Anjio (Koronar Anqioqrafiya) damarlarda daralma və tıxanma kimi fəsadları müəyyən etmək üçün icra olunan müayinə metodudur.
Ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, anqioqrafiya zamanı yuxarı və ya aşağı ətrafdakı böyük arteriyalardan daxil edilən kateter (1,5-2mm nazik boru) ilə ürəyi qidalandıran damarlara çatılır. Kateter vasitəsilə koronar damarlara qeyri-şəffaf maddə (boya) yeridilir və damarların təsviri əldə olunur.
Prosedurdan sonra kateter çıxarılır və qanaxmanı dayandırmaq üçün 10-20 dəqiqə təzyiq tətbiq edilir. Anqioqrafiya, yerli narkoz sayəsində ağrısızdır.
Koronar Anqioqrafiya müayinəsindən kimlər keçməlidir?
– tez-tez təngnəfəslik və ürək nahiyəsində şiddətli ağrısı olanlar;
– hər hansı ürək xəstəliyi aşkar olunub, müalicəsi effekt verməyənlər;
– miokard infarktı keçirənlər;
– anadangəlmə ürək qüsuru şübhəsi olanlar;
– ürək çatışmazlığı simptomları (öskürək, tezləşmiş ürək döyünməsi və s.) olanlar;
– ürək damarlarında aparılan əməliyyatlardan əvvəl və sonra.