efzeleddin R

Ailədə sağlam əlaqə şifrələri – “AİLƏ DOSTU”

Baxış sayı: 640

Ailədə cütlüklər arasında sağlam əlaqə haqda bir neçə məqaləmizdə söhbət açmışıq. Bu silsilə yazılarda isə hər dəfə ailədə sağlam əlaqələrlə bağlı bir neçə şifrəyə işarə edəcəyik. Amma mövzuya başlamadan öncə Artur Şopenhauerin bu sahədə olan maraqlı bir dilemmasına işarə etmək istərdim:

Artur Şopenhauerin 1851-ci ildə nəşr olunan “Parerqa və Paralipomena: Qısa fəlsəfi esselər” əsərinin 396-cı fəslində belə bir mövzu ortaya qoyur:

“Soyuq qış səhəri idi. Bir çox kirpi donmamaq üçün bir-birinə yaxınlaşır və söyuğun şiddəti artdıqca daha çox yaxınlaşmağa səy göstərirdi. Amma oxlarının batdığını hiss edərək, kənara çəkilirdilər. Buna baxmayaraq, soyuq öz şiddətini artırırdı. Üşüyən kirpilər yenə bir-birlərinə yaxınlaşdılar. Oxlar onları narahat edəndə yenidən uzaqlaşdılar. Donub ölmək və oxların ağrısı arasında bir-birini əvəz edən dilemma, aralarındakı məsafəni hər ikisini ağrıya dözəcək bir nöqtəyə çatdırana qədər davam etdi. Bu elə bir nöqtə idi ki, həm tikanlar onları yaralamır, həm də soyuqdan donmamaq olurdu.”

Ailədə cütlüklərin əlaqələri də belədir. Onlar daxili aləmlərindəki sevgi ehtiyacını, boşluğu təmin etmək üçün bir-birilərinə yaxınlaşırlar. Amma qarşı tərəfdən gördükləri dözə bilməyəcəkləri xoşagəlməz xüsusiyyətlər və yanlış hərəkətlər onları bir-birindən uzaqlaşdırır. Nəhayət, onlar nəzakət və ədəb-ərkan qaydalarına uyğun olan ortaq məxrəcə gələrək, hər iki tərəf üçün də münasib olan şəraitdə, birgə yaşaya bilirlər. Burada soyuq hava daxildəki sevgi ehtiyacı və boşluq hissini, bir-birlərinə yaxın olmaq istəyi isə insani münasibətdən gözlənən müalicəvi gücü, kirpilərin narahatedici oxları isə insanların sərhədləri aşan davranışlarını tərənnüm edir. Belə isə, gəlin bir-birimizi incitməməyi öyrənək:

1) Xətalarınızı qəbul edin. Cəmiyyətdə mövcud olan ümumi düşüncə tərzinin əksinə olaraq, münasibət zamanı insanın öz səhvlərini qəbul etməsi ona etibar qazandırır. Amma bir çox cütlüklər, səhvini qəbul etməkdən qorxur. Çünki dəyərsizləşməkdən vəhşətə gəlir. İnsan həyat yoldaşının gözündə qiymətdən düşəcəyini fikirləşir. Yaxud onun cəsarətləndirərək bundan sonra ona hörmətsizlik edəcəyini düşünür. Halbuki, xətalarınızı qəbul etmək əslində qarşı tərəfi tək-silah etmək deməkdir. Sanki savaşa girən iki tərəfdən birinin ağ bayraq qaldırması kimidir. O, sizi potensial təhlükə kimi görməyəcək və buna görə də, öz silahlarını kənara qoyacaqdır. Həmçinin, bu onun üçün də örnək ola bilər.

Bəzən bizi tənqid edənin dərdi, bizim səhvimiz deyil, bəzə xətalı oldugunuzu deyib özünü gələcək təhlükələrdən qorumaqdır. Yaxud önəmli və dəyərli hiss etməkdir. Siz səhvinizi başdan qəbul etsəniz, o da artıq sərt reaksiya verməyə lüzum görməyəcəkdir. Hətta sizi əfv edib, “böyüklük göstərməyi” seçəcəkdir.

2) Müsbət xüsusiyyətlərini təqdir edin. Həyat yoldaşınızın səhvlərini tənqid etməkdən daha çox, onun müsbət addımlarını təqdir edin. İnsanlar tənqid olunduqda özlərini müdafiyəni seçir, hətta gələcəkdə edəcəkləri pis rəftarlarına bəhanə olaraq görürlər. Elmi təcrübələrə əsasən, doğru davranışlarına görə mükafatlandırılan heyvanlar, pis davranışlarına görə cəzalandırılanlardan daha təsirli şəkildə ona təlim edilənləri qavrayır. Amma diqqət edin ki, təqdirləriniz səmimi və düzgün şəkildə ifadə edilsin, saxta olmasın. Ümumiyyətlə, çox gözəl olardı ki, cütlüklər bəzən bir-birilərinə digərinin üç gözəl xüsusiyyətlərini söyləsinlər. Mənfi xüsusiyyətləri deyil, onları onsuz da beyniniz daim xatırlayır.

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir