XESTELIK

ÜST-dən növbəti pandemiya xəbərdarlığı

Baxış sayı: 473

“Növbəti pandemiya hər an başlaya bilər”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Gebreyesus təşkilatın Cənub-Şərqi Asiya Regional Komitəsinin 77-ci sessiyasında çıxışı zamanı deyib. 

O bildirib ki, pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər: “2019-cu ildə də belə olmuşdu”.

Qeyd edək ki, bundan əvvəl də ÜST daha ölümcül virusun yayılacağını və bunun pandemiyaya səbəb olacağını bildirmişdi. Nəzərə alsaq ki, COVİD-19 pandemiyası yeni bitmiş sayılır, növbəti pandemiya nə zaman ola bilər?

Ekspertlər hesab edir ki, bu cür proqnozlar insanları təşvişə salmaq məqsədi daşıyır. Müəyyən dövrdən bir müəyyən pandemiyalar olur. Onların fikrincə, əvvəllər də daha çox bakterial infeksiyalarla bağlı pandemiyalar olurdu. İndi isə virus pandemiyalarının olması mümkündür. 50-100 ildən bir pandemiya hər zaman olub. Bundan sonra nə zaman olacağını demək mümkün deyil.

Bəzi ekspertlər isə bildirir ki, yeni pandemiya olsa belə vəziyyət əvvəlki kimi olmayacaq. Çünki artıq dünya ölkələri koronavirusa qarşı mübarizədə təcrübə toplayıb, vaksinlər icad olunub. Digər tərəfdən, həkimlər onu da iddia edir ki, virus təbii şəkildə yaranıbsa, yeni pandemiyanın yaranma ehtimalı azdır. Əgər süni şəkildə virus törədilərsə, yeni pandemiyanın yaranma ehtimalı da yüksəkdir. Pandemiya xəbərdarlıqları insanları qorxu içində saxlamaq məqsədimi daşıyır?

Yoxsa bunlar hansısa süni virusun yaradılacağı ilə bağlı əvvəldən verilən xəbərdarlıqlardır?

Tanınmış həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, COVİD-19 pandemiyasından öncə ÜST dünyanı gözləyən qlobal pandemiyalar haqqında xəbər vermişdi: “İnsan sağlamlığını bu gün təhdid edən 10 faktorun arasında pandemiya da var idi. Bu, qrip pandemiyasıdır. Qrip RNT zəncirində, yəni  ribonuklein turşusu daşıyan virus olduğu üçün daim mutasiyaya uğrayır. Onun hansısa mutagen olması hansısa pandemiya yaradacaq. Bu, elmi bir proqnozdur. Necə ki, İspan qripində və digər formalarında pandemiyalar yaranmışdı. Dünyanı qrip pandemiyası gözləyir. Nə vaxt olacaq, demək çətindir. Amma buna hər zaman hazır olmaq lazımdır. Hər halda, XXI əsr virus əsridir, pandemiyalar əsridir. Çünki hər an hər cür sürprizlə üzləşə bilərik. Necə ki, COVİD-19-la üzləşdik. Bunlara hazır olmaq lazımdır, ehtiyatlı olmaq lazımdır. COVİD-19 pandemiyası zamanı buraxılmış səhvləri gərək təkrarlamayaq. Vaxtında bunu lokallaşdırmaq üçün hər cür imkanlardan istifadə edək. Pandemiyada buraxılan səhvlər bunun sürətlə yayılmasına səbəb oldu. Bütün dünyada bu prosesi vaxtında koordinasiya etmək mümkün olmadı. Əlbəttə, bu son dərəcə mühümdür. İnsanlar da buna həmişə hazır olmalıdırlar. Özünü, ətrafdakıları qorumaq burada əsas prinsipdir”.

Nəzərə çatdıraq ki, dünya mediasında da növbəti böyük pandemiyanın yaxınlaşması ilə bağlı ciddi açıqlamalar verilir. Qeyd edilir ki, növbəti pandemiya quş qripindən-H5N1 virusundan ola bilər. “The Guardian” yazır ki, keçən ay kanadalı bir it çöl qazını yedikdən sonra taleyin ölümcül dönüşü ilə quş qripi H5N1-dən faciəvi şəkildə ölüb. Bu, quş xəstəliyinə yoluxmuş məməlilərin sayının artması ilə bağlı həyəcanverici tendensiyanın bir hissəsidir. Ev heyvanları, nadir də olsa, diri və ya ölü olmasından asılı olmayaraq, yoluxmuş quşu yedikdə xəstələnə bilər.

Ötən ilin noyabr ayına qayıtsaq, quş qripi virusu vəhşi quş icmalarına nüfuz edə bildiyi üçün Britaniyada quşçuluqların dayandırılması ilə bağlı artıq məlumatlar var idi. Noyabr ayından sonra təhlükə siqnalları görünməkdə dayanmadı. Quş qripi bu ilin əvvəlində Peruda 3000-dən çox dəniz aslanını və 50.000 çöl quşunu faciəvi şəkildə öldürüb. 700 Xəzər suitisinin ölümü də bu qəbildəndir, Böyük Britaniya və ABŞ-da delfinlər də xəstəliyin qurbanı olublar. H5N1-in, ümumiyyətlə, məməlilər arasında ötürüldüyünə inanılmasa da, bu çoxsaylı epidemiyalar bu cür ötürülmənin mümkünlüyünü göstərir. Bununla belə, bu nəzəriyyə hələ də genetik ardıcıllıqla təsdiqini gözləyir.

Quş qripi üzrə ekspert, professor Riçard Uebbinin sözlərinə görə, virusun insanlara oxşar təhlükə yaratması üçün onun üç mühüm genetik dəyişikliyə ehtiyacı var. Bu günə qədər virus bu dəyişikliklərdən yalnız birinə nail olub, yəni insanlar üçün təhlükə dərhal deyil, spekulyativdir. Sual yaranır: “Niyə heç vaxt baş verə bilməyəcək təhlükəyə hazırlaşmaq lazımdır?”

Qlobal sağlamlıq müdafiəçiləri üçün bu əlamətlər indi hərəkətə keçməyi təmin edəcək qədər həyəcanvericidir. Mütəxəssislər bildiriblər ki, xalqlar ən pis vəziyyətə hazırlaşmalıdırlar ki, virus Peru, Çin və ya Britaniyadakı insanlara yayılarsa, potensial can itkisini minimuma endirək. Unutmayın ki, quş qripi insanlarda, o cümlədən uşaqlarda 50-60% dəhşətli ölüm nisbətinə malikdir.

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir