abort

Artan və cavanlaşan abortların qarşısını necə almalı?

Baxış sayı: 1. 669

Hazırda ölkəmizdə və dünyada müxtəlif səbəblərdən qadınlar bətnindəki uşağı öldürmək üçün aborta müraciət edirlər.  Məsələyə münasibət bildirən  ginekoloqların verdiyi məlumata görə, ölkəmizdə abort üçün müraciət edənlərin əksəriyyətinin ailəli qadınlardır. Ginekoloqlar bildirir ki, abort etdirənlər arasında nikaha girməmiş hamilə qalanlar da var. Belə ki, ən son statistikaya əsasən,  son dövrlər Azərbaycanda 15-17 yaşlı gənc xanımlar arasında abort sayı artıb.  2016-cı ildə Azərbaycanda 34569 abort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, 15-17 yaşlı xanımlar da abort üçün müraciət edib: “Belə ki, 15-17 yaşlı qadınlar ümumi abortların 0,1 faizini, 18-19 yaşlı qadınlar 3,6 faizini, 20-24 yaşlılar 22,5 faizini, 25-29 yaşlılar 32,6 faizini, 30-34 yaşlılar 25,8 faizini, 35 yaşdan yuxarı olanlar isə 15,4 faizini təşkil edib”. R.Süleymanov bildirib ki, abortların ümumi sayından birinci hamiləliyin pozulması ilə bağlı (mini abortlar, dərman vasitəsilə ilə aparılan abortlar istisna olmaqla) 978 hal qeydə alınıb.
2016-cı ildə 2015-ci illə müqayisədə 7117 nəfər çox qadın abort etdirib. Belə ki, 2015-ci ildə Azərbaycanda 27452 qadın aborta gedib ki, onlardan 16031 nəfəri 15-29 yaş arasında olan gənclər olub. Həmin il 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Qadınlardan 50 nəfəri 15-17 yaş arasında olanlardır. 18-19 yaş aralığında olan 1425 qadın, 20-24 yaş arası 5983 qadın, 25-29 yaş arası 8573 qadın abort etdirib.

Məsələnin vacibliyini və aktuallığını nəzərə alaraq son dövrlər artan və cavanlaşan abortların qarşısını almaq üçün hansı tədbirlərin görülə biləcəyini öyrənməyə çalışdıq.

 

Mama ginekoloq, cərrah Naibə Həsənova bildirir ki, bu kimi halların qarşısını almaq maarifləndirmə işindən keçir. “Çox təəssüflər olsun ki, bizdə cinsi maarifləndirmə yoxdur.  Maarifləndirmə işi bir neçə istiqamətdə aparıla bilər. Burada kütləvi informasiya vasitələrinin, təhsil müəssisələrinin rolu böyükdür. İstər mətbuatda, istər televiziya və radiolarda mövzu işıqlandırılmalı, bu barədə mütəxəssislər insanları bilgiləndirməlidir.  Xüsusilə də, televiziyalarda ödənişsiz efir saatları verilməli, bu yöndə maarifləndirici sosial çarxlar çəkilməlidir.  Sosial mediada da bu işi görmək olar. Mənim “facebook” sosial şəbəkəsində səhifəm var və  bacardığım qədər  bu vasitə ilə də xanımlarımızı, xüsusilə də gəncləri maarifləndirməyə çalışıram.  Bundan başqa, müəyyən yaş dövründən sonra məktəblərdə artıq bu istiqamətdə xüsusi təlimlər keçilməlidir. Ginekoloqlar, psixoloqlar  təhsil müəssisəsinə dəvət olunmalı, məktəblilərlə hamiləlikdən qorunma üsulları, cinsi həyata erkən başlamanın fəsadları haqqında söhbətlər aparmalıdır. Yəni bu, yeniyetmənin düzgün məlumatlanmasına şərait yaradır. İnternetdən yalan, yanlış nə isə öyrənməkdənsə, elə  birbaşa həkimin özündən soruşub bilmək daha yaxşı olar”.

Müsahibimiz artıq evli olan, müəyyən yaş həddinə çatmış xanımların abort məsələsinin həmişə aktual olduğunu və bundan sonra da olacağını deyir: “Çünki kimisə nəyəsə məcbur etmək olmaz. 3 ayına qədər olan abort leqal sayılır. Amma təəssüf ki, indi bəziləri xəstəxanadan kənar,  ev şəraitində edir.  Bu zamanda fəsadlar törənir.


Qadın və gənc ailələrin sosial inkişafı ictimai birliyinin sədri, Milli QHT Forumu Gender mərkəzinin rəhbəri Tünzalə Cavadova
deyir ki, çox vaxt 3-cü, 4-cü hamiləliklər abort olunur. Yəni əgər 2 qız övladı varsa, valideynlər oğlan istəyir, və artıq yoxlanış zamanı 3-cü də qızdırsa, o zaman hamiləliyi sonlandırırlar: “Abortların yüksək faizi regionlarda yaşayan qadınların payına düşür. Çünki onların qorunma üsullarından heç bir məlumatları olmur. Ona görə də, bu kimi halların qarşısını almaq üçün ciddi maarifləndirmə işləri aparılmalıdır. İlk olaraq qadınlara müxtəlif informasiya verən sosial çarxlar çəkilməlidir. Maarifləndirmə işi təkcə qadınlar arasında yox, cütlüklər arasında edilməlidir. Avropada kişilər bu mövzuda bəlkə də, qadınlardan daha çox məlumatlıdırlar və xanımları ilə ehtiyatla davranırlar. Çünki həmin kişilər abortun sağlamlığa vurduğu ziyandan xəbərdardırlar. Heç olmasa doğum evlərində bəzi günlər cütlüklərə bu yöndə təlimlər keçirilsin, süni yolla hamiləliyin sonlandırılmasının fəsadları, qorunma yolları haqqında məlumatlar verilsin. Birinci abort zamanı fəsadlar 5 faiz olursa, 2-ci, 3-cü halda 15 faiz artır”.
15-17 yaşlı gənc xanımlarda  isə hamiləliyin nikahdankənar və ya erkən nikahlar zamanı baş verdiyini deyən Tünzalə xanım, nikahdankənar olan hamiləliklərin bizim cəmiyyətdə yaxşı qarşılanmadığı üçün o yaşdakı gənclərin məcburən abort etdirdiklərini bildirir: “Erkən nikahlar zamanı orqanizm hələ buna hazır olmadığı üçün xanımlarda daha çox problemlər yaranır. Hamiləliyin hətta 15-ci həftəsində belə düşük halları baş verir. Hətta bəzən ölüm hallarına da rast gəlinir. Düşünürəm ki, bu işdə qadınlarla yanaşı, kişiləri də maarifləndirmək lazımdır. Çünki abort məsələsində təzyiq ən çox kişilərdən gəlir. Təşkilatımızın apardığı sorğulara əsasən deyə bilərəm ki, abort etdirən qadınlardan səbəbini soruşarkən, həyat yoldaşlarının onları məcbur etdiyini deyirlər. Biz bu mövzu ətrafında bir çox rayonlarda maarifləndirici görüşlər keçirmişik. Tək bu tədbirlərlə həll etmək olmaz bu problemi. Kütləvi informasiya vasitələri də bu işdə fəal rol oynamalıdır. Xüsusən də televiziyalar bu istiqamətdə müxtəlif verilişlərlə çıxış etməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir