Bir müddət öncə TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxış edib. Bildirib ki, yaxın gələcəkdə rəqəmsallaşdırma tam başa çatdıqdan sonra ölkədə dərman izləmə sistemi tətbiq olunacaq. Onun sözlərinə görə, bunun sonrakı mərhələsində ölkədə elektron reseptə keçid həyata keçiriləcək: “Biz artıq kağız reseptlərə əlvida deyəcəyik. Dərmanlar elektron reseptlərlə təyin olunacaq, apteklərdən də dərman vasitələri elektron reseptlərlə alınacaq”.
Dünya ölkələrinin təcrübəsi
Əksər inkişaf etmiş ölkələrdə də kağız reseptə alternativ kimi kodlaşdırmadan istifadə edilir: həkimlər şəxsi resept kodu, apteklər isə elektron kodlaşdırma sistemi ilə təmin olunur. Nəticədə qəbula gələn pasiyent kodlaşdırılmış resept vasitəsilə zəruri dərman preparatlarını əldə edir.
Estoniya
Ayrı-ayrı ölkələrdə bu sistem öz spesifik xüsusiyyətləri ilə fərqlənir. Məsələn, Estoniyada apteklərdə bütün xəstələr e-şəxsiyyət vəsiqələrini təqdim edir və əczaçı xəstənin informasiyalarını e-İD vasitəsilə götürür və e-resepti doldurur.
Çexiya
Çexiyada həkimlər yazdıqları bütün reseptlərin bir nüsxəsini mütləq şəkildə mərkəzi məlumat bazasında saxlamalıdırlar. Bu sistem əhalinin sağlamlığını qorumaq və saxta reseptlərin qarşısını almaq məqsədi daşıyır.
Hələ tezdir?
Bəs Azərbaycan səhiyyə sistemi elektron reseptlərə keçməyə hazırdır? Tibbi ekspert Şəmsiyyə Namazova deyir ki, elektron reseptlərə keçmək hələ tezdir: “Elektron reseptlərə keçidin hələ zərurət olduğunu düşünmürəm. Azərbaycanda bu mühitə tələbat tam yetişməyib. Elektron reseptə keçmənin nə vaxtı, nə də zamanıdır”.
“Hamı istifadə edə bilməyəcək”
Ş.Namazova bildirir ki, hər kəsin internetdən tam şəkildə anlayışı olmadığı üçün elektron reseptlərə keçid müəyyən qrup üçün çətin ola bilər: “Əslində, elektron reseptə keçmək həkimin işini daha da yüngülləşdirir. Amma insanların internetdən anlayış səviyyəsi o dərəcədə yetişməyib. Yaşlı, orta, cavan nəsil var və elektron sistemdən hər kəs istifadə edə bilmir. Məsələn, vaksinasiya olunmaq üçün qeydiyyatdan keçməyi hər kəs bilmirdi. Bilən insanlardan onlara kömək etməyi xahiş edirdilər”.
“Bir yazılış qaydası var”
Ş.Namazovanın sözlərinə görə, elektron reseptlərin öyrəşdiyimiz kağız reseptlərdən fərqi yoxdur: “Elektron reseptlərin də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş bir forması var. Kağız, elektron, hansı ölkədə, hansı dildə olmasının fərqi yoxdur, reseptin bir yazılış qaydası var”.
“Bu dərmanı necə içək?”
Ş.Namazova deyir ki, elektron reseptə keçidlə həkimin fiziki işi yüngülləşəcək. Lakin reseptlə bağlı pasiyentlər yenə də həkimə zəng vuracaqlar: “Müsbət tərəfi odur ki, həkimin fiziki işi yüngülləşir, yazı yazmayacaq. Ancaq bəzi məsələlərdə ənənə qalacaq. Məsələn, xəstə ilə üzbəüz oturub iynə-dərmanların vurulma və ya içmə qaydasını izah edirik. İnsanlar yenə də tam yadında saxlaya bilmir, evdən zəng edir soruşur ki, bu dərmanı necə içək?. Olur ki, aptekdə o dərman yoxdur, əvəzedicisini soruşmaq lazım gəlir. Həkimə zəng edirlər ki, əvəzində başqa dərman verə bilərik? Elektron reseptə keçidin, məncə, elə bir əhəmiyyəti olmayacaq”.
“Xeyli iş görmək lazımdır”
Tibbi ekspert Adil Qeybulla deyir ki, elektron reseptlərə keçmək üçün öncə sistem formalaşmalıdır: “Elektron reseptlərə keçidin hələ tez olduğunu hesab edirəm. Əhali bunun üçün tam hazır olmalıdır. Səhiyyə bir sistemə keçməli, bütün rayonlar arasında əlaqələr qurulmalıdır. Məsələn, hansısa rayonda yazılan resept elektron şəkildə o sistemə daxil edilməli, xəstələrin məlumat bazası olmalıdır. Bu, zaman və xeyli hazırlıq tələb edən prosesdir. İnsanları təlimatlandırmaq, xeyli iş görmək lazımdır”.
“Yoxsa sistem çalışmaz”
Adil Qeybulla bildirir ki, sistemin çalışa bilməsi üçün onun təməli möhkəm qoyulmalıdır: “Eşidirlər ki, belə bir şey var, “biz də ona keçək” deyirlər. Ancaq bu cür yanaşma doğru deyil. İndiyə qədər hələ icbari tibbi sığortanı düz-əməlli tətbiq edə bilməmişik. 2-3, bəlkə də 5 ildir elektron reseptlər barədə söhbət gedir. Yəni bu işə başlamazdan qabaq onun alt yapısı olmalı, fundamenti qoyulmalı, bütün infrastrukturu qurulmalıdır. Ondan sonra bu sistemə keçilə bilər. Yoxsa o sistem çalışa bilməz”.
Nə qədər hazırıq?
A.Qeybullanın sözlərinə görə, elektron resept önəmli proses olsa da, bizim nə qədər hazır olmağımız da vacibdir: “Elektron resept icbari tibbi sığorta çərçivəsində dərman maddələrinin dövriyyəsinə nəzarət, onların sərfiyyatı, sərf olunan dərman maddələrinin miqdarı baxımından önəmli bir prosesdir. Amma biz buna nə qədər hazırıq? Bax, əsas məsələ budur”.
Zərif Salmanlı