magaza

Alınan mallar niyə geri qaytarılmır?

Baxış sayı: 2. 347

“İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” qanuna görə alınan malda keyfiyyətsizlik varsa, istehlakçı həmin malı 14 gün ərzində dəyişdirə bilər. Hətta istehlakçının malı bəyənmədikdə belə dəyişdirmək hüququ var.

Lakin bizdə tək-tük halda mal zay olsa belə, dəyişdirmək ya da qaytarmaq olur. Ekspertlərin bildirdiyinə görə, bəzən məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmək də nəticəsiz qalır. Onu da qeyd edək ki, əksər mağazalarda “Alınan mallar geri qaytarılmır” elanın yazılıb vurulması da aldığın məhsul keyfiyyətsiz olacağı təqdirdə əlində qalacağından xəbər verir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməyən və geri qaytarılmayan malların siyahısı göstərilib: 1.Qızıl və qızıl məmulatları; 2.Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar; 3.İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr); 4.Parfümeriya və kosmetika malları; 5.Kişi, qadın və uşaq çimərlik paltarları; 6.Bağçayaşlı və yenidoğulmuş uşaqlar üçün alt paltarları; 7.Məişət, kimya malları; 8.Şəxsi gigiyena əşyaları (diş fırçaları ,daraqlar, biqudilər və s); 9.Uşaq oyuncaqları; 10. İstehsal qüsurları istisna olmaqla istifadə olunmuş üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları; 11.Ərzaq üçün plasmasdan hazırlanmış məmulatlar; 12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

E.Hüseynov deyir ki, məhsulda zavod və ya fabrik defekti olarsa, geyinilməyibsə, yarlığı üstündədirsə, 14 gün müddətində kassa qəbzi olmaqla qaytarıla və yaxud dəyişdirilə bilər: “Malın dəbi, ölçüsü istehlakçının xoşuna gəlməyibsə, onu 14 gün müddətində dəyişə bilər. Mağazada dəyişməyə malları olmasa, onda həmin malı qaytara bilər”.

AİB sədrinin dediyinə görə, bir çox mağazalarda hətta ən görünən yerdə lövhə də asırlar ki, “Mallar geri qaytarılmır və dəyişdirilmir”: “Bu, qanun pozuntusudur, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna ziddir. İstehlakçı həmin yerdən üz döndərib getməlidir. Əslində insanlar belə mağazalardan heç nə almamalıdır”.

Ekspert əlavə edir ki, malı qaytarmaq üçün birinci növbədə kassa qəbzi olmalıdır: “Kassa qəbzi alqı-satqını sübut edən sənəddir. Kassa qəbzinin üzərində VÖEN nömrəsi olmalıdır. Qəbz olmalı, mal geyinilməməli, yarlığı üstündə olmalı, istifadə edilməməlidir. Əgər istehlakçı bu tələblərə əməl edibsə, lakin satıcı, mağaza rəhbərliyi malı geri qaytarmaqdan və yaxud dəyişdirməkdən imtina edirsə, onda istehlakçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilər”.

Hüseynov bildirir ki, bununla bağlı qurumlarına çox şikayət gəlir: “Məsələn, Bakı şəhər sakini Səidə xanım yanvarın 16-sı “Gənclik” Malldan “Bu şəhərdə”nin növbəti tamaşasına bilet alıb. Konsert martda olacaq və ailənin işi çıxdığından həmin konsertə qatıla bilməyəcək. Biletə görə 240 manat ödəyiblər və onlara kassa qəbzi verilməyib. Ertəsi gün Səidə xanım bileti qaytarmağa getsə də, bileti geri götürüb pullarını qaytarmayıblar. İstehlakçıya cavabında satıcı bildirib ki, bizim öz qanunlarımız var. Başqa şikayətçi Sevda Güvendik “Azadlıq” prospekti, 40 ünvanında yerləşən “Foto” adlı mağazada aldığı malı geri qaytara bilməyib. Eləcə də şikayətçinin biri “Kontakt home”dən 404 manat dəyərində telefon alıb və onu mağazaya qaytara bilməyib”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir