“Qız beşikdə, cehiz eşikdə” atalar sözünü güman ki, çoxunuz eşitmisiniz. Ailədə qızın özünü dərk etdiyi vaxtdan başlayaraq bir çox valideynlər cehiz yığır. Elə valideynlər də var ki, bu işi son ana saxlayır, toy qabağı borc-xərc edib qızını yola salır. Bəzilərinə görə belələri “fərasətsiz”dir… Qarşı tərəfdən də oğlan evi qızıl, brilyant, ev məsələləri ilə bağlı təşvişə düşür, bahalı zinət əşyaları aparmaq naminə bəzən borc-xərcə düşürlər. Bəzi hallarda isə imkansızlıq səbəbindən neçə-neçə ailələr dağılır və ya heç qurulmur.
Bəs gənclər necə düşünür? Ailə qurarkən valideynin maddi dəstəyi önəmlidirmi?
Rəhimə Əkbərzadə:
– Cəmiyyətimizdə möhkəmlənmiş qanunlardan biri odur ki, ailə qurarkən qız evi mütləq oğlan evinə nə isə aparmalıdır. Buna cehiz deyirik. Əslində cehiz, qızıl cütlüyün arasında problem olmamalıdır. Son zamanlar məni sevindirən odur ki, bu o qədər də çox önəm daşımır. Mən özüm də qızın cehiz aparmamasına normal baxıram. Cehizlə xoşbəxtlik olmur.
Mirzaman Təhməzov:
– Cehiz məsələsi məncə, bizə xas adətdir. Avropa ölkələrinə nəzər salsaq, görərik ki, ailə qurularkən belə qayda yoxdur ki, mütləq qız evi cehiz aparmalıdır, oğlan evi də borca-xərcə girib qızıl almalıdır. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Bəzən elə olur ki həqiqətən iki gənc bir-birini sevir, sadəcə, qızın cehiz almağa imkanı olmadığı üçün ailə qurmurlar. Və ya valideynlər borca girir ki, qızına cehiz versin. Məncə, bu adət artıq yavaş-yavaş keçmişdə qalır. Görürük ki, bir oğlanla bir qız həyata sıfırdan başlayıb, öz ehtiyaclarını özləri təmin edə bilirlər. Onlar hətta evi də bir yerdə alırlar. Məncə, yaxın onillikdə Azərbaycanda belə adət qalmayacaq.
İsa Şirinov:
– Mirzamanın fikrinə qatılıram. Xüsusilə Qafqaza xas xüsusiyyətdir. Qərb ölkələrində yalnız evlənmək barədə düşünürlər. Gerisi onlara xırdalıq kimi gəlir. Bunun səbəbi odur ki, onlarda evlənmə yaşı bizdən çoxdur və evlənməyə qərar verə bilən insanlar öz ayaqları üzərində dura bilirlər. Amma Azərbaycanda evlənmək sıralamada 3-4-cü yerə düşür. “Toyu necə edək”, “yeməklər daha yaxşı olsun”, “qız evi nə gətirəcək, oğlan evi nə alacaq” kimi fikirlərə çox diqqət yetirilir, toy ikinci plana keçir. Öz evimizi misal çəkim, bizdə uşaqlıqdan təzə əşyalar alırdılar ki, bu, qızımıza cehizdir. Qız hələ körpə olandan bizim ailədə onun cehizləri yığılır.
Leyla Mahmudova:
– İndidən bizim ailələrdə bir otaq, yaxud şkaf cehiz üçün ayrılır. Qızı olan analar mütləq körpəlikdən yığırlar. Amma ailə ilk olaraq qızın cehizini yox, təhsilini fikirləşməlidir. Bir övladın ən böyük cehizi təhsildir. Cehiz məsələsi bizim mentalitetimizdə var, onu dəyişdirmək çətin məsələdir.
Cahangir Cahangirli:
– Ailə müqəddəs qurum, kiçik dövlətdir. Mənim üçün bir gənc kimi maraqlı olan qızın əxlaqi dəyərləridir. Onun cehizi, pulu mənə maraqlı deyil. Hüseyn Cavidin şeirlərində də bildirilir ki, qızın ən böyük üstünlüyü zinəti yox, əxlaqıdır. Qız bir ailəyə gəlin gəlirsə, onun mənəvi dəyərləri üstünlük təşkil edir. Ailədə ortada sevgi olmasa belə, hörmət olmalıdır. Mənim üçün ikinci vacib məsələ qızın ali təhsilinin olmasıdır. Uşağın tərbiyəsində, yetişməsində ən önəmli şəxs anadır. Ana təhsilli olsa, gözəl də tərbiyə, doğru istiqamət, dünyagörüşü verə bilər. Üçüncüsü isə, ailəyə gələn qızın maddiyyat baxımından var olması deyil, özünün var olmasıdır. Yəni hər anında – pis-yaxşı günlərində səninlə olmasıdır.
Şəfəq Həsənova:
– Mən düşünürəm ki, cehizin verilməsinin zəruri cəhətləri də var. Bəzi məqamlarda cehiz mütləq verilməlidir. Leyla da vurğuladı ki, bəzi ailələr qızlarına təhsil vermir və az yaşda ailə qururlar. Az yaşda ailə qurursa, deməli işləmir. Bu zaman mütləq valideyn dəstəyi olmalıdır. Sevgi var deməklə, heç nə düzəlmir. Bu zaman valideynlər onlara şərait qurmalıdır. Hər iki ailə büdcəsini bir yerə qoyub ev, cehiz almalıdır ki, bu cavan ailə özünü dolandıra bilsin. Amma əvvəlcə karyera qurub, 28-30 yaşında ailə quran insanlar öz ayaqlarının üstündə durmağı bacarırlar. Bu zaman valideynlərin cehiz verməsinə ehtiyac yoxdur. Düzdür, deyirik ki, hər ailə övladına diplom, təhsil verməlidir. Təhsilin olması heç də hər şeyin həll olunması demək deyil. Mütləq dəstək lazımdır. Diplomun olması əsas deyil ki, ailə ona cehiz verməsin.
İsa Şirinov:
– Hər nə qədər qızla oğlan cehiz və zinət əşyaları məsələsində bir-biriylə razılaşsa da, ortada mentalitet var axı… Xalqımızın necə ki toy kimi adəti var, onun arxasında duran məqamlar da əsil toydur. Sadəcə, cehizdə israfçılığa yol verilməməlidir. Qız evi nə çatmırsa, onu gətirməlidir.
Mirzaman Təhməzov:
– Elə bir ailə tanıyıram ki, onlar üçün iki gəncin qovuşmasından, sevgisindən daha önəmli şey bunların cehizi və oğlanın verdiyi zinət əşyalarıdır. Şəxsən mən belə bir hadisəyə rast gəlmişəm ki, oğlan evinin cehizə ehtiyacı olmayıb, amma qız evindən onun əvəzində pul istəyib. Bu o qədər geri düşüncə tərzidir ki, oğlan evi mütləq pul almalıdır? Sanki aralarında alış-veriş edirlər. Oğlanla qızı birləşdirən sevgi yox, alış-veriş olur. Oğlan qızıl alır, əvəzində qız cehiz gətirir.
– Bəs qızlar oğlan evinin qızıl gətirməməsini qəbul edərmi?
Rəhimə Əkbərzadə:
– Cehiz məsələsinə birtərəfli yanaşmaq lazım deyil. Burada ailələri daha çox maraqlandıran ətrafın reaksiyası və nə deməsidir. Toydakı yeməklərdən tutmuş, üst-başa taxılan zinət əşyalarına qədər hamısı göstərişdir. Bu məni şəxsən maraqlandırmaz. Amma bu da həqiqətdir ki, oğlanı maraqlandırmasa da, ailəsini maraqlandıracaq.
Şəfəq Həsənova:
– Biz özümüz üçün yaşamırıq. Başqaları üçün yaşayırıq. “Başqaları bizim üçün nə fikirləşər” sualı bizim üçün çox maraqlıdır. Münasibətlər əvvəldən normal qurulmur. İndi ailələrə “yox qızıl gətirməyin” və ya “mən cehiz gətirmirəm” demək böyük söz-söhbətlərə səbəb olar.
İsa Şirinov:
– Həqiqətən ailələr arasında münaqişə olur. Bir müddət sonra hətta başa qaxılır ki, siz qızıl gətirməmisiniz. Və ya siz nə cehiz verdiniz ki, biz qızıl taxaq. Bunlar da bizim həqiqətlərimizdir.