aile

Ailədaxili konflikt: ər arvadı niyə döyür? – PSİXİATR YAZIR

Baxış sayı: 1. 471

Əgər bu suallardan 2-nə “hə” cavabı verirsinizsə, həyat yoldaşınızın konfliktli (aqressiv)  olma ehtimalı çox  yüksəkdir.

1. Sizinlə ailə üzvləri, dostlarınız, uşaqlarınızın önündə alçaldıcı zarafatlar edirmi?

2. Spirtli içki qəbulundan sonra sizə qarşı aqressiv olurmu?

3. Sizə və ya övladınıza nə vaxtsa səbəbsiz vurdumu?

4. Onu əsəbləşdirməmək üçün hər şeyə razısınızmı?

5. O, evdə olmayanda özünüzü daha rahat, xöşbəxt hiss edirsinizmi?

6. Qolunuzdakı, sifətinizdəki göyərmə izlərini qohumlarınızdan gizlətmək ehtiyacı olubmu?

7. Tez-tez “Məni əsəbləşdirmə” deyə qışqırırmı?

8. Heç bir səbəb olmadan tez-tez evdə problem yaradırmı?

9. Əsəbləşəndə qapıları çırpıb, şüşə sındırıb və ya əşya tulladığı oldumu?

10. Maddi olaraq sizi özündən asılı vəziyyətdə saxlamağa çalışırmı?

Ən xırda konfiliktlərin belə, yumruq, təpik, bıçaq davasına çevrildiyi bir dövrdə yaşayırıq. Sosial mediadan tutmuş televiziya verilişlərinə qədər xəbər bloklarının əsasını kriminal yönümlü informasiyalar təşkil edir. Ölkəmizdə demək olar ki, hər gün qatı cinayət hadisələri ilə qarşılaşırıq. Aqressiv davranışın bir çox formaları vardır ki, bunlardan ən çox yayılanı ailədaxili konfliktlərdir.

Bəzən sevərək, bütün adət-ənənələrə riayət olunaraq sevinclə qurulan ailələrdə evliliyin ilk illərində problemlər ortaya çıxmağa başlayır. Emosional bağların qopduğu, yəni qarşılıqlı gözləntilərin puç olduğu  bu dövr çox təhlükəlidir. Boşanma hadisəsinin, eləcə də ilk ailə daxili konfliktlərin təməlləri məhz bu aylarda qoyulur. İlk aylarda nisbətən az olan aqressiv davranış getdikcə artmağa başlayır. Bəzən qısa müddətli küsüb barışma halları rast gəlinsə də, təcrübə göstərir ki, hər dəfə barışdıqdan sonar daha ciddi konfliktlər yaşanır.

Ailədaxili aqressiv davranışlar heç də bir günün içində ortaya çıxan mənzərə deyil. Tarix boyu cəmiyyətdə kişinin qadına qarşı aqressiv rəftarına bir növ mənəvi haqq qazandırılıb. Uşaqlq dövründən  ”Qızını döyməyən, dizini döyər” misalı bunun ən bariz nümunəsidir. Buna görə də şüuraltımızda problem həll etmə yolu kimi həmişə döyüş, dava olub. Bundan başqa bu cür kişilərə cəmiyyətdə rəğbət bəslənilməsi aqressivliyin sosial səbəblərindəndir. Bir şeyi də unutmaq lazım deyil ki, ünsiyyət bacarığı olmayan, duyğularını ifadə edə bilməyən, məntiqi düşünə bilməyən insanlar tez-tez ailədə aqressiv rəftar edirlər.

Ailədə ər-arvad arasında baş verən münaqişələrdə fiziki şiddəti 90 hallarda kişilər həyata keçirsə də, qalan digər hallarda qadın şiddətinin də şahidi oluruq. Fiziki şiddət göstərən kişilərin əksəriyyətinin təhsili və sosiol iqtisadi vəziyyəti aşağı olan şəxslər olsa da, 20 faizi universitet məzunu, ali təhsilli şəxslərdir. Tibbi olaraq isə bəzi psixiatrik xəstəliklər məsələn, antisosial və narsistik şəxsiyyət pozuntularında, şizofreniyada, narkotik maddə asılılığı olan şəxslərdə daha çox rast gəlinir. Bəzən kişilik hormonu olan testesteronun qanda miqdarının çox olması da fiziki şiddətin səbəbi kimi göstərilir.

Bizim cəmiyyətdə aqressiv davranışın ən böyük səbəbi yuxarıda qeyd olunduğu kimi, maddi vəziyyətlərinin aşağı olmasıdır ki, özünü bu yöndən kişi kimi sübut edə bilməyən şəxs özünütəsdiq forması olaraq ailədə aqressiv və qısqanc davranışlar etməklə hökmranlığını göstərmək istəyir. Bəzən qısqanclıq elə bir həddə gəlib çatır ki, boşandığı həyat yoldaşını belə öldürərək cinayət edirlər.

Son olaraq mütəxəssis kimi tövsiyəmiz: aqressiv rəftarın çıxış yolu olmadığını hər kəs başa düşməlidir. Bu sahədə geniş məlumatlandırma, təbliğat işi aparılmalı, bu səbəbdən baş verən boşanma halları ciddi araşdırılmalıdır.

 

Orxan Fərəcli

Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir