aile budce

Ailə büdcəsi: nədən imtina etməli, necə xərcləməli?

Baxış sayı: 1. 902

“Ümumi götürdükdə ailə büdcəsi dövlət büdcəsindən heç nə ilə fərqlənmir. Ailə büdcəsi, müəssisənin büdcəsi və dövlət büdcəsi ardıcıllıqla gedən, bir-birinə bənzəyən gəlir və xərclərin planlaşdırılmasından asılı olan eyni strukturdur. Bu səbəbdən ailə büdcəsinin idarə olunması çox vacibdir”. Bu fikirləri iqtisadçı ekspert Samir Əliyev deyir.

Vətəndaşların ailə büdcəsini düzgün planlaşdırmasının vacibliyini vurğulayan ekspert hesab edir ki, istənilən cəmiyyətə ailənin rifahı büdcəni düzgün planlaşdırmaqdan asılıdır: “Bu gün biz baş verən iqtisadi proseslərin fonunda bəlkə 10-cu dərəcəli mövzunu müzakirə edirik, amma ümumi götürəndə inkişaf etmiş ölkələrin özündə də ailə büdcəsinin düzgün idarə olunması fikri insanlara aşılanır, təbliğ olunur. Çünki büdcəni idarə etmək çox vacibdir. Elə ailələr var ki qənaət edirlər, gəlirləri az olsa da, öz tələbatlarını ödəyə bilirlər. Amma elə ailələr də var ki, çoxlu gəlirləri var, ailə üzvlərinin hamısı qazanır, amma ailə ehtiyat vəsait toplaya bilmir. Araşdırmalardan görürük ki, hər bir halda ailədə büdcənin idarə olunması ilə bağlı qarşılıqlı razılaşma olmalıdır. Təcrübə də göstərir ki, burada qadının üzərinə çox böyük yük düşür. O ailədə ki qadın qənaət rejimində çalışır, həmin ailələrdə pulla bağlı korluq olmur. Kişi bir qayda olaraq xərcləməyə daha çox meylli olur və ya bəzi hallarda əlavə vəsait xərcləməyə məcburdur. Hər bir halda əsas problem gəlir məbləğidir. Nə qədər qənaət etsək də, gəlirlərimiz istədiyimiz məbləğdə olmazsa, biz istədiyimiz nəticəni əldə edə bilmərik”.

 

Samir Əliyevin sözlərinə görə, Azərbaycanda orta statistik ailənin xərclərinin 70-75 faizini ərzaq xərcləri təşkil edir: “Gəlir az olduqca, xərclərin tərkibində izafi xərclərin payı yüksək olur. Avropa ölkələrində bu 15-20 faizdir. Gəlirin məbləği çox olduğuna görə onlar ərzağa çox az məbləğdə vəsait xərcləyirlər. Azərbaycanda ailə gəlirinin 75 faizini ərzağa xərcləyirsə, deməli digər xərcləri ödəmək üçün ya borca girməlidir, ya kredit götürməlidir. Bunun birinci səbəbi gəlirin az olması, ikinci səbəbi isə büdcənin düzgün idarə olunmaması ilə bağlıdır. Xaricdə keçirilmiş sosial sorğuların nəticələrinə baxdıqda görürük ki, ailədə bir nəfər işləyəndə pul daha düzgün idarə olunur, nəinki ailəyə bir neçə nəfər gəlir gətirdikdə. Gəlir bir mənbədən gələndə daha qənaətlə, daha düzgün idarə olunur.

Картинки по запросу iqtisadçı ekspert Samir Əliyev\

Ailədə qadın işləmirsə, müəyyən işlər görür ki, bu, ailə üçün böyük bir gəlirdir. Məsələn uşağın təhsili ilə məşğul olur, amma elə ailələr var ki ər də, arvad da işləyir, uşağı dayə yanına qoyurlar. Elə ailələr var ki, imkanlıdır deyə restoranlarda, kafelərdə yemək yeyir, evdə yemək bişirmir. Əlbəttə ki, ailədə qadının işləməyi lazımdır. Bu, təkcə maddi təminat baxımdan deyil, həm də doğulacaq uşaqların gələcəkdə daha intellektual olması baxımından da vacibdir. Amma qadınlar işləməsə belə, ailə büdcəsinə kişisinin qazandığı puldan da çox fayda verə bilirlər. Qənaət sistemində müxtəlif variantlar var. Məsələn amerikalının evində böyük soyuducu var, onlar həftədə bir dəfə bazarlıq edir, hər gün mağazaya getmirlər. Bu, vaxt və qiymət baxımından ailəyə sərf edir. Bizdə kişi işləyir deyə vaxtı olmur, qadın isə nəyin, harada və daha ucuz qiymətə satıldığını bilir. Yarmarkalar var ki, qiymətlər marketlərdən kifayət qədər ucuzdur. Buradan bazarlıq etməklə qadınlar kifayət qədər büdcəyə qənaət edə bilirlər. Kişilərin psixologiyası elədir ki, çox axtarmağa meylli olmurlar. Amma qadınlar həm axtarmaq baxımından, həm qiyməti aşağı salmaq baxımından bu məsələdə daha uğurlu alıcı hesab olunurlar. Biz qənaət etmək istəyiriksə, bunun yollarından biri məhz birdəfəlik bazarlıqların edilməsidir. Ucuz və çox. Un, kartof, soğanı mövsüm zamanı almaq lazımdır, çünki qiyməti sonradan dəyişə bilər, bu zaman qeyd olunan məhsullardan daha çox alırlar ki, bu da qənaət sistemidir. Avropa ölkələrində bu üsul çox yayılıb. Avropalılar daha ucuz olan qonşu ölkələrə gedib bazarlıq edirlər. Bizdə də supermarketlər şəbəkəsi son illərdə inkişaf etməyə başladı, əvvəllər bu kimi marketlərdən bazarlıq etməyə meyllilik yox idi. İndi supermarketlərdəki qiymətlər adi mağazadan ucuzdur. Marketlərdə nağdsız ödəniş də mümkünüdür. Azərbaycanda rentabellik çox yüksək idi, insan qısa müddətdə çox məbləğdə pul qazana bilirdi, məsələn, taksi sürücüləri. Amma indi neft gəlirləri və dövriyyədə dollar kütləsi azaldığına görə, artıq pul qazanmaq imkanları çətinləşəcək. Buna görə insanların iqtisadi aktivliyi daha da artmalıdır, tənbəllik dövrü arxada qaldı”.

 

Samir Əliyev minimum ailə büdcəsinin hesablanması ilə bağlı da fikirlərini bölüşdü: “Minimum ailə büdcəsi ilə bağlı həm, həm rəsmi şəkildə açıqlamalar verilir, istehlak səbəti var. Bu səbətə münasibətdə orta gəlir səviyyəsi çox aşağıdır. Biz  ikinci devalvasiya olmamışdan əvvəl, müstəqil araşdırma apardıq, məlum oldu ki, ailədə adam başına orta hesabla 250 manat aylıq xərc düşür. Nazirlər Kabinetinin açıqladığı istehlak səbəti ilə hesablayanda bu rəqəm aşağı çıxır. Ümumdünya Səhiyyə Təşkilatının adam başına düşən aylıq xərclərin hesablanmasına dair xüsusi normativləri var.  O normativlərlə nəqliyyat xərclərini, internet xərclərini də hesabladıq, orta rəqəm 250 manat alındı.  Devalvasiyadan sonra bu rəqəm daha da arta bilər. Qənaət rejimi insanların təfəkküründə oturmalı, öz yerini tapmalıdır. Məsələn, Avropa ölkələrində daha az yanacaq yandıran, kiçik tutumlu maşınlara üstünlük verilir. Bizdə isə vətəndaşlar iri “Jeep”lər almağa üstünlük verir ki, həm yer tutur, həm də belə maşınların istismar xərcləri çoxdur. Avropada evi də yığcam tikirlər, amma bizdə ikimərtəbə tikirik, ömür boyu da təmir edirik. Müqayisəli baxanda pulun nə qədər səmərəsiz xərcləndiyini görürük”.

aile budcesi

Ekspert banklardan lazım oldu-olmadı götürülən kreditlərin ailə büdcəsinə böyük ziyan vurduğunu da deyir: “İnsanlar kredit almaq üçün zərurət olduğu halda müraciət etsinlər. Xarici valyutalı kreditlərdən imtina etsələr, manatla kredit alsalar, daha yaxşı olar. Avqust ayından etibarən banklar krediti verəndə vətəndaşın gəlirini nəzərə alır. Aylıq kredit faizi, aylıq qazancın 50 faizindən çox ola bilməz. Bu, artıq banklar tərəfindən tənzimlənir. Maksimum dərəcədə kreditlərdən imtina etmək lazımdır. Çalışmaq lazımdır ki, gündəlik deyil, birdəfəlik bazarlıq olunsun. Hər halda büdcəsi planlaşdırılan zaman əlavə xərclər də çıxa biləcəyi nəzərə alınmalıdır. Qənaət mütləq olmalıdır. Əvvəlik dövr arxada qaldı, alternativ gəlir mənbələri tapmaq lazımdır, iqtisadi aktivlik lazımdır. Burada da dövlətin üzərinə düşən vəzifə insanların iqtisadi savadının artırılmasıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir