Gənc kadrların yetişməsi, istedadlı gənclərin üzə çıxarılması üçün əlindən gələni edir. Onu heç vaxt bir yerdə dayanan görməzsən, daim qurmağa, yaratmağa çalışır. Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı rolları ilə seçilir, sevilir. Bu dəfə teatr, kino aktyoru, rejissor, Azərbaycanın xalq artisti, təvazökar insan Ağaxan Salmanlının uşaqlıq, orta məktəb və tələbəlik illərinə səyahət etdik…
Atasını dörd yaşından görür
1941-ci il oktyabrın 29-da Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində dünyaya göz açıb. Ailənin sonbeşiyi olan müsahibimiz atasını ilk dəfə dörd yaşında görüb: “Atam müharibədən qayıdan gün payızın axırları olardı. Hava soyuq, küləkli bir gün idi. İşıqlar sönmüşdü. Neft lampası yandırmışdıq. Baş və ayaq tərəfləri nikel olan dəmir çarpayımdan atamın gətirdiyi sapa düzülmüş quru meyvələr, bubliklər asılmışdı. Atamı ilk dəfə görəndə tanımadığımdan anamdan soruşmuşdum: bu kişi kimdir? Qov onu getsin!”.
Qeyd edək ki, müsahibimizin atası Tibb Universitetinin III kursundan könüllü olaraq müharibəyə gedib: “Atam alman faşistlərini Berlinə qədər qovduğuna, qələbə gününə kimi müharibədə iştirakına görə fəxr edirdi. Xasiyyətimdəki dəqiqliyə, intizama görə atama borcluyam: müharibədən təzəcə qayıdan bir zabitin intizam havası hələ canında idi və onun tələblərinin əsas icraçısı da evin kiçiyi olan mən idim. Deyirlər, sonbeşiklər ərköyün böyüyür, lakin, mən əsgər böyüdüm”.
Müharibədən qayıtdıqdan sonra maliyyəçi kimi işə başlayan atasının ədəbiyyata, xüsusilə poeziyaya böyük sevgisi olub: “Evimizdə tez-tez şeir, sənət biliciləri, xiridarları toplaşardı, sənət məclisləri qurulardı. Atam da o biriləri kimi müxtəlif janrlı şeirlərini, qəzəllərini bu məclislərdə oxuyardı, Əli Fani təxəllüsü ilə. Belə məclislər qurulanda qonaqlara qulluq edər, onların maraqlı söhbət-mübahisələrinin şahidi olardım”.
“Uşağı həkimə apar, deyəsən başına hava gəlib”
Balacalıqdan aktyorluğa marağı olan həmsöhbətimiz hamı işə gedəndən sonra içində qaynayan istedadını özü-özünə nümayiş etdirərmiş: “Elə ki, səhərlər hamı işə gedərdi, axşamacan evdə qalar, dərslərimi hazırlayardım, boş vaxtlarımda başlayardım “rol” oynamağa. Əsasən radiodan, bəzən kinolardan, sonralar televiziyadan, hərdənbir teatr tamaşalarından adda-budda yadımda qalanları intonasiyalarla ifa edər, bəzən özümdən uydurduqlarımı gah amiranə, gah acizanə, gah gülərək, gah ağlayaraq söyləyərdim. Lakin adam yanında utanırdım. Çox vaxt güzgünün qabağında monoloq deyirdim. Getdikcə güzgüdən çəkildim, çünki fikrim özümlə güzgü arasında bölünürdü, hiss edirdım ki, tamlıq yaranmır, o da ləzzət eləmirdi. Güzgüsüz isə bütün fikrim özümdə olurdu, bu isə mənə daha çox xoş gəlirdi”.
Canlandırdığı rollara uyğun paltar seçmək problemi də olmayıb: “Ailə üzvlərinin geyimlərindən gen-bol istifadə edirdim. Adicə mələfədən, ya iki-üç metrlik parçadan müxtəlif geyimlər, örtüklər yaradırdım. Gah zalım şah olurdum, gah da zülmü əzən xilaskar. Sən demə, səsimi qonşu evdar qadın Şirin xala eşidib, məndən xoflanıbmış. Günlərin birində anamı xəbərdar etməyi də özünə borc bilir:
– Ay Tubu, uşağı həkimə apar, deyəsən başına hava gəlib?!
Bu söhbətdən sonra uşaq bağçasında tərbiyəçi kimi işləyən anam məni izləyir, gördüklərindən başa düşür ki, bu, teatr həvəsidir, ona görə də dinmir”.
Amma böyüdükcə sənətə həvəs kimi görünən münasibəti ciddiləşir: “”Ulduz” operettasına baxmışdım. İcazəsiz getdiyimə və evə çox gec çatdığıma görə anam tərəfindən oxlovla döyüldüyümə baxmayaraq, həmin tamaşadan Məhəmmədlə Züleyxanın səhnəsi repertuarıma daxil oldu. Bu səhnəni bir teatrın aktyoru kimi, hər iki obrazı öz tərzilə canlandırar, dioloq aparar, mahnılarını oxuyardum. Dostlarım da tamaşama dururdu. Elə ki darıxırdılar, “onu bir də oyna bizimçün” deyə əl çəkmirdilər. Mən də dönə-dönə, həvəslə oynayır, hər dəfə də ləzzət alırdım”.
Mühasib aktyor
Teatra olan həvəsi valideynləri və qardaşları tərəfindən yaxşı qarşılanmır. Ailədə heç kəs onun aktyor olmasını istəmir. Ən çox da atası. Lakin bu istəyi heç bir kənar təzyiq içindən qoparıb ata bilmir. Hamının və hər şeyin əleyhinə gedərək, ürəyi istəyən kimi hərəkət edir və on beş yaşından teatr taleyi başlayır: “İlk olaraq Suraxanı Mədəniyyət Sarayındakı özfəaliyyət dram dərnəyinə üz tutdum. Dərnək üzvlərinin hamısı məndən yaşca böyük idilər. Bu səbəbdən əvvəlcə məni götürmək istəmədilər. Həmin vaxt dram dərnəyinin rəhbəri Əlimran Şirvanski (Dəmirov) idi. O, mənum məyus olduğumu görüb dözmədi, razılıq verdi. Beləliklə, aktyorluq sənətində ilk müəllimim Əlimran Şirvanski oldu. Dram dərnəyindəki fəaliyyətim genişləndikcə, aktyor olmaq qərarım qətiləşdi. Qərarım qətiləşdikcə qarşımdakı sədlər daha da kəskinləşdi. Atam aktyor həyatının çətinliklərindən agah imiş, bilirmiş ki, bu sənəti seçənlərin həyatı acınacaqlı olur, daim maddi çətinliklərlə üzləşirlər. Elmlər Akademiyasında maliyyəçi işləməsi səbəbindən isə rektorlarla tanışlığı var idi, istənilən təhsil ocağında təhsil almağıma dəstək ola bilərdi. Mən özüm də yaxşı oxuyur, özümə arxayın idim. Atam məni fikrimdən daşındırmağa çalışsa da, başqa sənət seçməyi təklif etsə də, mənə heç bir təsiri olmadı. Vaxt çatdı, dərslər bitdi. Atam dediyində israrlı çıxdı. Məni Fizika Elmi Tədqiqat İnstitutunda mühasib vəzifəsinə işə düzəltdi. Mühasibatın lazımlı əməliyyatlarını bilirdim, çünki atamın işi çox olanda, sənədləri evə gətirərdi, ona kömək edərdim. O səbəbdən mühasibat işindən bildiklərim və təcrübəm var idi. Həvəsim olmasa da, atamın sözündən çıxa bilmədim və mühasibat işinə başladım. Amma mühasib işləyə-işləyə axşamlar özfəliyyət dram dərnəyində fəaliyyətimi davam etdirirdim”.
