fast food

“Fast-food”lar: Xeyri çoxdur, yoxsa zərəri?

Baxış sayı: 390

Zaman azlığından gündəlik həyatımızda praktik, başqa cür desək, ayaqüstü istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz “fast food” məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır. Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların istehlakı az vaxtımızı alsa da, zərərlərini demək olar ki, ömür boyu çəkirik. Mütəxəssislər bildirirlər ki, “fast food”lar tez bir zamanda hazırlanan qidalar olsalar da istehlak olunduğu təqdirdə bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir.

“Fast food” adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. Hətta günümüzdə bu qidalara üstünlük verildiyini və çeşidin artığını da nəzərə alsaq, “fast food”ların sayını artırmaq da mümkündür. Həkimlər bildirirlər ki, sadalanan məqamları nəzərə alaraq vitaminlər və minerallar baxımından qida dəyəri aşağı olan “fast food” məhsulları immun sistemini zəiflədir. Həmçinin müxtəlif ictimai iaşə obyektlərində (kafe və restoranlarda) dərin yağda 10-12 saat boyunca kartofların qızardılması səbəbindən yağın tərkibi dəyişir və turşuluğu artır. Belə yağların istifadəsi piylənməyə səbəb olur. Bundan əlavə, belə qidaların tərkibində yüksək miqdarda sodium və duz var. Bir çox hazır qidalarda, çipslərdə, hamburgerlerin tərkibində istifadə edilən qida əlavəsi Monosodyum Glutamat-dır (MSG E621). Bu qida əlavəsi ləzzət artırıcıdır və hər növ yeməyin dadını yaxşılaşdıra bildiyinə görə daha çox tətbiq olunur. Bu qidaların daimi olaraq istehlakı piylənmə və baş ağrılarının yaranmasına səbəb ola bilir.

Bu gün “fast-food” görünüşünə və dadına görə böyüklərdən daha çox uşaqlar arasında ən çox üstünlük verilən qidalar sırasındadır. Ümumiyyətlə, indi demək olar ki, 90 faiz uşaq “abur-cubur” və “fast-food” qidalara üstünlük verir. Bu qidalara isə daha çox restoranların uşaq menyularında rast gəlmək olar. Lakin dietoloqlar bildirirlər ki, “fast-food”dakı sıx qoruyucu maddələr, rəngləyicilər və digər kimyəvi maddələr uşaq orqanizminin inkişafına mənfi təsir göstərdiyi üçün bu qidaları uşaqların menyusundan birdəfəlik çıxarmaqda fayda var. Mütəxəssislər bildirirlər ki, valideynlərin uşaqlarına bu zərərli qidalar haqqında düzgün məlumat vermələri vacib amillərdən biridir.

Dietoloqlar qeyd edirlər ki, təkcə “fast-food” yox, qızardılmış kartoflar, yüksək temperaturda və yağda bişirilən digər qidalar, həmçinin enerji içkilərinin qəbulu uşaqlarda ilk növbədə maddələr mübadiləsini, yəni metabolizmi pozur. Bu qidalar uşaqlarda piylənmənin yaranmasına və mədə-bağırsaq strukturunun pozulmasına gətirib çıxarır.

Uşaq psixoloqları bildirirlər ki, əslində uşaqlar bilərəkdən zərərli qidalara meyilli olmurlar. Sadəcə, uşaq psixologiyası belədir ki, nəyi qadağa qoyurlarsa onlara daha çox meyillidirlər. Uşaqların zərərli qidalara meyilli olmaqlarının əsas səbəbi həm qadağa, həm də uşağa o qidanın zərərini düzgün başa salmağı bacarmamaqdır. Məsələn, valideynlər sadəcə “olmaz!” deyirlər. Psixoloqlar məsləhət görürlər ki, valideynlər araşdıraraq daha  maraqlı yollar tapıb zərərləri övladlarına izah etsinlər.

Həkimlər “fast-food”un uşaqların yalnız sağlamlıqlarına deyil, genofonda da mənfi təsirlər göstərdiyini xüsusi vurğulayırlar.

Bu tipli qidaların tərkibindəki qatqılar və konseragen maddələr uşaqlarda beyinin inkişafına mənfi təsir göstərir. Həkimlər bildirirlər ki, bu, uşaqlarda ciddi inkişaf geriliklərinə gətirib çıxara bilir.

Uşaqları ələ almaq, başa salmaq əlbəttə ki, çətindir. Onu da bilməliyik ki, uşaqların istəkləri uzağı bir neçə dəqiqəlikdir, digər maraqlı oyunlarla, fikirlərini yayındırmaqla uşağı istədiyi məhsulun alınması düşüncəsindən yayındırmaq olar. Bu da söz yox ki, valideyinin üzərinə düşən ən böyük işdir.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir