrəndirir və usandırır. Əlbəttə, heç kim ciyərparəsinə pislik istəməz. Ancaq valideynlər anlamalıdırlar ki, həyat yalnız çoxlu pul qazanmaqdan ibarət deyil, xoşbəxtliyi, səadəti, qəlb aramlığını da dünyanın heç bir ləl-cavahiratı qarşılığında almaq mümkün deyil.
Və bunları anlayandan sonra eyni mətləbi uşaqlara da anlatmalıdırlar. Başa salmalıdırlar ki, ali məktəbə daxil olmamaq hələ son demək deyil. Həyat hələ indi başlayır və qarşıda hələ çox şanslar ələ düşəcək. Belə qarşılıqlı anlaşıq yarandığı təqdirdə heç bir gənc özünə qəsd etməyi ağlından da keçirməz.
Təhsil də öldürür
Burada bir məsələni də qeyd etmək lazımdır. Zənnimizcə, bu faciələrin meydana gəlməsinin bir səbəbi də Azərbaycanda təhsil sisteminin bərbad vəziyyətidir.
Heç kimə sirr deyil ki, bu gün ali məktəbə hazırlaşan abituriyentlərin, bəlkə də, 99 faizi repetitor xidmətindən istifadə edir. Nəzərə alsaq ki, ali məktəbə daxil olmaq üçün 5 fəndən imtahan verilir və paytaxtda hər fənnin aylıq hazırlıq haqqı 70-100 manat arasında dəyişir, o zaman valideynin hər ay uşağın təhsilinə 500 manata qədər vəsait xərclədiyini etiraf etməliyik.
Vətəndaşların ümumi orta durumu bəllidir və əhalinin böyük hissəsi üçün bu məbləğ ağırdan da ağır bir yük və iztirablı imtahandır. Yenə də nəzərə alsaq ki, abituriyent yalnız 11-ci sinifdən repetitor xidmətindən istifadə edir (hərçənd bəzən bu proses 10-cu, hətta 9-cu sinifdən başlayır), o zaman ailənin hansı məbləği övladının təhsilinə yönləndirdiyini görərik.
Və təsəvvür edin ki, bu qədər maddi sıxıntıdan sonra nəticə “sıfır” olur. Ata-anaların isə hamısı alicənab, təmkinli və müdrik olmur. Uğursuzluğa düçar olub üzüntü içində qıvrılan gənc 5-10 min manatının havaya sovrulduğunu anlayan valideynlərin qəzəbinin hədəfinə çevrilir. Təəssüf ki, hamı bu təzyiqə davam gətirmir və faciə baş verir. Amma baş verməyə də bilərdi. Əgər təhsil müəssisələrində şagirdlərə kifayət qədər bilgi aşılansaydı, nə valideynlər borc-xərcə düçar olardılar, nə də gənclər bu qədər gözükölgəli.
Seçim qətidir!
Sonda isə qeyd etmək istərdik ki, həyatda bütün arzularına və məqsədlərinə çatan olmayıb. Onların çoxluğu isə əsl başağrısıdır. Elə bu səbəbdən də ağıl sahibləri arzuların sayının azaldılmasını tövsiyə ediblər. Amma hətta hansısa arzunun ilğım kimi əriyib əlimizdən getməsi də bizi həyatdan küsdürməməlidir.
Zaman hər şeyin dərmanıdır. Stress anında uğursuz nəticə əldə etmiş abituriyentə bu çətin dövrü adlamağa yardım etmək lazımdır. Bu yardımın əhəmiyyətli hissəsi isə valideynlərin payına düşür. Və hansının – ali təhsil almağın və ya həyatın erkən tamamlanmasının qarşısının alınmasının daha vacib olduğunu düşündükdə, heç şübhə etmirik, seçim ikincinin üzərində dayanacaq.
Odur ki, seçim anında emosiyalara qapılaraq səhvə yol vermək olmaz. Bunu özümüz üçün etmiriksə də, heç olmasa övladlarımız üçün edək.
Polad Xudayarlı