Eyni vaxtda iki yerə qaçmağı onu dolaşdırır: “Axşamlar dərnəyə gedir, səhərlər yataqdan güclə durur, günortaya kimi işdə mürgü vururdum. Günlərin birində işçilər bir-birinə dəydi, çoxunun maaşı əskik hasablanmışdı. Səhvən yaşından, cinsindən asılı olmayaraq, bir ucdan hamıdan uşaqpulu vergisi tutmuşdum. O vaxt belə bir vergi növü vardı. Bir müddət işlədim, bir söz demədilər, səhv tutduğum pulları növbəti ayın maaşına əlavə etdim. Baş mühasib Kazım Tağıyeviç görürdü ki, mühasibliyə zərrə qədər marağım yoxdur. Fikrini atama da demişdi. Bir yandan da institutun direktoru Həsən Abdullayevin məsləhəti atamın inadını yumşaltdı. Elə o vaxtlar Dənizkənarı bulvarda konsertimiz oldu. Sən demə, axşamtərəfi Həsən müəllim həyat yoldaşı ilə bulvarda gəzintiyə çıxıbmış, bir də görür, təzə mühasib Səlyanski olub, Məcnun rolunda yanğılı oxuyur. Sonra Həsən müəllim atamla görüşəndə, məni bu mühasibat qəfəsindən azadlığa buraxmağı məsləhət görür. Atam həmin gündən “yaxşı, get, o teatr, o da sən”, – deyib məni sərbəst buraxdı”.
“Müəllimi inandırdılar ki, mən tarixçı yox, aktyor olacağam”
Birinci il tarixdən aldığı qeyri-kafi qiymət onu institutdan kənarda qoyur: “Bunu eşidən İbrahim Azəri Kukla Teatrının truppasında aktyor yeri olduğu xəbərini mənə göndərdi. O, qəsəbəmizin Mədəniyyət evində dram dərnəyinə rəhbərlik edirdi. Kukla truppasında qabiliyyətimi yoxladılar, məni işə götürdülər. Bir il orada işlədim və 1960-cı ilin yayında sənədlərimi yenidən Teatr institutunun dram və kino aktyorluğu fakultəsinə verdim. Az qala yenə tarix fənnindən kəsiləcəkdim, lakin kursun rəhbəri Rza Təhmasib, rektor Rahib Hüseynov, bir də bizim ailənin dostu teatrşünas Ədilə Əliyeva birləşib tarix müəllimini inandırdılar ki, mən tarixçı yox, aktyor olacağam. O da mənə “tramvay altında qalmış” “kafi” yazdı və tələbə oldum. Adımı tələbələr siyahısında görəndə sevincimdən şəhərin küçələrini xeyli gözüyaşlı gəzdim, özümə gələndən, sakitləşəndən sonra evə qayıtdım. Evdə isə təkcə anam sevincimə qoşuldu, məni öpdü, kövrəldi”.
İntizamsızlığa görə davamiyyətdən məhrum olur
Qaynar tələbəlik illəri başlayır: “Tələbəlik illərim maraqlı hadisələr, gözlənilməz döngələr, bəzən qarşılıqlı anlaşılmazlıqdan yaranan xoşagəlməzliklərlə yadda qalıb. Rəqs dərslərini çox sevirdim. İlk dərsdə rəqs imkanlarımızı yoxlayan müəllimimə heç vaxt xüsusi məktəb keçmədiyimi bildirsəm də, xoreoqrafiya ilə məşğul olduğumu güclə boynuma qoymaq istəyirdi. Müəllimimiz İvan Pavloviç Jdanovun qeyri-standart xarakteri vardı, lakin fənnin tədrisində əvəzsiz idi. Adəti də belə idi, birinci dərs saatında həmişə kiçik trenajdan sonra yeni bir rəqs öyrədərdi. Onu da deyim ki, bu məqamda heç vaxt onun yadına düşməzdim. İkinci saatda isə bildiyimiz rəqslərin təkrarı olardı. Bax, bu vaxt İvan müəllim məni axtarardı. Hərçənd kim onu hirsləndirmək istərdisə, “İvan müəllim” deməyi bəs idi. İvan Pavloviç müraciətindən xoşu gələrdi. Təkrarda hər dərsdə sırada birinci dayanmağı israr edərdi, o mənada ki, ardımca gələnlər mənə baxıb hərəkətlərin ardıcıllığında çaşmasınlar. Ücüncü kursda idik. Həmin gün ilk dəfə vals öyrədirdi, mən də həmişəki kimi kənardan baxıb öyrənməyə çalışırdım. Nəsə bu dəfə heç nə alınmırdı. Müəllimə bir-iki dəfə müraciət etdim, gördüm baş qoşmaq istəmir. Zəng oldu, tənəffüsə çıxdıq, qonşu auditoriyanı boş görüb, keçdim oraya və inadla “para”ları məşq etməyə başladım. Tənəffüs bitdi, təkrarın məqamı çatdı, hə, indi müəllimə lazım oldum. Çağırdılar, getmədim, axı valsım hələ yarımçıq qalmışdı, tam dərk edə bilmədiyimdən qanım qara, müəllimdən incik idim. Bu illər ərzində bir dəfə də olsun mənimlə xüsusi məşğul olmamışdı, üç ilin incikliyi üzə vurdu. Təkrar çağırdılar, yenə getmədim. Müəllim intizamsızlığımdan şikayət etdi, buna görə dərsə davamiyyətdən məhrum oldum. On gündən sonra köməyimə kurs yoldaşlarım çatdı, rektora səbəbini açıqladılar, üzr istəmək şərtilə işlər sahmana düşdü. Əvvəl üzr istəmək yersiz göründü mənə. Lakin uşaqlar inadımı qırdılar, “sən bizdən üzr istə, axı sən bizim dərsimizi pozmusan”. Tələbələr qarşısında üzr istədim və tələbəlik hüququm bərpa olundu”.
Uğurlu rolu tələbə adını qaytarır
Həmsöhbətimiz tələbəlik illərində az qala institutdan qovulması barədə də danışdı: “Dördüncü kursda bütün imtahanları verib, qış tətilinə çıxırdıq, son semestrə gəlməliydik. Tələbələrdən biri kino çəkilişində olmalıydı, ona görə hamıdan xahiş etdi ki, tətildən on gün gec qayıdaq, deyərik bilməmişik, elə bilmişik semestr fevralın 10-dan yox, 20-dən başlayır. Sözü bir yerə qoysaq, inandırıcı olardı. Səbəbi də o idi ki, kursun rəhbəri professor Rza Təhmasib radio, televiziya və kino çəkilişlərimizə qadağa qoymuşdu. Bunu çox sadə məntiqlə izah edirdi; “mən sizi aktyor kimi yetişdirirəm, formalaşdırıram, hər kəsin bu yolda özünəməxsus üsulları, yolları var. İmkan verin, mən də işimi tamam eləyim, sona çatdırım. Sonra kim hara istəyir getsin, teatra, kinoya, dublyaja”. Kəsəsi, necə şərtləşmişdiksə, elə də etdim, dərsə on gün gec getdim. Sən demə, kino çəkilişləri təxirə salınıb, hamıya xəbər verilib, uzaqda yaşadığıma görə mənə xəbər çatdırmaq mümkün olmayıb. Mən də getmədiyimə görə məşqlər hər dəfə təxirə salınıb. Bundan bezən professor hamını tənbeh üçün rektorun otağına yığıb, elə o məqamda mən gəlib çatmışam. Çatan kimi məni rektorun otağına apardılar. O ki var tənbeh olundum, abırdan salındım, dinə də bilmədim. Bu danlaqlara dözdüm. Rektor tərəfindən belə bir şərtlə dərslərə buraxıldım: “Bu gündən institutdan xaric edilirsən. Əgər öhdənə düşən rolu əla oynasan, məşqlərdə heç bir intizamsızlıq göstərməsən, tələbəlik hüququnun bərpasına o zaman yenidən baxılacaq. Xaric olunmağım barədə əmr də asıldı”. Şükür ki, Fridrix Şillerin “Qaçaqlar” əsərində Şpigelberq rolum uğurlu alındı, tələbə adımı qaytara bildim”.
Acılı-şirinli xatirələrini bizimlə bölüşən xalq artisti “ötən günə gün çatmaz, calasan günü günə” deyir. Bildirir ki, yenidən tələbə olsaydı, o illəri daha fəal, daha sərbəst, komplekssiz yaşayardı. (Kaspi.az)