ish

Yaşın əmək bazarında yaratdığı əngəldən necə xilas olmalı?

Baxış sayı: 1. 476

Küçələrin divarlarında, binaların fasadlarında demək olar ki, hər gün müxtəlif iş elanları ilə rastlaşırıq. «25 yaşa qədər, ingilis və rus dili bilgiləri olan, kompüter proqramlarında işləmək bacarığına malik gənclər tələb olunur» kimi elanlarda yaş həddi qabardılmaqla, həm də orta və yuxarı yaşlıların kənara sıxışdırılması deməkdir. Demək olar ki,  şirkətlərə, iaşə xidməti sektoruna və s. özəl müəssisələrə ehtiyac duyulan işçilər üçün irəli sürülən oxşar tələblər, əsasən 50 yaşdan yuxarı insanlara şamil edilmir. Bu baxımdan, əmək bazarında diskriminasiyanın mövcudluğu təkcə narahatlıq doğurmur, həm də müəyyən yaş kateqoriyasına malik insalara böyük problemlər yaradır. Bazarda hökm sürən paradoksal vəziyyət əslində bu sferada işəgötürənlərin xeyrinə işləyir. Onlar adətən «yaxşı əməkdaş tapa bilmirik»  deyib, gileylənərək analoji elanları verirlər. İş axtaranların isə bitib-tükənməyən «Normal iş yerləri yoxdur» şikayətləri eyni vaxtda səslənir. Birincilər “bir neçə dəzgahda” eyni zamanda işləyən işçi axtarırlar. İkincilər daha çox yaşlarına uyğun olaraq, bir qədər normal şəraitli, yüksək məvacibli ofisdə isti yer arzulayırlar.

Bir çox işəgötürənlər hesab edilər ki, 50 yaşdan sonra işçilərə nəyisə öyrətmək çətindir. Bu baxımdan, ən yaxşısı cavanları işə cəlb etməkdir. Biznesmenlər öz iş yerlərində gənc, aktiv, əmək bazarının müasir tələblərinə cavab verən gənclər görmək istəyirlər. Belə bir stereotip onlara sirayət edib ki, yaş 50-ni ötübsə, yəni təqaüd yaşı yaxınlaşırsa, deməli, şəxs işə yararlı deyil, fiziki gücü tükənib. Əlbəttə, 50+ kateqoriyasında olanların hamısının ucdantutma işsizlikdən şikayətləndiyini də iddia etmirik. Mütənasiblik pozulsa belə, sıralarında təcrübəyə yer verənlər də az deyil. Üstəlik, təqaüd yaşına çatandan sonra öz iş yerlərində qalıb işləyənlər də var. Bəzi müəssisələrdə əgər təcrübəsi yoxdursa, işə nəinki yaşlıları, hətta cavanları da qəbul etmirlər. 50 yaşı ötənlər arasında cavan rəhbərliyin diktəsi altında işləmək istəməyənlər də az deyil. «Ən yaxşısı, təqaüdə yollanmaqdır» deyirlər. Təqaüd yaşına isə hələ illər var axı…

Sirr deyil ki, artıq sovet dövrünün “daimi” iş yerindən təqaüdə yollanma ənənələri bəzi sahələr istisna olmaqla, çoxdan unudulub. İş yerləri tez-tez açılıb-qapandığından, dəyişdiyindən, insanlar da mütəmadi olaraq iş axtarmaq məcburiyyətində qalırlar. Xarici ölkələrin, elə Rusiyanın “ən uğurlu şirkət, aktiv, hər şeyi öyrənmək istəyən gənclərlə yanaşı, müdrik təcrübənin sintezidir” təcrübəsi isə hələlik bizim əmək bazarına o qədər də xas deyil. Yoxsa 50+ yaşın işlə bağlı problemi bu qədər qabarıq görünməzdi. Nəzərə alsaq ki, «50 yaşdan sonra iş tapmaq olmur» və ya «50 yaşdan sonra işə götürən yoxdur» fikirləri ilə tez-tez rastlaşırıq, onda vəziyyətin nə qədər çətin olduğunu anlamaq o qədər də çətin deyil.

Elə isə təqaüd yaşı ilə arasında müəyyən məsafə olan insanlar özlərinə necə iş tapmalıdırlar? Yaşın əmək bazarında yaratdığı əngəldən necə xilas olmalı, yaşa görə qoyulan sərt tələbləri öz xeyirlərinə necə yumşaltmalıdırlar?

 

Vahid vakansiya bazası 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov hazırda əmək bazarında ümumən yaşlı insanların işlə təmin olunması ilə bağlı müəyyən problemlərin olduğunu etiraf edirsə, demək, vəziyyət doğrudan da mürəkkəbdir: “O insanların müəyyən hissəsi uzun müddət işsiz qalanlar, hər hansı fəaliyyətlə məşğul olmayanlardır.  Və yaxud müəyyən müddət ayrı-ayrı ölkələrdə, xüsusən Rusiyada yaşayıblar və vətənə qayıdandan sonra iş tapmaq problemi ilə üzləşirlər. Onların bilik və bacarıqları, iş təcrübələri olmadığından, çoxlu çətinliklər meydana çıxır”. İ.Həsənov iş tapmaq problemi ilə üzləşən digər kateqoriyaya, uzun müddət idarəetmə sahəsində işləyən və müxtəlif səbəblərdən iş yerlərini tərk edən insanları aid edir: “Onların ixtisası üzrə iş müxtəlif dövlət qurumlarında fərqli formalarda olduğu üçün o kateqoriya insanların əmək bazarına uyğunlaşmaq məsələlərində keçmiş ixtisasları tələblərə cavab vermir. Elə kateqoriya insanlar var ki, onların heç bir peşə və ixtisası yoxdur, ancaq daha yüksək maaşlı işə iddia edir və aşağı maaşlı işləri bəyənmirlər”. Ölkəmizin qanunvericiliyində insanların işlə təminatında yaşla bağlı hər hansı məhdudiyyətlərin olmadığını deyən İ.Həsənov, bazar iqtisadiyyatı şəraitində yaşadığımız üçün əmək bazarının özünəxas reallıqlarının olduğunu da bildirir: “Əmək bazarında əhalinin 75 faizindən çoxu çalışır. Ancaq özəl sahədə işəgötürənlərin müəyyən maraqları var və onlar daha gənc, aktiv, həmçinin daha çox gəlir gətirmək imkanı olanları cəlb etmək arzusundadırlar. Orta yaş və ya 50 yaşdan yuxarı insanlar üçün isə iş təklif etmək onlara cəlbedici görünmür. Nəticədə əmək bazarımızda 50 yaşdan yuxarı insanların işlə təminatı ilə bağlı bu cür problemlər yaranır”. İ.Həsənovun dediyinə görə, problemin həlli üçün respublikada vahid vakansiya bazasının yaradılması gündəmdədir. Belə ki, “İcbari sığorta haqqında” qanun müəyyən aktiv məşğulluq tədbirlərini nəzərdə tutacaq: “Yəni bu yaşda insanlar özünüməşğulluğa cəlb olunacaqlar. Və ya subsidiyalı məşğulluq deyilən bir anlayış var ki, bu insanların 50 faizi Sığorta Fondu hesabına işə götürüləcək və bu yolla onların işlə təmin olunmasına köməklik göstəriləcək. Hazırda bu layihə çərçivəsində müəyyən işlər həyata keçirilir”.

 

İşəgtürənlərin marağı

Yaşla bağlı əmək bazarında gizli diskriminasiyanın olduğunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da təsdiqləyir: “Məsələn, iş elanlarına fikir verəndə görürsünüz ki, əsasən gəncləri axtarırlar. Bir çox əlamətlərə görə – cinsə, bir çox hallarda yaşa, hətta xarici əlamətlərə görə fərq qoyurlar. Ümumi mənzərə onu göstərir ki, işəgötürənlər yaşlı adamları işə qəbul etməyə o qədər də meyilli deyillər. Ancaq elə iş yerləri var ki, orada əslində daha çox təcrübəli olmaq tələb olunur. Məsələn, dövlət qulluğunda, hüquq mühafizə orqanlarında bəzən 50 yaşlı insanları qəbul edirlər”. Bu yaxınlarda ədliyyə orqanlarında 48 yaşlı qadının imtahan verib uğurla müsahibədən keçdiyinin şahidi olduğunu fakt kimi deyən S.Məmmədov, özəl sektorda bu məsələlərə bir qədər fərqli yanaşıldığını da söyləyir: “Elə ixtisaslar var ki, orada peşə ixtisası xüsusiyyətləri yaşdan daha önəmlidir. Elə iş yerləri də var ki, fiziki iş daha çox tələb olunur və orada cavan insanlara üstünlük verilməsini başa düşmək olar. Bununla belə, elə oturaq və ya intellektual işlər mövcuddur ki, orada yaş tələb etmək düzgün deyil. Ancaq tibbi yoxlanışdan keçərkən iş yerinin tələblərinə uyğun gəlməmək də ola bilər. Məsələn, iş üçün müraciət edənin eşitmə, görmə qüsuru, əsəb sistemində problem və s. ola bilər. Əgər şəxsin fiziki göstəriciləri işləməyə yararlıdırsa, yaşa görə tələb qoymaq düzgün deyil”. Ekspert müasir dövrə uyğun olaraq kompüter və dil bilgiləri ilə bağlı tələbə nisbətən normal yanaşır: “Bəzən iaşə sektorunda çalışmaq üçün ofisiant axtarırlar. Ancaq dil bilgisi olmasını xarici qonaqların gəlişi ilə əsaslandırırlar. Hətta, taksi sürücüsünə də dil bacarığının olması tələb kimi qoyula bilir. Kompüter də müasir iş yerinin atributudur. Bu bilgiləri olmayan adamların işə qəbulunda problem ola bilir. Bu baxımdan bu tip tələblərin olması da anlaşılandır”.

 

Etik məsələ

İqtisadçı ekspert Vüqar Bayramov ölkəmizin əmək bazarında yaşla bağlı diskriminasiyaya rast gəlindiyini bildirir. Apardıqları monitorinqlərin nəticəsi də sektordan asılı olaraq, yaş qrupları üzrə tələblərin fərqli olduğunu göstərir: “Gənclərin iş tapmaq imkanları daha genişdir. Bəzi sektorlarda nisbətən 50 yaşdan yuxarı insanlara tələb olsa belə, xidmət sektorunda, məsələn, maliyyə, bank, sığorta sektorunda tələb olunan kadrların yaşının az olması şərtdir. İşəgötürən praktik olaraq yaşı adətən 40-a qədər olan kadrlara üstünlük verir. Bəzi sahələrdə isə bu, 25-30 yaşa qədər məhdudlaşır. Bu baxımdan, xidmət sektorunda yaşı nisbətən çox olan insanların iş tapmaqla bağlı çətinlikləri var. Çünki onlar yaşa görə işlə bağlı təklif edilən tələbə uyğun gəlmirlər”. Ekspert dövlət qurumlarında bu istiqamətdə ciddi bir fərqin olmadığı fikrindədir. Eləcə də təhsil müəssisələrində təcrübəsi nisbətən çox olan insanlara üstünlük verilir: “Təəssüf ki, özəl sektor, o cümlədən istehsalla məşğul olan şirkətlər və sahibkarlar yaşı nisbətən az olan işçilərə üstünlük verirlər”. Ekspert məsələnin həlli kimi  qanunvericiliklə bağlı qaydaların tənzimlənməsinin  çətin olduğunu deyir. Yəni bu, daha çox etik məsələdir: “Qanunvericiliyə əsasən yaşla bağlı limitlərin müəyyənləşdirilməsi mümkün deyil. Dünyanın heç bir ölkəsində işəgötürənlər üçün yaşla bağlı limitlər müəyyənləşdirilməyib. Ona görə, bu məsələdə maarifləndirilmə, təbliğat, sosial məsuliyyət, etik prinsiplərin inkişaf etməsinə ehtiyac var ki, işəgötürənlər eyni zamanda, orta yaşlı insanlara da iş təklif etsinlər. Yaşın yazılması qadağan olunsa belə, praktikada işəgötürənlər bu qaydaları pozurlar. Onlara bu qadağaların verilməsi mümkün deyil”.

 

Təklif  yalnız spesifik işlərlə bağlı olarsa…

Məsələyə hüquqi tərəfdən yanaşsaq vakansiyalarda yaş məhdudiyyətinin qeyd olunmaması tələbi ilə bağlı qanun pozuntuları istənilən qədərdir. Sənəd üzərindəki qadağalar işəgötürənlərə öz namizədlərini müəyyənləşdirməyə mane olmur. Onlar iş üçün yararsız hesab etdikləri insanlardan, səbəbini aydınlaşdırmadan imtina edirlər.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ruslan Vəliyev də diskriminasiya ilə bağlı qəbul olunmuş normativ sənədlərdə, məsələn əmək elanları ilə bağlı tələblər sırasında işçinin yaşının, cinsinin və digər xüsusiyyətlərinin göstərilməsinin  qadağan olduğunu deyir: “Ancaq istisna hallar var ki, orada yaş, cins göstərilə bilər. Bu, spesifik iş sahələrinə aiddir ki, orada yalnız müəyyən yaşa qədər işçilər tələb olunur. O cümlədən, hər hansı fiziki qüvvə ilə bağlı göstəricilər tələb olunan işlərdə tələblər qeyd oluna bilər. Amma ümumilikdə, hər kəsin görə biləcəyi işlərdə hər hansı işəgötürən tərəfindən yaşa, cinsə və digər xüsusiyyətlərə görə ayrı-seçkilik qoyulması birbaşa qadağandır”. Hüquqşünas həmçinin iş elanı verən şirkətin öz adının və təklif etdiyi fəaliyyət sahəsinin mütləq göstərilməsinin vacibliyini bildirir: “Bu, qanunun tələbidir. Bəzən «Qadınlar tələb olunur»  kimi elanlar verilir. Cinsə görə ayrı-seçkilik etmək qəti qadağandır. Təklif  yalnız spesifik işlərlə bağlı olanda  icazə verilə bilər. Məsələn, gecə növbəsi və ya yalnız qadınların əməyindən istifadə olunan istehsal sahəsinə aid edilə bilər. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün məhdudiyyət ola bilər. Ümumilikdə isə hər kəsin məşğul ola biləcəyi fəaliyyət növlərində hər hansı diskriminasiyanın olması qanunla qadağandır”.  (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir