“Bu gün cütlüklər çox əziyyət çəkirlər. Çünki ailədaxili şiddət, anlaşmazlıq, boşanmalar daha çoxdur. Adətən, həyat yoldaşı seçərkən görünüşə və maddiyyata daha çox fikir verilir. Bu zaman mənəvi dəyərlər arxa plana keçir. Elə cütlüklər var ki, evlənsələr belə, zaman tapıb bir-birilərini tanıya bilmirlər. Bu, daha çox valideynlərin tələskənliyi ilə bağlı məsələdir”. Bu fikirləri psixoloq Vəfa Rəşidova deyir.
Psixoloq bildirir ki, gənc ailədə anlaşmazlıq yarananda valideynlər də müdaxilə edirlər: “Təəssüf ki, bir çox hallarda neytral yanaşma olmur. Kim daha emosionaldırsa, o günahlandırılır. Nəzərə almaq lazımdır ki, münasibətlərdə problem varsa, bu birtərəfli olmur. Qarşı tərəfi də dinləmək lazımdır. Məsləhət və müdaxilə fərqli anlayışlardır. Əgər məqsəd barışdırmaqdırsa, hər iki tərəf dinləniləcək. Adətən, seanslara gələnlər barışıb gedirlər. Çünki psixoloq olaraq neytral münasibət göstərə bilirik”.
Oğul analarının övladlarına bağlılıqlarının səbəblərini açıqlayan mütəxəssis deyib ki, psixologiyada “simbioz bağlılıq” deyə bir anlayış var ki, bu da övlada həddən artıq bağlılıq deməkdir. Atanın sözü keçməyən, boşanmış, yaxud ata məhbəsdə olduğundan yalnız ananın himayəsində qalan övladın böyüdüyü ailələrdə bu hal daha çox yaşanır. Adətən, anaların oğlan övladına bu qədər bağlılığı arzusunda olduğu kişi obrazının oğluna köçürməsi nəticəsində yaranır”.
V.Rəşidova bildirir ki, hər bir insan yalnız hazır olduğunu hiss edəndə ailə qurmalıdır: “Əks halda, sıxıntılar yaşanacaq və nəticədə peşmançılıq yaşanacaq. Hər kəs stressə davamlı deyil. Ailənin, cəmiyyətin təzyiqi ilə evlənənlər sonradan peşman olurlar. Əksər insanlar münasibət qurmağı bacarmırlar. İdeallıq axtarırlar. Kompromisə getməyi bacarmaq lazımdır. Hər bir insanın mənfi tərəfləri var. Bunu nəzərə alaraq, hər detala varmamaq, güzəştə getməyi bacarmaq lazımdır”.
Psixoloq onu da qeyd edir ki, ailədə kişiləri məsuliyyətə sövq etmək lazımdır: “İstənilən kişi komfort istəyir. Elə qadınlar var ki, ailənin bütün məsuliyyətini öz üzərinə götürürlər. Bu, maksimalizmə meylli insanlara xas xüsusiyyətdir, yəni hər şey ya mükəmməl olmalıdır, ya da heç olmamalıdır. Qarşı tərəf də bunu hiss etdiyinə görə, rahatlaşır”.