yuxu

Yuxular: olacaqların müjdəsi, yoxsa…? – ASTROLOQ RƏYİ

Baxış sayı: 1. 354

Yuxular hər zaman insanların, alimlərin diqqət mərkəzində olub. Ümumiyyətlə yuxu nədir? Yuxu – beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Görmə qabiliyyəti olmayan insanlar belə yuxu görürlər.

Anadangəlmə görmə qabiliyyəti olmayan insanlar yuxuda şəkillər görməsə də, səs qoxu və taktik hissiyyatları hiss edir. Sonradan görmə qabiliyyətini itirən şəxslər də sağlam insanlar kimi adi yuxular görür. Bəzən gördüyümüz yuxuların çin olmasına, həyatımıza dair hansısa məlumat əks etdirdiyinə inananlar var. Bəziləri isə yuxuların illüziya, beynimizin hansısa hissəsində yığışıb qalan məlumatlar olduğunu düşünür.

Hələ qədim zamanlardan bu günə qədər yuxular sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Keçmişdə kahinlər və sehrbazlar hansı yuxuların çin olub-olmaması ilə bağlı böyük bir sistem hazırlayıblar. Zaman keçdikcə onların yerini astroloqlar əvəz edib. Tarix boyu filosoflar, elm adamları yuxugörmə haqqında müxtəlif fikrilər səsləndiriblər. Bu gün də fərqli psixologiya, parapsixologiya və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh edirlər. Bununla belə Şərq və Qərb alimlərinin fikirləri heç zaman üst-üstə düşmür, belə ki, Qərb alimləri yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərq alimləri isə yuxunun ilahi bir mesaj olduğunu deyir. Çünki insan yuxuda bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və bənzətmələrlə görür. Bu baxımdan tez-tez şahidi oluruq ki, insanlar gördükləri yuxunu bir işarət olaraq qəbul edir və günlərini, bəzən də həyatlarını ona görə qururlar. Psixoloqlar isə qeyd edir ki, insanların yuxularının böyük faizi istədikləri şeylər, yaxud da xəyalını qurduqları hər hansı məsələnin reallaşmamasının məhsuludur.

Beləliklə, yuxulara inanaqmı?

Tanınmış astroloq Firudin Qurbansoy mövzuya bu cür şərh bildirdi: “Bildiyiniz kimi, Qurani-Kərimdə yuxu ilə bağlı ayə var. Yuxuların yozulması elmi Yusif peyğəmbərə verilib. Ondan sonra tərtib olunan yuxu yozmalar kitabında hər yuxunun rəmzi, mənası aydınlaşdı. Daha sonra xüsusən Qərbdə filosoflar, psixoloqlar bu mövzunu dərindən aydınlaşdırmağa başladılar. Və müxtəlif nəzəriyyələr, o cümlədən Freyd nəzəriyyəsi meydana çıxdı. Həmin nəzəriyyələrdə yuxu nədir, onun mahiyyətinin nədən ibarət olduğu bildirilir. İnsan bədən və ruhdan ibarətdir. Bədən işləyir, dincəlir. Eyni zamanda ruh da dincəlməlidir. İnsan gün ərzində müəyyən ruhi sarsıntılar keçirir və nəticədə ruhu incidir. Bu yorulmaların qarşısını almaq üçün dincəlmək lazımdır. Beləliklə, insan yatdıqda ruhu dincəlir. Qurani-Kərimdə Allah-tala deyir ki, ”İnsan yatarkən onun ruhunu alarıq. Əgər ömrü tamam deyilsə, ruhu geri qayıdar, yuxudan oyanar”. Yəni, ruh bədəndən çıxanda insan yatır. Ruh bədəndə olarkən insanın yatması mümkün deyil. Yuxuların çin olmasına gəldikdə isə, bütün yuxuların aydın olması mümkün deyil. Keyfani və rəbbani yuxular var. Bu mənada aldadıcı yuxular çox olur. Təbii ki, insanın ruhunu incidən hansı problemdirsə, onun ətrafında düşünür və yuxu görür”.

Astroloq yuxu yozumları haqqında çoxsaylı kitabların olduğunu vurğulayıb: “Orta əsrlərdə ”Xalqnamələr” adlı xüsusi kitablar çap olunurdu. Burada əlifba sırası ilə yuxular yazılır və onların izahı verilirdi. Həmin kitabları tərcümə edib bir nəticə əldə etmək olardı. Türkiyədə kitablar tərcümə edilib, bizimkilər də həmin kitablara nəzərən yuxu yozmaları kitablarını çap ediblər. Yuxu yozmaları ilə məşğul olan yeganə alimimiz Fəridə Hicrandır. O, ədəbiyyatşünasdır və yuxunu folklor tərəfindən işləyərək bir neçə kitab dərc etdirib.

Yuxu yozmalarının özü bir elmdir. Əlbəttə ki, yuxu insanların həyatının 3/1 hissəsini təşkil edir və bunu əgər öyrənməsək doğru olmaz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir