ilan

İlan sancıbsa, nə etməli?

Baxış sayı: 2. 149

Hava istiləşdikcə ilan sancma faktları da artır. İki ay ərzində artıq 15 nəfəri ilan sancıb. İlan sancanlardan bir nəfər Qəbələdən olsa da, qalanları Bakı ətrafı kəndlərdən və Bakıdandır.

Ekspertlər ilan sancma zamanı dərhal həkimə müraciət etməyi məsləhət görür. İlanın növündən asılı olaraq ilan sancma ölümlə nəticələnə bilər.
Azərbaycanda zəhərli ilanlardan ən geniş yayılanı gürzə hesab olunur. Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman zərərçəkənin yaşı, iqlim və s. faktorlar da əhəmiyyət kəsb edir.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov  bildirir ki, 2 nəfər aprel ayında, 13 nəfər də may ayında ilan sancmaya görə qəbul olunub: “Ümumilikdə, iki ay ərzində 15 nəfəri ilan sancıb. Bunlardan 5-nin vəziyyəti ağır olub, qalanları orta ağır. 15-ni də gürzə ilanı sancıb ki, bu da olduqca təhlükəlidir”.

Onun sözlərinə görə, ilan sancan şəxsləri əsas Bakıətrafı kəndlərdən gətirmişdilər: “Xəzər rayonundan tutmuş Ceyranbata kimi olan ərazilərdən, Bakının mərkəzlərinə gəlincə, Xətai rayonunun parkından da müraciət daxil olub”.

Maqsudov qeyd edib ki, ilan sancdıqda ətraflar tam hərəkətsiz vəziyyətdə olmalıdır: “İlan dişlədiyi yerdən bir az yuxarıda qısamüddətli turna da bağlaya bilərlər. Bundan sonra da tez bir vaxtda ilan sancan şəxsi həkimə çatdırmaq lazımdır. Turnanı bağladıqda vaxtı qeyd edin, 20-30 dəqiqə ərzində turnanı saxlamaq olar. Bundan çox müddətdə turnanı saxlamaq məsləhət deyil”.
Dediyinə görə, bəzi insanlar ilan dişlədiyi yerdən zəhəri sorub tüpürməyi məsləhət görür: “Amma biz bunun əleyhinəyik. Dişləm yerini sormaq, kəsmək, ora nəsə – qatıq, sarımsaq sürtməyi məsləhət görmürük. Bu, ancaq fəsad verir, yara infeksiyalaşa bilər”.

Maqsudov bildirib ki, ilan sancma zamanı həkimə müraciət etmədikdə çox vaxt fəsad verir: “Baxır ilanın hansı növüdür. Gürzə ilanı təhlükəlidir. Çox vaxt da elə o ilanlar adamı  çalır. Əgər ilan dişlədiyi vaxt tədbir görülməsə, getdikcə bu vəziyyət kəskinləşəcək və ilanın fısqırtdığı zəhərdən asılı olaraq ölümlə də nəticələnə bilər”,-deyən şöbə müdiri əlavə edib ki, ucqar yerlərdə ilan sancmaları daha çox olur: “Belə hal baş verdikdə mütləq yaxınlıqdakı tibbi müəssisəyə müraciət olunur. Həkimə müraciət etməsələr, qarşısını ala bilməyəcəklər. O mütləq bir fəsad verəcək”.

A.Maqsudov qeyd edib ki, həkimə müraciət etdikdən sonra müayinələr aparılır: “Qandan analiz götürülür, bundan sonra da mütləq ilan zəhərinə qarşı zərdab vurulmalıdır. 60-70 faiz əsas müalicəvi tədbirlər görülür. Müalicənin nəticəsinə əsasən təyinat olur”.

Qeyd edək ki, zəhər orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən inkişaf edir. Sancma yerində güclü ağrı, qızartı, göyərmə və şişkinlik olur. İlan sancan şəxsdə baş gicəllənmə, baş ağrısı, nəbzin artması, təngnəfəslik, ümumi zəiflik, yuxululuq, ürəkbulanma, qusma, üşütmə, soyuq tər müşahidə olunur.

Ekspertlər məsləhət görürlər ki, meşəyə gedərkən uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinmək lazımdır. İlan bu materialları dişləyə bilmir. Eləcə də, rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin. Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir.

İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır.

Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər.

Zəhərli ilanı zərərsizdən seçməyi bacarmaq lazımdır. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.
Ən əsası unutmayın ki, zərərçəkənin taleyi çox vaxt düzgün və vaxtında göstərilən yardımdan asılıdır.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir