Nermine Abbasova

Qarın köpü və şişkinlik – hansı hallarda ciddi problemə işarədir?

Baxış sayı: 474

Qarın köpü və şişkinlik bir çox insanın gündəlik həyatında qarşılaşdığı həzm problemlərindəndir. Bəzən yeməkdən sonra qarında dolğunluq, gərginlik və qaz toplanması hiss olunur, qarın nahiyəsi nəzərəçarpacaq dərəcədə böyüyür. Bu hal əksər vaxtlarda qidalanma vərdişləri, həddindən artıq yemək və ya həzm prosesinin xüsusiyyətləri ilə əlaqəli olur. Lakin şişkinlik tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə və başqa əlamətlərlə müşayiət olunursa, bunu sadəcə həzm narahatlığı kimi qiymətləndirmək düzgün deyil.

Bəzən qarın köpü orqanizmdə baş verən daha ciddi dəyişikliklərin ilkin siqnalı ola bilər. Xüsusilə səbəbsiz çəki itkisi, qarın ağrısı, nəcis ifrazında dəyişiklik, ürəkbulanma və iştahasızlıq kimi əlamətlər də müşahidə edilirsə, problemin səbəbi araşdırılmalıdır.

 

Qarın köpü niyə yaranır?

Qarın köpünün ən geniş yayılmış səbəblərindən biri bağırsaqlarda qazın toplanmasıdır. Qida həzm olunarkən bağırsaqlarda təbii olaraq qaz yaranır. Lakin bəzi hallarda bu qazın miqdarı artır və ya bağırsaqlardan xaric olması çətinləşir. Nəticədə insanda qarında təzyiq, dolğunluq və şişkinlik hissi meydana gəlir.

Yeməyi sürətlə yemək, qidalanarkən çox danışmaq, qazlı içkilər qəbul etmək və saqqız çeynəmək də artıq havanın udulmasına səbəb ola bilər. Bundan başqa, paxlalılar, kələm, brokoli, soğan və bəzi süd məhsulları həssas insanlarda qaz yaranmasını artıra bilər.

Qəbizlik də qarın köpünün əsas səbəblərindəndir. Bağırsaqlarda nəcisin uzun müddət qalması qazın xaric olmasını çətinləşdirir və qarında gərginlik yaradır. Fiziki hərəkətsizlik, kifayət qədər su içməmək və liflə zəngin qidaların az qəbul edilməsi bu problemi daha da ağırlaşdıra bilər.

kop

Hansı xəstəliklər qarın şişkinliyinə səbəb ola bilər?

Qarın köpü yalnız qidalanma ilə əlaqəli deyil. Bəzi həzm sistemi xəstəlikləri də bu əlamətlə özünü göstərə bilər.

İrritabl bağırsaq sindromu (İBS) bu problemlərdən biridir. Bu vəziyyətdə qarın ağrısı, köp, qaz, qəbizlik və ya ishal müşahidə oluna bilər. Əlamətlər bəzən qidalanmadan və emosional gərginlikdən sonra güclənir. Xəstəlik bağırsağın fəaliyyətindəki dəyişikliklərlə əlaqəlidir və uzun müddət davam edə bilər.

Laktoza dözümsüzlüyü də qarın köpünün səbəblərindəndir. Orqanizm süd və süd məhsullarının tərkibindəki laktozanı kifayət qədər həzm edə bilmədikdə qarında qaz, şişkinlik, ağrı və ishal yaranır. Bəzi insanlarda bu əlamətlər süd qəbulundan qısa müddət sonra meydana çıxır.

Çölyak xəstəliyi zamanı isə orqanizm qlütenə qarşı immun reaksiyası verir. Bu xəstəlik nazik bağırsağın zədələnməsinə, qida maddələrinin mənimsənilməsinin pozulmasına, qarın köpünə, ishala, çəki itkisinə və dəmir çatışmazlığına səbəb ola bilər.

Bundan başqa, mədə-bağırsaq infeksiyaları, bağırsaq mikrobiotasının dəyişməsi, mədənin boşalmasının ləngiməsi və bəzi iltihabi bağırsaq xəstəlikləri də şişkinliklə müşayiət oluna bilər.

 

Qadınlarda qarın şişkinliyi hansı hallarda diqqət tələb edir?

Qadınlarda qarın köpü bəzən hormonal dəyişikliklərlə əlaqəli olur. Xüsusilə menstruasiyadan əvvəl orqanizmdə hormonal dəyişikliklər və maye tutulması nəticəsində qarında şişkinlik, ağırlıq və narahatlıq yarana bilər. Bu hal adətən menstruasiya başladıqdan sonra azalır.

Lakin şişkinlik davamlı xarakter alırsa, hər gün təkrarlanırsa və xüsusilə çanaq nahiyəsində ağrı, tez doyma, iştahasızlıq və tez-tez sidiyə getmə ilə müşayiət olunursa, ginekoloji müayinə də vacibdir.

Yumurtalıq kistaları və digər ginekoloji problemlər qarında dolğunluq və şişkinlik hissi yarada bilər. Nadir hallarda davamlı qarın şişkinliyi yumurtalıq xərçənginin də əlamətlərindən biri ola bilər. Bu səbəbdən uzun müddət davam edən və səbəbi aydın olmayan dəyişiklikləri diqqətdən kənarda saxlamaq olmaz. Bununla belə, qarın köpünün olması öz-özlüyündə xərçəng demək deyil.

 

Hansı əlamətlər təhlükə siqnalıdır?

Adi qidalanma dəyişiklikləri ilə əlaqəli şişkinlik çox vaxt qısa müddətdə azalır. Ancaq bəzi əlamətlər problemin daha ciddi olduğunu göstərə bilər.

Xüsusilə aşağıdakı hallarda həkimə müraciət etmək vacibdir:

– Qarın şişkinliyi uzun müddət davam edir və getdikcə artır;

– Səbəbsiz çəki itkisi müşahidə olunur;

– Nəcisdə qan görünür və ya nəcis qara rəng alır;

– Qarın ağrısı tez-tez təkrarlanır və ya güclənir;

– İştahasızlıq və az miqdarda qida qəbulundan sonra tez doyma yaranır;

– Uzunmüddətli ishal və ya qəbizlik müşahidə olunur;

– Qarında nəzərəçarpacaq böyümə və gərginlik yaranır.

Qəfil başlayan güclü qarın ağrısı, davamlı qusma, qarında ciddi şişkinlik, qaz və nəcis çıxara bilməmək isə təcili tibbi qiymətləndirmə tələb edir. Bu əlamətlər bağırsaq keçməzliyi kimi ciddi vəziyyətlərlə əlaqəli ola bilər.

xestelik

Qarın köpünün qarşısını almaq üçün nə etmək olar?

Qarın şişkinliyini azaltmaq üçün ilk növbədə qidalanma vərdişlərinə diqqət yetirmək lazımdır. Yeməyi tələsmədən, yaxşı çeynəyərək qəbul etmək, porsiyaları kiçiltmək və həddindən artıq yeməkdən çəkinmək faydalıdır.

Qazlı içkilərin, həddindən artıq yağlı qidaların və fərdi olaraq şişkinlik yaradan məhsulların qəbulunu azaltmaq da kömək edə bilər. Süd məhsullarından sonra köp yaranırsa, laktoza dözümsüzlüyünün olub-olmadığını araşdırmaq məqsədəuyğundur.

 

Nərminə Abbasova

Doktor Maya klinikasının baş həkiminin müavini

Terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər (051) 866 02 20 və (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir