leyla eliyeva

Leyla Əliyevadan yeni ŞEİR – Tanrım, sən mənə güc ver…

Baxış sayı: 3. 455

Tanrım, sən mənə güc ver –
heç zaman unutmayım;
Allah kəlamlarının
pak, təmiz nəfəsini…
Tanrım, sən mənə güc ver –
Bilməyim yalan nədir.
Axı bizim dünyada,
qəlbi saflıq hər şeydən,
ucadır, dəyərlidir…

Tanrım, sən mənə güc ver,
tamah, nəfs qədəhi,
dəyməsin dodağıma…
Tamah! – Onun gözləri
heç vaxt, heç yerdə doymaz…
Tamah… dolu badəni
içdikcə də boşalmaz…

Tanrım, mənə güc ver ki,
çox, çox yüksəyə uçum…
Bir daha anlayım ki,
qanadlarım kövrəkdir –
ağac budağı təki…
Həddimi aşsam azca
coşsam boş təkəbbürdən,
bolluqdan gicəllənib
Həyatın düz dibinə
yuvarlanıb düşməyim…

Tanrım, sən mənə güc ver –
Kindən və ədavətdən
partlayıb,
göz yaşını
gizlədənləri görüm.
Onların bu kininə,
gizli ədavətinə
xeyirlə cavab verim.
“qanı qanla deyil
suyla yuyarlar” –
Atalar sözlərinə
Əməllə cavab verim.

Kiminsə arxasınca
danışaraq, heç zaman
təhqirlərə keçməyim…
Gözlərimin önündə
təsəvvür edib onu,
Ürəyimdə nə varsa,
elə üzünə deyim?..

Tanrım, mənə güc ver, güc,
qoy yazığım gəlməsin
binəva insanlara…
Yazıqla yazıqlanmaq
alçaltmaqdır, əslində..! –
Əgər yazığın gəlir,
söylə ona,
ey insan,
istəsən
sən özün də
güclü ola bilərsən..!
Qoluna qüvvət qatıb
sərhədləri yenərsən…

Tanrım, mənə güc ver ki,
anlamsız şeylər üçün…
Yalvarmayım mən sənə,
pozmayaq Ulu Göyün
ruhi tarazlığını…
Tanrı, mənə güc ver ki,
dünyaya yeni gəlmiş
körpə tək məsum olum…
Qəlbi şeytan əlində
olanın əlləriylə
bataqlığa düşməyim…

Əgər birdən görsəm ki,
yolumu azıram mən,
Yaddan çıxarmayım ki,
haqq yolu da açıqdır.
Tanrım, mənə güc ver ki,
qoy hamını sevim mən
Çünki bütün insanlar,
Tanrının zərrəsidir…

Rus dlindən çevirəni: Mahir Qabiloğlu 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir