Ofis

Vaxta necə qənaət etmək olar?

Baxış sayı: 1. 730

Əksər hallarda insanlar vaxtlarının heç nəyə çatmadığından şikayət edirlər. Bəziləri qısa müddət ərzində bir neçə işi yekunlaşdıra bilirlərsə, bəziləri üçün bir gün belə yetmir. Mütəxəssislər hesab edirlər ki, vaxtını düzgün planlaşdıra bilən insanlar çox azdır.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, insanlar vaxtlarının qədrini bilsələr, daha uğurlu olarlar. Xüsusilə də, gənclik illərində insanlar vaxtlarına qarşı etinasız yanaşırlar. Onlara elə gəlir ki, hər şey qabaqdadır və uzun müddət gənc qala biləcəklər. Bu, özünü həm təhsil, həm iş, həm də şəxsi münasibətlərdə göstərir. “Misal üçün, hansısa bir dili və ya proqramı öyrənməli olsalar da, bunu sonraya saxlayırlar. Bəzən isə sonra çox gec olur. Tanışlarımızdan da tez-tez eşidirik ki, “Vaxtım heç nəyə çatmır. O qədər işlərim olur ki, səninlə görüşməyə vaxt tapa bilmirəm. Əslində bu, vaxtın düzgün planlaşdırılmamasından irəli gəlir. Bizim həyatımız günlərdən ibarətdir. Günü düzgün planlaşdırmadıqca bir çox şeyləri qazanmaya, həyatımızı ötəri yaşaya bilərik. İstər iş olsun, istərsə də uşaq tərbiyəsi, hər şeyi vaxtında etmək lazımdır. Günü də elə planlaşdırmaq lazımdır ki, həm ev işlərinə, həm söhbət, həm gəzintiyə, uşaq tərbiyəsinə və s. vaxt çatsın”.

Müsahibimizə görə, elə də adamlar olur ki, hansısa bir görüşə gedəndə vaxtının çox hissəsini həmin görüşə hazırlaşmaqla keçirirlər. İki-üç saat evdən çıxan belə adamlar işə də çox vaxt gecikirlər.

L.Əhmədova bildirir ki, günü düzgün planlaşdırmaya adamlar adətən yuxulu və yorğun olur, işləri yarımçıq qalır: “Bütün bunlar da ona gətirib çıxarır ki, belə şəxslərin əsəbləri pozulur. Onlar üzərində daim həll edə bilmədiyi işlərin yükünü gəzdirirlər. Bu, onların yerişində, davranışında, görünüşündə də özünü göstərir. Belə adamlar çiyinlərini yuxarı qaldırır, çiyinlərindən nəsə düşəcək kimi. Gözlərinin altı şişkin olur. Vaxtını düzgün bölə bilməyənlər tənbəlliklə də seçilirlər. Az hərəkətli, fiziki işi sevməyən olurlar”.

Elə də olur ki, insanlar işlərini çatdıra bilmədikləri üçün özlərini günahlandırır və özlərinə qarşı daha tələbkar olurlar. Onlar yemək, dincəlmək, əylənmək, yatmaq vaxtını ixtisara salırlar. Bu isə daha pis nəticələnir, xroniki yorğunluq, emosional yanma sindromu (işdən hədsiz yorulma) şəxsi daha da çaşqın vəziyytə salır və məyus edir. Ruh düşkünlüyü isə sonda depressiyaya da gətirə bilər.

Bunları etmək, özünü pis vəziyyətə qoymaq əvəzinə psixoloq vaxtı dəyərləndirməyi və ona xüsusi yanaşmağı məsləhət görür: “Vaxta qənaət etmək yolu ilə əyləncədən və həyatın zövqlərindən məhrum olmadan çox şeyi çatdırmaq mümkündür”.

Vaxta qənaət etməyi öyrənmək üçün gördüyün işə fikrini cəmləmək lazımdır. Fikrinin cəmləmək vaxta 80 faiz qənaət etməyə kömək edir. Çox vaxt biz fikirmizi bir işdən o birinə cəmləyə bilmədiyimiz üçün yubanırıq. Fikri cəmləməyə sərf etdiyimiz vaxt ərzində bir neçə iş görə bilərdik. Bu səbəbdən də diqqəti məşq etdirmək lazımdır.

Mükəmməlçilik sindromundan əziyyət çəkənlər də bir işi uzun müddət görürlər. Onlar hər şeyi ideallaşdırmağa çalışaraq işlərini yavaş-yavaş görürlər. Onların yubanmağı həm də xırdalıqlara çox fikir verməyinə görə də baş verir. Əhmədova deyir ki, hansısa bir işi görərkən işin əsas məzmununa fikir vermək, xırdalıqlara isə o qədər də əhəmiyyət verməmək lazımdır: “Bir şeyi də nəzərə alın ki, işin icrasına vaxt ayrıdığınız qədər o, sizin vaxtınızdan “yeyir”. Bu səbəbdən də, misal üçün, evi yığışdırmağı planlaşdırırsızsa, bunu fəal şəkildə neçə saata edəcəyinizi planlaşdırın. Gün ərzində bunu uzatdıqca bu işin sizin nə qədər vaxtınızı aldığına fikir verin”.

İşə mane olan amilləri aradan qaldrıdıqda da, işi bir neçə dəfə tez görmək olar. Bunun üçün mobil telefonu, sosial şəbəkələri söndürmək, elektron poçtu bağlamaq lazımdır. İşin icrası zamanı yalnız iş haqqında fikirləşin. Problemlərinizi, axşama planlarınızı isə başqa vaxt düşünün.

Bəzən insanlar gününü planlaşdırsalar da, bu haqda bütün günü fikirləşirlər. Öz-özünə “indi bunu etməliyəm, sonra bunu” deyir və ya nə etməli olduqlarını yadına salırlar. Yaxşı olar ki, planlaşdırmanı dəftərdə yazsınlar. Bunu etməklə onlar beyinlərini yükləmədən azad edəcəklər. Yükü dəftərə köçürəcəklər.

İş zamanı yaranan pauzalardan düzgün istifadə də vaxta qənaət etməyə kömək edir. Hansısa bir işi görərkən pauza yaranıbsa, məsələn, işin yekunlaşması üçün zəng gözləyirsinizsə, həmin müddət başqa iş görə bilərsiniz.

Onun dediyinə görə, hər şeyi sadələşdirmək, daha asan yolları axtarmaq yolu ilə də vaxta qənaət etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir