SU CERSENBESI

Su çərşənbəsi ilə bağlı maraqlı adətlər…

Baxış sayı: 436

Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur. Məhz bu çərşənbədən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar başlayır. 

Bu çərşənbəni bəzən “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Hər bir çərşənbənin öz adət-ənənəsi olduğu kimi Su çərşənbəsinin də özünə məxsusluğu var. Folklorşünaslar qeyd edir ki, Su  çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır ki, bunu da kainatın yaradılışı ilə də əlaqələndirirlər.

Su cersenbesi 1

Suyun təzələnməsi kimi anlaşıldığından, həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd bəlalarının bu su ilə gedəcəklərinə inanırlar.

Su çərşənbəsi ilə bağlı unudulmaqda olan adətlərdən biri də budur ki, çərşənbə axşamı qızlar saçından kəsib axan çaya atırmış ki, bütün arzuları çin olsun. Axar çaydan gətirilən suyu quyulara, ağacların dibinə, evlərə səpərmişlər ki, həmin il ruzili-bərəkətli olsun.

Digər adətlərdən biri də Su çərşənbəsində səhər tezdən axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirilməsidir. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanar, hər biri öz bəxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar.

su cersenbesi 2

Su çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır.

Qeyd edək ki, növbəti – Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir