aile munaqisesi

Ailədaxili ağır cinayətlər niyə artıb?

Baxış sayı: 800

Son günlərdə ölkədə ağır ailə cinayətlərinin artdığının şahidi oluruq. Məsələn, bir neçə gün öncə Bakının Nəsimi rayonunda qayınata 32 yaşlı gəlinini amansızlıqla qətlə yetirərək, onu parçalara ayırıb, zibilə atmışdı. Abşeronda isə 17 yaşlı oğul atasını amansızlıq qətlə yetirmişdi. Eləcə də az qala hər gün hansısa ərin öz arvadını qətlə yetirdiyi haqda informasiyalara rast gəlirik. Bəs ailədaxili ağır cinayətlərin artma səbəbi nədir?

 

Sözügedən məsələ haqda danışan sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür rəy bildirdi: “Son zamanlar ailədaxili ağır cinayətlərin artmasının əsas səbəbi gərginliyin artmasıdır. Amma bu gərginliyi koronavirus yaratmır. Əvvəlki statistikalara da baxanda görürük ki, boşanmaların sayı olduqca yüksəkdir. Məsələn, 2 il bundan əvvəl hər 100 evlənəndən 25-i boşanırdı. İndi bu rəqəm artaraq 30 olub.  Bütün bu statistikalar onu göstərir ki, 2014-cü ildən etibarən ailədaxili gərginlik  getdikcə sürətlə artmaqda davam edir. Həmin vaxt nə koronavirus var idi, nə də buna bənzər problem. Burada bir çox amillər gərginliyi artırırdı. Ona görə də indi hər şeyi koronavirusun üstünə yıxmaq doğru deyil. Əlbəttə ki, koronavirusun burada böyük rolu var. Əgər 100 evlənəndən 30-u boşanma ilə nəticələnirsə, bu o deməkdir ki, bundan iki qat artıq da evdə gərginlik var. Sadə hesablamalarla araşdırma aparıb deyə bilərik ki, Azərbaycan ailəsinin ən azı 80 faizində gərginlik var. Bu gərginliyi koronavirus daha da artırıb. Çünki bir tərəfdən maddi tərəfdən təminat zəiflədi, iş yerləri bağlandı, bir çox insanlar günəmuzd işləyirdi, amma indi onlar pul qazana, evə qazanc gətirə bilmir. Digər tərəfdən,  onlar məcburdur ki, karantin dövründə evdə otursun. İndi təsəvvür edin, əgər 80 faiz ailələrdə gərginlik varsa, insanlar da evdə oturubsa, bu gərginlik daha da artacaq, müsbət bir şey baş verməyəcək.

ehmed qesemoglu

Əhməd Qəşəmoğlu: “İndi tamam başqa ailə modeli olmalıdır, lakin bu haqda düşünən yoxdur”

Digər tərəfdən, sosioloq kimi qeyd edə bilərəm ki, təəssüf ki, Azərbaycanda bir çox ailələrin mənzil şəraiti arzuolunan səviyyədə deyil, yəni əksəriyyət ailə sıx şəkildə yaşayır. Əgər bir otaqda 4-5 nəfər yaşayırsa, evdən çölə çıxmamaq məcburiyyəti varsa, bütün bunlar evdəki gərginliyi daha da sürətləndirir. Gərginlik artdıqca da insanların əsəbləri korlanır. Nəticədə doğmalar bir-biri ilə ünsiyyətdə problem yaşayır, qayınana-gəlin, ata-oğul arasındakı hörmət aradan götürülür. Bu da insanlarda bir qəzəb yaradır, nəticədə ailədə ağır cinayətlər baş verir”.

Əhməd Qəşəmoğlu mövcud vəziyyətlə bağlı öz tövsiyələrini də bildirdi: “İndi əsas odur ki, ailə ilə bağlı humanitar siyasəti dəyişməliyik. Təəssüf ki, bu haqda düşünən yoxdur. Axı artıq 20-50 il əvvəlki ailə modeli işləmir. İndi tamam başqa ailə modeli olmalıdır. Bunun üçün də bilməliyik ki, ailənin əsas funksiyası nədir, ailə institutları necə yaranmalıdır.  Məsələn, 30-40 il əvvəlki həyat yoldaşı seçmək prinsipləri dəyişməlidir. İndi insanlar ailə quranda elə şəxsləri seçməlidir ki, ümumi maraqları, eləcə də üstünlük verdikləri dəyərlər üst-üstə düşsün və sairə. Və yaxud əvvəllər ailənin qorunub saxlanılmasında dini dəyərlər, ictimai qınaq mühüm rol oynayırdı. İndi isə ictimai qınaq yoxdur, eləcə də İslam dininin dəyərləri o qədər də təsir göstərmir. Bu baxımdan elə bir mexanizmlər işləməliyik ki, ailə öz funksiyasını daha yaxşı yerinə yetirə bilsin”.

 

Elnur Rüstəmov: “Evlənmədən öncə psixoloji müayinə də olmalıdır”

Elnur Rustemov

Psixoloq Elnur Rüstəmov isə mövzu ilə bağlı aşağıdakıları qeyd etdi: “Ailədaxilində problemlərin həlli üsulları hər dövrdə fərqli olub. Məsələn, 30 il əvvəl ailədə daxili problem olanda bu cür səviyyədə olmayıb. Adətən ailədaxili konflikt olanda adət-ənənədən irəli gələn ”ağsaqqal-ağbirçək” institutu, ictimai qınaq var idi. İndi isə fərqli bir dövrdə, qloballaşan dünyada, informasiya əsrində yaşayırıq. Qloballaşan dünyada ailə dəyərləri fərqli formada tənzimlənir. Burada tək adət-ənənə deyil, gender bərabərliyi, məsələyə hüquqi yanaşma var.

Diqqət edəndə görürük ki, boşanmalar və yaxud ailədaxili konfliktlər, cinayət hadisələri baş verəndə başlayırlar adət-ənənələrimizdəki həssas məqamlar  üzərindən buna qiymət verməyə. Bu, doğru yanaşma deyil. Əgər ailədaxili konflikt varsa, onun çözülməsi istiqamətində həll yolunu tapmaq lazımdır. Ən azından ailədəki böyüklər müdaxilə edə bilər və yaxud psixoloqlar, dindar insanlar köməklik göstərə bilər. Əgər bu da təsirli olmazsa, boşanma olmalıdır. Lakin biz şahidi oluruq ki, problem həll olunmur, zaman keçdikcə bu problem daha da dərinləşir və elə bir müstəviyə gətirib çıxarır ki, cinayət hadisələri baş verir.

Bu baxımdan hesab edirəm ki, ailədaxili münasibətləri tənzimləmək üçün müasir günümüzdə bizim öz konsepsiyamız olmalıdır. Həmin konsepsiyada adət-ənənələrimiz də, yeni dövrün çağırışı da öz əksini tapmalıdır.

Evlənmədən öncə tibbi müayinə ilə paralel psixoloji müayinə də olmalıdır. Ailədə problem varsa, ailə müraciət edə biləcək yeri bilməlidir. Təəssüflər olsun ki, hazırda ölkəmizdə ailələrin müraciət edəcəkləri tək bir yer var – ASAN xidmətə gedib, ərizə verib, boşanmaq”.

Psixoloq onu da qeyd etdi ki, bu car ağır cinayətlərin mətbuatda, sosial şəbəkələrdə birbaşa paylaşılması yolverilməzdir: “Bu cür ailədaxili cinayət xəbərlərini dərc edərkən diqqətli olmaq lazımdır. Bu haqda dəfələrlə qeyd etmişik, əgər mətbuatda intihar hadisələrindən çox yazılarsa, intiharların sayında kəskin artım olur. Eləcə də ağır cinayətlərlə bağlı da bu sözü deyə bilərik. Bu cür cinayətlərdən çox yazanda müşahidə edirik ki, cinayətlərin sayı azalmır, əksinə, bir müddət artmağa başlayır.

Doğrudur, bunu bütünlükdə informasiya agentliklərinin üzərinə qoymaq olmaz. Çünki bu gün sosial şəbəkələr də var. Bəzən görürük ki, həmin hadisələri əks etdirən videogörüntülər, materiallar mətbuatda deyil, məhz sosial şəbəkələrdə yayılır. Burada vətəndaş məsuliyyəti olmalıdır. Xüsusən də psixoloji təhlükəsizliyin qorunması istiqamətində bu cür neqativ xəbərləri paylaşmaq olmaz”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir