Gunay İsmayilova

Autizm, yoxsa spektr pozulma?

Baxış sayı: 915

Autizm, uşağın sinir sisteminin işinin pozulması və psixikasının pozulmasıdır. Ətraf mühitlə münasibətlərdə çətinlik yaranmasıdır. Uşaq autizminin xarakterik əlamətləri: (1) özünə qapanma; (2) məhdud maraq dairəsi; (3) ünsiyyətdə çətinlik.

Uşaq autizmi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən F84.0 kodu ilə qeyd olunub. Sonra bir neçə növə ayrılıb:

1) Atipik autizm;

2) Asperger sindromu;

3) Uşaq autizmini xatırladan pozulma;

4) Retta sindromu;

5) Kanner sindromu;

6) Birincili aspesifik pozulma.

Beynəlxalq təsnifatdan başqa, autizmin psixoloji formaları da var. O. S. Nikolskaya psixoloji formaları 4 qrupa bölmüşdür:

1) Reallığı qəbul etməmək və neqativə köklənmək, hipperhəyəcanlanma;

2) Qərarsızlıq, ətraf mühitlə əlaqə qurmaq ehtiyacı duymamaq;

3) Yaxınları ilə emosional bağlılığın olmaması;

4) Xarici ortamla əlaqə qurmama, qorxu, zəiflik.

Bu təsnifat erkən uşaq autizminin reabilitasiyası zamanı fərqliliyi dəqiq təyin etməyə imkan verir.

autizm

Müşahidələr göstərir ki, müasir dövrdə klassik autizmin növləri olan Asperger və Kanner faiz etibarı ilə dəyişməyib, yəni keyfiyyət göstəricisində artım müşahidə olunmur. Lakin Autizm Spektr Pozulması (ASP) orqanik olmayan səbəblərdən artmışdır. Bəzi psixoloq və psixiatrlar bildirir ki, insanların ağıllı telefonla, planşetlə tanışlığı, sosial şəbəkələrdən uzun müddətli istifadəsi, canlı ünsiyyətin məhdudlaşması mərkəzi sinir sistemində (MSS) qığılcımları, qısaqapanmaları gücləndirir, onların şizoid şəxsiyyətini oyadır və gələcək nəsillərə ötürülməsinə səbəb olur. Belə vəziyyət daha çox iri və inkişaf etmiş şəhərlərdə müşahidə olunur, nəinki regionlarda. Bu zaman həm də demək lazımdır ki, autizm bəzi dəlillər səbəbindən eyni zamanda özünü şizoid xəstəlik halı kimi göstərir. Erkən uşaqlıq dövründə depressiv şizoidin affektiv halına rast gəlinir. Bu, ürək-damar xəstəliklərindən sonra 2-ci yerdədir.

 

Autizm Spektr Pozulma nədir? Burada iki yanaşma var:

Aşağı (məhdud) funksionallı spektr pozulma;

Yüksək (geniş) funksionallı spektr pozulma.

Aşağı (məhdud) funksionallı spektr pozulma aşağıdakı kimi xarakterizə olunur:

Lazımi maksimallıqda məişətdə adaptasiya imkanının olmaması;

Alternativ vasitələr hesabına ünsiyyət inkişafsızlığı;

Hər hansı sosial mühitə çıxışın olmaması.

autizm

Bu zaman əminliklə demək olar ki, belə uşaqlar daim ikinci şəxsin köməyinə ehtiyac duyurlar.

Yüksək (geniş) funksionallı spektr pozulmanın xarakterik xüsusiyyətləri aşağıdakılardır:

Məktəb təhsili və təhsildən sonrakı imkanlar;

Peşə yönümlülük, ali təhsil imkanı;

Ailə qura bilmə;

Geniş əhatədə ünsiyyət bacarığı.

 

Qeyd etmək lazımdır ki, sadalanan müsbət xüsusiyyətlər intellektual pozulması olmayan və frazalı nitqə sahib olan autizmli uşaqlara şamil edilir.

Müşahidələr və tədqiqatlar göstərir ki, autizmli uşaqların 80%-ində əqli geriliyin müxtəlif səviyyələri özünü göstərir, hansı ki, bu göstərici aşağı (məhdud) funksionallı autizm spektr pozulmasına aid edilir. 20%-i isə yüksək (geniş) funksionallı spektr pozulmanın payına düşür. Bütün valideyinlər istəyər ki, uşaqları 20% nisbətinə aid edilmiş olsun. Lakin bunu arzu etmək və sadəcə gözləmək azdır, valideyinlər uşaqlarındakı fərqliliyi vaxtında görüb mütəxəssislərə müraciət etməlidirlər. Çünki, hər bir uşağın fərdi potensialını aşkara çıxarmaq, bacarıqlarını inkişaf etdirmək lazımdır.

İstər yüksək, istərsə də aşağı funksionallı autizm spektr pozulma zamanı uşağın inkişafı asinxron olur. Bir sahə inkişaf etmiş olsa da, digər sahələr zəif inkişaf edir. Hətta yüksək funksionallı şəxslərdə belə sətiraltı mənaları və frozologizmi anlama olmur, abstrakt təsəvvür və təxəyyül formalaşmır.

autizm

Valideyinlər daim diqqətli olmalı və uşaqlarını çağalıq dövründən müşahidə etməlidirlər. Fərqlilik nə qədər tez aşkar olunarsa, reabilitasiyası da bir o qədər müsbət nəticələnər. Autizmin ilkin əlamətləri 0-3 yaşlarda aşağıdakı hallarla xarakterizə olunur:

3 aylığında körpəyə yaxınlaşıb gülümsədiyimiz zaman onun gülümsəməməsi. Normal inkişaf zamanı körpə qidiqlanmadan, əlavə müdaxilə edilmədən sadəcə gülümsəməyə eyni reaksiyanı göstərir;

Böyük ölçüdə olan şəkilə və ya təsvirə reaksiya verməmə. Məsələn, şar üzərində sima rəsmi və valideynlərinin A4 ölçüdə olan şəkli;

6 ayında uşağı qucağınıza götürmək istəyəndə o da eyni ilə qollarını qaldırmalıdır. Qucaqda olduğu zaman qolları və ayaqları ilə tutmağa çalışmalıdır. Autizm əlamətləri olan uşaq isə o dövrdə qucağa götürüləndə qollarını qaldırmır, hətta özünü ağırlaşdıraraq tutmağa çalışmır;

Uca səslərə sərt reaksiya vermə. Normalda bütün uşaqlar məişət texnikalarının güclü səsindən qorxur, lakin 2-3 dəfədən sonra həmin səsi qəbul edirlər. Autizmli uşaqlar isə səsə kəskin reaksiya verməyə davam edirlər;

Heç bir şəxsə yönəlməyən səbəbsiz gülüş. Autizm spektr pozulması olan uşaq uzun müddət boşluğa baxaraq səbəbsiz gülümsəyir;

Eyni hərəkəti fasiləsiz təkrarlamaq. Məsələn, 7 aylığında sərbəst oturmağı bacaran körpə pərdəni fasiləsiz açıb-bağlayır, bu, stereotipdir;

Emosiyasız baxış – telefonda videoları emosiyasız izləmək;

Uşaq onu tez-tez yellənçəkdə və ya uşaq arabasında yelləndirməyi tələb edir. Eyni zamanda, iştahanın pozulması, əmmə zamanı ana ilə emosional bağlılığın olmaması və südü ağızdan dağıtma;

7-8 aylarında ağlamadan yad insanların qucağında olmaq. Normalda 6-9 aylıq uşaq ata və anasından başqa insanların onu qucağına götürməsinə ağlamaqla etirazını bildirir;

1 yaşında uşağın salamlaşma və vidalaşmaya reaksiyasının olmaması;

Oturaq vəziyyətdən dəstəksiz qalxma;

1-ci dişlərini nitqə başlama dövründən sonra çıxarma;

Yeni geyimlərə aqressiv reaksiya;

1-3 yaşlarında uşaqlarda nitq yaranır, ancaq bu nitq öz-özü ilədir, cavab gözləmir, müraciət etmir. Təkrarlanan nitqdir. Bu 8% sözlərdən, 35% ton və intonasiyadan, 57% jestlərdən ibarət ünsiyyət sindromudur. Bu əlamətlər əksər hallarda mikroporolizasiya, TOMATİS və digər stimulyatorlardan sonra ortaya çıxır.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




14 şərh “Autizm, yoxsa spektr pozulma?

  1. Gülnur Qasımova

    Yazınızda qeyd etdiyiniz kimi, autizmli uşaqların inkişafı asinxron olur və bir sahədə irəliləyiş müşahidə edilərkən digər sahələrdə geriləmələr baş verə bilir. Bu vəziyyətdə, mütəxəssislərin uşağın fərdi inkişafını izləyərək xüsusi təlim metodları tətbiq etməsi vacibdir. Bu yanaşmanı daha da inkişaf etdirmək üçün hansı metodları tövsiyə edirsiniz? Məsələn, müxtəlif növ terapiyalarla yanaşı, valideynlərin rolu necə olmalıdır və onlara hansı tövsiyələri verərdiniz?

    Cavabla
  2. Fərahim Süleymanov

    Dünən Autizm Günü idi və bu xüsusi gündə autizmli uşaqlara və onların ailələrinə daha çox diqqət yetirilməli olduğu barədə məlumatların yayılması çox vacibdir. Yazını oxuyarkən bu mövzuya dair çox dəyərli və faydalı məlumatları təqdim etdiyinizi görürəm. Məncə, bu mövzuda valideynlərə daha çox təlimlər və dəstək proqramları təqdim olunmalıdır. Gələcəkdə autizm haqqında məlumatları cəmiyyətə daha geniş şəkildə çatdırmaq məqsədilə məqalənizdə autizmin sosial və təhsil sahəsindəki problemləri və həlli yolları barədə daha geniş bir yanaşma da əlavə edə bilərsiniz. Həmçinin, “Autizmli Uşaqlarla İşləyən Müəllimlər üçün Tövsiyələr” kimi bir mövzu da maraqlı və faydalı ola bilər.

    Cavabla
  3. Nəzrin Salahova

    Fərahim bəyin fikirlərinin davamı olaraq qeyd edim ki,gələcəkdə bu mövzu ilə bağlı “Autizmli Uşaqlar üçün Təhsil Proqramları: Tətbiq olunan Metodlar və Uğurlar” mövzusunda bir məqalə təqdim etmək faydalı ola bilər. Bu, həm valideynlər, həm də təhsil sahəsində çalışan mütəxəssislər üçün çox faydalı bir məlumat olacaq.

    Cavabla
  4. Amil Bağlrov

    Autizmli bir uşaq atası olaraq, yazını oxuyarkən uşağımın inkişafı ilə bağlı bir çox əhəmiyyətli məqamları bir daha dərk etdim. Bu mövzuda daha çox məlumatın yayılması çox vacibdir, xüsusən də cəmiyyətin autizmli uşaqlara qarşı olan yanaşmasını dəyişdirmək üçün. Yazınızdakı məqamlar çox faydalıdır və bu sahədə bir məqalə təklifi kimi, “Valideynlər üçün Autizm: Uşağınızın İnkişafını Dəstəkləmək Üçün Praktik Tövsiyələr” kimi bir mövzu işıqlandırıla bilər. Bu mövzu həm valideynlərə, həm də uşaqların inkişafını izləyən mütəxəssislərə faydalı olacaq.

    Cavabla
  5. Günəş Əkbərli

    Mənim fikrimcə, autizmin erkən mərhələdə tanınması və müdaxilənin tez başlanması çox mühüm məsələdir. Yazınızda qeyd etdiyiniz 0-3 yaş arasındakı əlamətlərə diqqət yetirilməsi uşağın inkişafını düzgün istiqamətləndirmək üçün vacibdir. Bu yaşda doğru müdaxilə etmək, uşağın gələcək həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Öz təcrübəmdən bildiyimə görə, valideynlərin autizmə dair məlumatlandırılması və mütəxəssislərlə yaxın əməkdaşlıq etməsi böyük əhəmiyyət daşıyır.

    Cavabla
  6. Kamilə Fərhadova

    Erkən dövrün əlamətləri və uşağın inkişafı haqqında verdiyiniz təkliflər çox dəyərlidir. Uşaqların inkişafında asinxronluq müşahidə edilməsi, onları daha yaxşı başa düşməyimizə kömək edir. Bu, həm də mütəxəssislərə daha düzgün və xüsusi yanaşma tətbiq etməyə imkan verir. Valideynlərə məlumatlılıq qazandırmaq üçün bu cür yazıların davamlı şəkildə təqdim olunması çox vacibdir.

    Cavabla
  7. Fərizə Hüseynzadə

    Autizmli bir uşağın valideyni olaraq, yazını oxuyarkən bir çox hissləri təkrarladım. Uşağımda müəyyən autizm əlamətləri göstərilən ilk dövrlərdə, bu əlamətləri anlamadığımız üçün çox vaxt həyəcanlandıq və narahat olduq. Müxtəlif mütəxəssislərdən alınan məlumatlar, zamanla uşağımızın fərdiləşmiş reabilitasiya planının hazırlanması və daha müsbət inkişaf nəticələri almağımıza kömək etdi. Yazını oxuyarkən valideynlərə müraciət edərək, onların uşaqlarında fərqli davranışları vaxtında izləmələrini və mütəxəssislərə müraciət etmələrini tövsiyə edirəm.

    Cavabla
  8. Fuad Əliyev

    Mən təhsil mütəxəssisiyəm. Yazınızda autizm spektr pozulmasının müxtəlif növləri haqqında verdiyiniz məlumatlar təhsil sahəsində çalışan bir mütəxəssis olaraq çox dəyərlidir. Autizmli uşaqların təhsili çox xüsusi yanaşmalar tələb edir. Onların fərdi inkişafını izləyərək tədris proqramlarını düzgün tənzimləmək, həm uşaqların, həm də təhsil işçilərinin yaxşı nəticələr əldə etməsini təmin edir. Həmçinin, valideynlərin də bu sahədə məlumatlı olması, həm evdə, həm də məktəbdə uşağa düzgün dəstək verilməsi üçün çox vacibdir. Sizə bu dəyərli məlumatları bizlə paylaşdığınız üçün təşəkkür edirəm.

    Cavabla
  9. Xuraman Qafarova

    Mənim oğlumda da autizm spektr pozulması var və bəzən onun inkişafı haqqında əmin olmağa çalışıram. Yazınızda valideynlər üçün təqdim etdiyiniz erkən əlamətlər, həqiqətən də çox faydalıdır. Uşağımda müəyyən davranış dəyişiklikləri görməyə başladım, amma tam olaraq nə etməli olduğumdan əmin deyildim. Bu yazıdan sonra daha diqqətli olmalı olduğumu anladım və mütəxəssislərlə daha çox əməkdaşlıq etməyə qərar verdim. Valideynlər üçün bu cür məlumatların böyük əhəmiyyəti var. Çox sağ olun

    Cavabla
  10. Pərvin

    Yazını oxumaq mənim üçün çox faydalı oldu, çünki sosial işçi olaraq autizmli uşaqların ailələrinə dəstək verirəm. Yazınızda xüsusi olaraq valideynlərə diqqət etmələri lazım olan davranış dəyişiklikləri və erkən əlamətləri vurğulamanız çox əhəmiyyətlidir. Ailələr üçün bu cür məlumatların təmin edilməsi onların uşaqları ilə daha yaxşı əlaqə qurmasına və uyğun dəstək almasına kömək edir. Belə yazıların valideynlərin və cəmiyyətin məlumatlandırılması üçün əvəzsiz olduğunu düşünürəm.

    Cavabla
  11. Günay

    Salam əziz oxucular. Əvvəla demək istəyirəm ki, yenidən yazılar paylaşdığım və diqqətli oxuculardan rəylər aldığıma çox şadam. Hörmətli Gülnur xanım. Autizm çox detallı müxtəliflikləri özündə birləşdirəm fərqlilikdir. Valideyinlərə tövsiyə edərdim uşaqlarını diqqətlə izləsinlər, onlarda sevdikləri və sevmədikləri obyektlər, hadisələri müəyyənləşdirsinlər. Daim təlimlərə aparsınlar və hər zaman müsbəti düşünsünlər.

    Cavabla
  12. Günay

    Hörmətli Fərahim bəy və Nəzrin xanım. Təklifləriniz çox dəyərlidir. Bu məni də maraqlandırır, hətta 2019cu ildə Autizmli uşaqların inklüziv təhsilə cəlb olunması barədə layihə də yazmışdım. Orta məktəbdə işləmədiyim üçün qəbul olmadı. Sevindirici haldır ki, başqa bir müəllimənin Autizm parta arxasında layihəsi qəbul olundu. İndi artıq bir çox təhsil müəssisələrində müxtəlif təhsil ehtiyacları olan şagirdlər təhsil alır. Gələcəkdə geniş imkanların olacağına əminəm.

    Cavabla
  13. Günay

    Dəyərli Xuraman xanım əvvəla sizi çox özəl övladınız olması və onun fərqində olduğunuz üçün təbrik edirəm. Bu yolda sizə uğurlar arzulayıram. Nə vaxt köməyimə ehtiyacınız olarsa mən sizin yanınızda olmağa hazıram. Siz bura yazın biz mütləq əlaqə qurmağın yolunu taparıq.

    Cavabla
  14. Günay

    Hörmətli Amil bəy və Kəmalə xanım sizi də fərqli özəlliklərə sahib olan övladların valideyinləri olduğunuz üçün təbrik edirəm. Təkliflərinizi nəzərə alaraq növbəti yazımı da autizm zamanı dəstək şəklində yazmağa qərar verdim. Hər birinizə səmimi qəlbdən təşəkkür edirəm.

    Cavabla

Amil Bağlrov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir