mekteb

Aşağı siniflərdəki ağır çantanın yuxarılarda boşalması və ya yuxarı sinif sagirdləri niyə dərsliklərdən imtina edir?

Baxış sayı: 1. 370

İbtidai sinif şagirdlərinin məktəb çantalarının ağırlığı barədə valideynlərin şikayətləri daim eşidilir. Ancaq şagirdlər böyüyə-böyüyə, sinifdən-sinfə adlaya-adlaya bu “ağırlıq” da tədricən azalır. Yuxarı siniflərə qalxdıqca bəzən içi dərs vəsaiti ilə dolu çantanı yalnız bircə dəftər əvəz edir. Lap günümüzdə hər gün rastlaşdığımız kimi:  oxuduqları təhsil ocağına gedərkən, əksər yuxarı sinif şagirdlərinin və ya ali məktəb tələbələrinin, xüsusən oğlanların əlində yalnız bircə dəftər görmək olur. İstər-istəməz sual yaranır: fənni tədris edən müəllimlər dərs vəsaitlərini onlardan tələb etməyə ehtiyac duymurlarmı? 48 və ya 64 vərəqli dəftərlər bütün dərslikləri əvəz edirmi? Və ya müəllimlərin ilboyu söyləyəcəkləri həmin dəftərə sığırmı? Dərsliklərdən imtina hansı keyfiyyətə təminat verir? Ən əsası, evdən dərsliksiz çıxan övladlarına valideynlərin nəzarəti hardadır?

Müşahidələrimizlə bağlı axtardığımız suallara cavablar təbii ki, birmənalı deyil. Belə ki, problemi məktəblə də, valideynlərin nəzarətsizliyi ilə də bağlayanlar var. Şagird və tələbələrin dərslərə yanaşmaları ilə bağlı məsuliyyətləri də öz yerində…

 

Müəllim nə etsin?

Təhsil üzrə mütəxəssis Elşən Qafarova görə, məsələdə məktəb faktoru az rol oynayır. Belə ki, əsas qınaq obyekti valideyn nəzarəti ilə bağlıdır: “Valideyn bilməlidir ki, övladı məktəbə gedirsə, həmin gün onun cədvəlində hansı fənlər var. Bəzən valideynlər uşağı məktəbə yola salanda və ya dərsdən qayıdanda «Bu gün hansı dərsin vardı və ya sabah hansı dərslərə hazırlaşırsan» sulları ilə maraqlanmırlar. E.Qafarov hesab edir ki, müəllim şagirddən dərs vəsaitlərini sinfə gətirməyi tələb edə bilmir: «Müəllim şagirdə qarşı azca tələbkarlıq edən kimi valideyn və ya şagirdin özü müəllimin kobudluq etməsi ilə bağlı qaynar xəttə müraciət edir. Müəllim nüfuzu o qədər yüksək deyil və ya onun əlində o qədər səlahiyyət yoxdur ki, şagirdin dərsə vəsaitlər gətirməsinə tam nəzarət edə bilsin. Bu baxımdan, məsuliyyət təkcə müəllimin üzərinə qoyulası deyil».

E.Qafarov problemdə repititorluğun hər hansı rol oynayacağını güman etmir: «Bu məsələnin repititorluğa heç bir aidiyyəti yoxdur. Şagirdlərin məktəbə yalnız dəftərlə gəlməsi, xüsusən yuxarı sinif şagirdləri arasında kütləvi hala çevrilib. Bu, sırf valideyn nəzarətinin yoxluğu ilə bağlıdır. Təsəvvür edin, ibtidai siniflərdə çantanın ağırlığı 8-10 kq-dır. Yuxarı siniflərdə isə bu yük yoxdur». Yuxarı sinif şagirdlərinin ali məktəblərə də eyni qayda ilə, yəni bircə dəftərlə dərsə davam etmələrinə münasibət bildirən mütəxəssis bunu eyni psixologiyanın gənclərdə formalaşması ilə əlaqələndirir: «Artıq ali məktəbdə də onlarda dərsə bir dəftərlə getmək psixologiyası formalaşır. Əgər şagird və ya tələbə bu gün 5 dərs keçəcəksə və bunun məsuliyyətini hiss edirsə, təbii ki, həmin fənlər üzrə kitablar, əlavə vəsaitlər və dəftərlər aparmalıdır. Çox təəssüf ki, tələbə və ya şagirdlərin bu işinə nəzarət yoxdur”.

E.Qafarovun dediyinə görə, dəfələrlə valideynləri toplayıb «uşaq məktəbə bir və ya iki dəftərlə gəlir» – desələr də, valideynlər tərəfindən heç bir tədbir görülməyib.  Bəzən də valideynlər «uşaq dərslikləri götürmək istəmir» – deyirlər. Bu da valideynin övlad üzərində səlahiyyətinin olmamağından irəli gəlir. Belə olanda, müəllim nə etsin? O, tələb edir. Əgər şagird və ya tələbə dərsliyi gətirməyibsə, müəllim onu sinifdən və ya auditoriyadan uzaqlaşdıra bilmir. Tələbkarlıq yüksək həddə olanda isə qarşı tərəfin narazılığı başlayır».

 

Həm valideynin nəzarəti, həm də müəllimin tələbkarlığı

160 nömrəli klassik gimnaziyanın Ana dili və ədəbiyyat müəllimi İradə Əfəndiyeva çalışdığı məktəbdə bu cür hallara qarşı tələbkarlığın yüksək olduğunu və çox nadir hallarda qarşılaşdıqlarını bildirdi: «Bizim məktəbdə müəllimlər dərs keçdikləri üçün şagirddən kitab da, dəftər də tələb edirlər. Hər bir şagirdin qarşısında kitabı, dəftəri və dərsliyi olmalıdır. Hətta, gündəlik gətirməyəndə belə, müəllim valideynə zəng edib onu məktəbə dəvət edir».

İ.Əfəndiyeva hesab edir ki, şagird məktəbə yalnız o zaman bircə dəftərlə gələ bilər ki, o məktəbdə müəllimlər dərs keçməsinlər: “Belə vəziyyətdə kitab və dəftər nəyə lazımdır? Uşaq da valideyni aldatmaq üçün bir dəftəri cibinə qoyub məktəbə yollanır. O dəftəri də açıb baxsanız içində heç bir yazı görməyəcəksiniz».

İ.Əfəndiyevanın fikrincə, şagirdin məktəbə dərs vəsaitləri ilə gəlməsi üçün həm valideynin nəzarəti, həm də müəllimin tələbkarlığı olmalıdır: «Valideyn bilməlidir ki, övladı məktəbə gedəndə keçiriləcək dərsə hazırdırmı? Əgər dərsliyi yoxdursa, onu məktəbdən tələb etməlidir. Müəllim dərs keçmirsə, şagirddən nə tələb edə bilər? Ona görə bu məsələdə məsuliyyəti həm məktəb, həm də valideyn daşıyır. Heç bir halda şagird məktəbə bir dəftərlə gəlməməlidir. Yəni dərs prosesi boyunca hər hansı vəsaitlərə ehtiyacın olmaması mümkünsüzdür. Elə isə həmin dərs vəsaitləri nə üçün nəşr olunub? Vəsaitlər ona görə nəşr olunub ki, şagirdlər və tələbələr onlardan evdə və dərsdə istifadə etsinlər».

İ.Əfəndiyeva problemin yaranmasında şagirdlərin fərdi hazırlığının heç bir rol oynamadığı fikrindədir: «Tutaq ki, uşaq repetitor yanında Azərbaycan dilindən morfologiyanı və ya fonetikanı öyrənir. Ancaq müəllim sinifdə ondan üslub barədə  soruşur. Ona görə də repetitorluq bu məsələdə rol oynamır. Bu o demək deyil ki, repetitor yanına gedən şagird sinfə hazırlıqsız gəlməlidir. Axı müəllimlər repetitorla paralel işləmirlər».

 

Məsuliyyət azalıb

Şagirdlərin və tələbələrin oxuduqları təhsil müəssisəsinə yalnız bircə dəftərlə gəlmələrini xoşagəlməz hal hesab edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun fikrincə, onların əllərində keçəcəkləri dərsə aid vəsaitlər və dəftərlər olmalıdır: “Son dövrlərdə orta məktəblərin yuxarı sinif şagirdləri, xüsusən 9, 10, 11-ci siniflərdə təhsil alanların əllərində dərs vəsaitləri və çanta olmadan axın-axın məktəbə getmələrinin şahidi olursan. Bu hal bir qədər kütləviləşib. Bu, ondan irəli gəlir ki, şagirdlərin bir qisminin məsuliyyəti azalıb”. B.Xəlilov hesab edir ki, digər tərəfdən, yuxarı sinif şagirdləri konkret fənlər üzrə hazırlaşdıqlarından, yəni əlavə repetitor yanına getdiklərindən onların məktəbə münasibətləri soyuyub: “Bu, cəmiyyətdə bir qədər dəbə çevrilib. Uşaqlar bir-birləri ilə rəqabətə girir və fərdi hazırlığa üstünlük verirlər. Repetitorluğun dəbə çevrilməsi artıq bir qisim şagirdləri siniflərdə tədris olunan dərs vəsaitlərindən uzaq salıb. Onlar dərs vəsaitlərinə bağlanmadıqlarına görə, yekunda nəticələri zəif olur. Xüsusilə oğlan uşaqları bu məsələdə üstünlük təşkil edir. Onlar bəzən bir dəftəri kəmərlərinin yuxarı hissəsinə taxıb ya repetitor yanına, ya da təhsil aldıqları məktəbə gəlirlər. Belə şagirdlər bir dəftərdə bütün tədris olunan fənləri yerləşdirmək istəyirlər. Əgər həmin dəftəri açıb məzmununa baxsaq, içərisində hər hansı bir yararlı məlumatın olmadığını görərik”.

Professor bu xoşagəlməz ənənənin ali məktəb tələbələri arasında da müşahidə olunduğunu qeyd edir. Belə ki, həmin gənclərin bir qisminin yalnız ya qələmi, ya da dəftəri olur. Tədris olunan fənlərin dərs vəsaitləri demək olar ki, onlar üçün yox dərəcəsindədir: “Test sisteminin cəmiyyətdə dərin kök salmasından sonra ali məktəb tələbələrinin böyük bir qismi əllərinə kitab və dərslikləri götürmür, bəziləri isə hətta dəftərsiz və qələmsiz auditoriyalarda otururlar. Belə olan halda hansı biliyi əldə etmək olar? Onlar sadəcə, testin suallarını əldə etməklə tədris olunan fənlərdən semestr boyu imtahan verirlər». Orta məktəblərin yuxarı sinif şagirdlərinin, eləcə də ali məktəb tələbələrinin kitabla dərsə gəlmələrini böyük mədəniyyət adlandıran B.Xəlilov bu amili həmçinin təbliğat kimi dəyərləndirir: «Əldə kitabın olması kitaba sevgi hisslərini artırmaq deməkdir. İnsan kitabla təmasda olduqca, onun kitaba məhəbbəti artır. İstər ali məktəbdə, istərsə də orta məktəbdə şagird kitab vasitəsilə müəllimlə ünsiyyətdə olur. Kitabdan uzaqlaşdıqda isə şagirdlə kitab və ya müəllimlə tələbə arasında mədəniyyət pozulur». Keçmiş dövrlərdə tələbələrin qalaq-qalaq kitablar gəzdirdiyini xatırlayan professor həmçinin onların istənilən fənnin mühazirə və seminar dəftərlərini daşıdıqlarını da yada salır: «Biz dərslərdə istənilən fənnə aid konspekt tuturduq. Hər hansı bir dərs vəsaitindən istifadə etməklə konspekt tutmaq yazı mədəniyyətini formalaşdırırdı. Şagird və ya tələbə yaza-yaza düşünür, bilik əldə edir. Kitabı oxumaqla şifahi nitq mədəniyyəti, hafizə və yaddaş inkişaf edir. Əvvəllər bu istiqamətdə iş qurulmuşdu. Orta məktəbin yuxarı sinif şagirdinin, eləcə də tələbənin formalaşmasında bu amillər önəmli rol oynayırdı. Tələbəni tələbə kimi təqdim edən onun əlində kitabının olmasıdır. İndi küçədə gəzən gəncliyin tələbə olub-olmadığını fərqləndirmək mümkün deyil. Çünki onun qoltuğunda kitab görünmür. Bu, cəmiyyətin problemidir”.

B.Xəlilov hesab edir ki, cəmiyyətin hər bir üzvü problemin həlli yolunda əlindən gələni əsirgəməməlidir. Eləcə də KİV bu istiqamətdə təhlillər aparmalı, müzakirələr açmalıdır: “Bunlar cəmiyyətdə gəncliyin kitaba münasibətini təhlil etmiş olacaq. Təhlil olandan səbəbi aradan qaldırmaqla nəticənin xeyrinə addım atmış olacağıq”. Professorun fikrincə, hazırkı təhsil sistemindəki humanistləşmə, demokratikləşmə o qədər dərinləşib ki, tələblər dəyişib: «Biz şagird və tələbəyə sovet dövründəki tələblərlə yanaşa bilmirik. Buna görə də orta məktəb şagirdləri, eləcə də tələbələr bu vəziyyətdən sui-istifadə edirlər. Bu, təkcə tələbkarlığın az olması deyil. İstənilən müəllim auditoriyaya daxil olarkən oxumayan tələbəyə irad tutur. Amma qarşı tərəf bu məsələnin mahiyyətini düzgün başa düşməlidir”. B.Xəlilov problemdə təhsil ocaqları ilə bərabər şagird və tələbələrin özünün də tələbkarlığının rol oynadığını qeyd edir: “Hər iki tərəfdə tələbkarlığın azalması da rol oynayır. Mən istərdim ki, şagird və tələbələr daha çox özlərinə qarşı məsuliyyətli olsunlar. Onlar elə bil ətalət içərisindədirlər. Gənclər sabahlarını, peşəkar kadr kimi yetişmələrini fikirləşmirlər. Sadəcə, günü ötürməklə elə hesab edirlər ki, nəyəsə nail olurlar».

Bütün hallarda şagird və tələbələrin dərsə yalnız bir dəftər və ya qələmlə gəlmələri oxuduqları təhsil müəssisəsində təhsilin yüksək keyfiyyətindən xəbər vermir. Təhsilin cəlbediciliyi isə təkcə bir dəftər və qələmlə məhdudlaşmır… (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir