ayiq surucu

“Ayıq sürücü” xidməti: keyfiyyət və problemlər

Baxış sayı: 2. 008

Artıq bir neçə ildir ki,  “Ayıq sürücü” xidməti fəaliyyət göstərir.  Bu xidmət bir çox insanların həyatını xilas edir desək, yanılmarıq. Çünki bir müddət əvvəl belə bir xidmət növü yox idi. İnsanlar içkili halda sükan arxasında əyləşib maşını idarə edirlər. Bu isə yolverilməz idi.  “Ayıq sürücü” xidməti göstərən şirkətlər çoxdur.  “Ayıq sürücü” işləyən  şəxs mexaniki və ya avtomat sürət qutusuna malik olan bütün maşın növlərini idarə etməyi bacarmalıdır. Demək olar ki, artıq dünyanın bir çox ölkələrində bu xidmətdən istifadə edilir. 24 saat, operativ şəkildə fəaliyyət göstərir.  Sürücü müştəri və onun avtomobilinin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarını bilməli və ciddi şəkildə əməl etməlidir.  Müştəri sürücüdən şəxsiyyət və sürücülük vəsiqəsi kimi sənədləri tələb etməlidir.  Son zamanlar demək olar ki, “ayıq sürücü” xidmətindən istifadə halları genişlənib. Bu da xidmət bazarında bu kimi şirkətlərin artmasına səbəb olur. Həmçinin rəqabətin də yaranmasına şərait yaradır.  Biz də bu kimi məqamları nəzərə alaraq, ekspertlərimizlə ölkəmizdə fəaliyyət göstərən “ayıq sürücü” şirkətlərinin xidmətinə olan münasibətləri öyrənməyə çalışdıq.

 

Təsəvvür edin ki, “ayıq sürücü” adı ilə… 

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert  Elməddin Muradlıbu xidmətin çox faydalı, effektiv  olmasına baxmayaraq, bəzi çatışmayan nüansların da olduğunu bildirdi: “Bu xidmət çox yaxşı, faydalı, effektiv olmasına baxmayaraq, onun təşkili ilə bağlı vəziyyət heç də ürək açan deyil. “Ayıq sürücü”lər peşəkar sürücülərdən ibarət olmalıdır. Onlar yük maşınından tutmuş, motosikletə qədər hər bir nəqliyyat növünü idarə etməyi bacarmalıdırlar. Bu xidmət yaranarkən bütün kateqoriyalar üzrə sürücülər işə götürülməlidir. “Ayıq sürücü” müştəriyə xidmət göstərən zaman mütləq vəsiqəsini təqdim etməlidir. Şəxsən mən özüm də bu xidmətdən yararlanmışam və hər dəfə də onlardan sürücülük vəsiqəsini tələb etmişəm. Onda sürücülərin özləri də çaş-baş qalırlar ki, nə üçün bunu soruşuram. Mən çox istərdim ki, hər bir “ayıq sürücü” xidməti göstərən şirkət  öz sürücülərinə təlimat versin ki, avtomobil sahibinə yaxınlaşarkən özünü və vəsiqəsini təqdim etsin. Təsəvvür edin ki, sizə “ayıq sürücü” adı ilə sürücülük hüququ məhdudlaşdırılan şəxs göndərilib. Ola bilər ki, həmin sürücü xuliqanlıq etdiyinə, sərxoş vəziyyətdə maşın sürdüyünə görə cərimələnib. Və həmin sürücü də gəlib bizə xidmət göstərir. Yol polisi saxlayır və görür ki, sizin maşınınızı həmin insan idarə edir. Bu yol hərəkəti haqqında qanunda da var ki, sürücülük hüququ məhdudlaşdırılmış şəxsə maşın verən məsuliyyətə cəlb olunur. Onda belə çıxır ki, siz məsuliyyət daşıyırsınız. Bu zaman 100 manat ona, 60 manat da sizə cərimə yazılır”.

 

Hər adam “ayıq sürücü” ola bilmə

Müsahibimiz deyir ki, xidmətin təşkili ilə məşğul olan şəxs bu tip məsələlərə çox ciddi önəm verməlidir: “Mən neçə ildir ki, bu işlərlə məşğul oluram. Bu sahə ilə bağlı çoxsaylı müraciətlər gəlir. Bir dəfə maşın sahibi “ayıq sürücü” adı ilə gələn sürücüdən içkili olub-olmadığını soruşub. O da qayıdıb deyib ki, bir bakal şərab içmişəm. Yəni bu insan başa düşmür ki, bir bakal şəraba görə də məsuliyyət daşıyır. “Ayıq sürücü” xidmətinin təşkilinə xüsusi fikir verilməlidir. Hər yoldan keçəni sürücü kimi işə götürmək olmaz. Keyfiyyətsiz  xidmət digərlərini də gözdən salır. Elə “ayıq sürücü” xidmətləri var ki, yetərincə keyfiyyətli iş görürlər. Mən özüm bir dəfə restoranın önündə şahidi olmuşam. Taksi sürücüləri müştəri olmayanda maşını bir qırağa qoyub “ayıq sürücü” kimi fəaliyyət göstərməyə başlayırlar. Axı hər adam “ayıq sürücü” ola bilməz. “Ayıq sürücü”nün keçmişi mütləq araşdırılmalıdır. İndiki dövrdə taksi sürücüsü müştərini qarət edir. Bəs bu zaman “ayıq sürücü”dən nə gözləmək olar? Maşın sahibi həddən artıq sərxoş ola bilər. Bunu görən “ayıq sürücü” onu öldürə, qarət edə bilər. Bizdə yeni yaranan əksər xidmətlərdə müəyyən problemlər olur. Bu xidmət də yeni yarananlardandır. Düşünürəm ki, gələcəkdə dövlət nəzarəti olacaq. Bu xidmətlər yol polisi ilə də razılaşdırılmalıdır. Çünki bu xidmət birbaşa olaraq yol hərəkətinin təşkili ilə bağlıdır. “Ayıq sürücü” kimi fəaliyyət göstərən hər bir sürücünün keçmişi haqqında sistemdə informasiya olmalıdır ki, yol polisi sürücünün adını yazan zaman onun haqqında bütün məlumatları əldə edə bilsin”.

 

Xidmət bu cür olanda adama xoş gəlir 

Ekspert deyir ki, sürücünü işə götürən şirkət onu yoxlamalıdır. Bəlkə həmin sürücü sürət həddini aşan avtoxuliqandır: “Bundan başqa, maşında  hər hansı bir problem yarandığı və ya radara düşdüyü təqdirdə, cərimə alan zaman maşın sahibi kiminlə əlaqə saxlamalı olduğunu bilməlidir. “Ayıq sürücü” gələn zaman yaxşı olar ki, ondan işlədiyi şirkətin vizit kartı tələb edilsin. Bəzən elə olur ki, nə isə bir problem yaranan zaman “ayıq sürücü” şirkəti məsələnin həllindən boyun qaçırır. Bu zaman müştəri üçün problem yaranır. Amma bu sahədə keyfiyyətli xidmət göstərən şirkətlər də var. Hansı ki, müştərini haradan, saat neçədə götürdüyünü və hansı yerdə maşını təhvil verdiyini zəng edib şirkətə xəbər edir. Bunlar hamısı şirkət tərəfindən qeydə alınır, bir neçə ay o bazada saxlanılır. Hər hansı bir problem yaransa, elektron protokol gəlsə, siz günahın həmin sürücüdə olduğunu sübut edə bilirsiniz. Bu zaman şirkət həmin vaxt sizə hansı sürücünün xidmət etdiyini tapır, cəriməni sürücüyə ödətdirir. Xidmət bu cür olanda adama xoş gəlir. “Ayıq sürücü” adı ilə fəaliyyət göstərən şirkətlər sürücülərini xüsusi vəsiqə ilə təmin etməlidirlər. Düşünürəm ki, xidmətin təşkili ilə bağlı müəyyən qaydalar tətbiq edilməlidir.  Elə sürücülər var ki, gündüz taksi sürür, gecə “ayıq sürücü” kimi fəaliyyət göstərir. Bu da onun səhhətinə ziyandır. Təsəvvür edin, içkilisiniz deyə “ayıq sürücü” çağırırsınız ki, sizi sağ-salamat evinizə aparsın, amma gələn sürücü  özü sükan arxasında yuxulayır. Bu, həm onun, həm də sizin həyatınız üçün təhlükəlidir. Ona görə də, bu xidmətə ciddi nəzarət etmək lazımdır”.

 

Şirkətlər öz işçilərinin fəaliyyətini sığortalasınlar 

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, “ayıq sürücü” xidmətinin keyfiyyətini müəyyənləşdirmək üçün ilk olaraq onlardan istifadə edən sürücülər arasında sorğu keçirilsə, yaxşı olar: “Əslində o cür xidmətin olması çox yaxşıdır. Həmin xidmətin sayəsində sürücülər sərxoş vəziyyətdə avtomobil idarə etməkdən uzaq olurlar. Çünki əvvəllər bəzi insanlar içkili olmalarına baxmayaraq, sükan arxasında əyləşib həm özünün, həm də başqalarının həyatını riskə atırdı.  Bu xidməti göstərərkən bəzi yol-nəqliyyat hadisəsi baş verir. Bu zaman bütün məsuliyyət sükan arxasında əyləşən  şəxsin üzərində olur. Ziyan vurma ilə bağlı məsələdə isə bir az fərqli məqamlar var. Əgər nəqliyyat vasitəsindən istifadə edərkən kiməsə ziyan dəyirsə, onda maşının sahibi də məsuliyyət daşıyır. Bu məqamlar həm qanunvericilikdə, həm də təcrübədə tənzimlənməlidir. Yaxşı olar ki, “ayıq sürücü” şirkətləri öz işçilərinin fəaliyyətini sığortalasınlar. Həmin sığortaya əsasən, şirkət qəza törətmiş işçisinin bütün məsuliyyətini və qəza baş verən zaman hər iki tərəfə dəymiş ziyanı  üzərinə götürür. Yəni həm müştərinin, həm də ziyan vurduğu digər maşının xərclərini ödəyir”.  (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir