toy

Azərbaycan toy adətlərinin bilinən və bilinməyən yönləri

Baxış sayı: 2. 215

Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə “adət-ənənələrimiz itir” deyəndə, “müasirləşirik də!” cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir. Bir də Azərbaycana baxaq. “Müasirləşirik də” cavabını verənlər oralarda olsaydılar, yenə də belə düşüncəsiz cavab verəcəkdilər? Bəlkə də çoxlarının beynində elə bir forma yaranıb ki, guya öz adət-ənənələrinə əməl edənlər geridə qalmış kimi sayılır. Bunu düşünən insan elə məhz özü geridə qalandır. Başqalarının adət-ənənələrini qavramaq, insanı geridə qalmış kimi göstərir. Əsas odur ki, gərək öz ənənələrini özgə birilərinə tanıtdırasan. Bax, o zaman irəli sayılırsan. Başqalarına adət-ənənələrimizi tanıtdırmaq bir yana, vətənimizin sərhədləri daxilində adət-ənənələrimizə əməl edənlər azdır.

Bizə xas olan musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, geyim tərzlərimiz və bir çox adət-ənənələrimiz artıq yaşanmır günümüzdə. Bunun da günahı özümüzdən başqa heç kəsdə deyil. Ötənlərdə “Eurovision” müsabiqəsi keçirildi. Ora çıxıb bizi təmsil edənlər bizə xas olmayan hər şeyi sərgilədilər o səhnədə. Görəsən, özümüzə xas oxuyub oynasaydıq pis olardı? Yoxsa utanırıqmı öz adət-ənənələrimizi özgə birinə tanıtmaqdan? Həmən utananlar başqalarından görüb-götürməsinə niyə utanmır?

Bu gün adət-ənənələrimiz əsasən şəhərlərdən uzaq bölgələrdə, dağ ətrafı zonalarda yaşayır. Oralara yolumuz düşəndə, şəhərdə görmədiklərimizlə qarşılaşırıq. Bölgələrimizdəki qonaqpərvərlik, yaşayış, baxış tərzi, milli mətbəx yeməkləri, abırlı geyim tərzi əsl Azərbaycanı xatırladır insana. Amma onlara geridə qalmışlar kimi baxanlar var. Həmən özünü irəli getmiş kimi görən şəxslər səhv yolda irəliləyirlər. Bütün bunların səbəbi dərin düşünməməkdən, özünü zəif görməkdən, görünüşə aldanmaqdan savayı heç nə deyil. Bu zəif düşüncə mövzusuna “Problemlərimiz” bölməsi altında yerləşən, “Zəif düşüncə” başlığı altında daha dərin toxunmuşuq.

Milli dəyərlərə göstərilən soyuq münasibət

Gəlin itirdiklərimizin elə bu gün fərqinə varaq və onların qarşısına keçək. Bir millətin özgələrindən fərqini vurğulayan ən önəmli xüsusiyyətlərdən biri, milli mədəniyyətidir, adət-ənənələridir. Yoxsa belə getsə, sabah “Mən azərbaycanlıyam” sözünün başqaları üçün bir mənası qalmayacaq. Bizləri də özlərindənmiş kimi biləcəklər.
Qarşılıqlı sevgi, gözəl toy və xoşbəxt ailə hər birimizin arzusudur. Gün keçdikcə gənclərimiz toylarımıza yeniliklər əlavə edirlər. Ancaq çox təəssüf ki, bir çox toy adət-ənənələrimizi unutmağa başlayırıq. Bəzilərimizi bu qane etsə də, bir çoxlarımız adət-ənənələrimizə uyğun toy arzusundayıq.
Bəzilərinin fikrincə isə artıq müasir zəmanəyə ayaq uydurmalıyıq. Məhz bunun üçün də adət-ənənələrimizi müasir rəqs növləri ilə əvəz edirik.
Yəqin ki, bir çoxlarımız qeyri-adi toyları izləmişik. Qeyri-adilik, fərqlənmək gözəldir, ancaq adət-ənənələrimizi dəyişəcək qədər vacibdirmi?
Əlbəttə ki, yaşlı nəsil adət-ənənələrimizi üstün tutaraq övladına gördüyü kimi toy arzulasa da, gənc nəslin nümayəndələri zaman-zaman bu fikirlə razılaşmaya bilər.

Çox gözəl toylarımız, çox gözəl adət-ənənələrimiz olduğu halda biz niyə onları qoruyub saxlaya bilmirik? Nə üçün dəyərli olan hər şeyi asanlıqla unuduruq? Biz əgər onları qoruyub saxlamasaq, çətin ki, bizdən sonrakı nəsil üçün adət-ənənələrimiz vacib olsun.
Gözəl toy hər birimizin arzusudur, ancaq adət-ənənələrimizə uyğun toy isə hamısından ən gözəli və əvəzolunmazdı. Elə müasir orijinallığı bunda tapmaq olar.
Xaricdən gələn qonaqlar təsadüfən bölgələrimizdə olan toy mərasimlərinin şahidi olanda təəccüblənirlər. Və hətta onlar təəccüb və heyrətlərini gizlədə bilmirlər. Həqiqətən milli toy adətlərimiz maraqlı və gözəldir. Hətta dünyanın bir çox yerlərində belə bizim toylarımız böyük marağa səbəb olur.
Adət-ənənələrimizin fərqliliyi, gözəlliyi hər kəsi heyran etdiyi halda nə üçün onların dəyərini bilməyək? Nə üçün onları qoruyub saxlamayaq?

Azərbaycan toyu…

Toy hər bir azərbaycanlının həyatında 1 dəfə yaşanır.
Və həyatımızda çox önəmli olan bu mərasim ömür boyu xoş xatirələrlə yaddaşımızı izləməlidir. Bəs Azərbaycan xalqı ailə qurarkən hansı adətləri ilə digər millətlərdən seçilir? Evlənmək üçün ilk addım nədən başlayır? Toylarımız necə qurulur? Hə, yeri gəlmişkən, Azərbaycan ailələri ona görə uzunömürlü hesab edilir ki, bizdə ailəyə müqəddəs və toxunulmaz varlıq kimi baxırlar. Namus, qeyrət ilk növbədə ailədən başlayır.

Qız bəyənmə

Xalq arasında qızgörmədən sonra oğlan qərara gəlir, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər eləyir. Qızın yerini-yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin, anasının, atasının, bacı və qardaşlarının kimliyini öyrənirlər. Sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata-anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların el dilində desək, ağzı aranır.

Xəbər göndərmə

Oğlan evi arayıb-axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Necə deyərlər, “ətəyindəki daşı yerə tökmür”. Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır.

Kiçik elçilik

Adətə görə, əvvəl 2 qadın – oğul anası və yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası 3 nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.

“Elçiliyə gecə getməzlər”.

İnanclara və adətə görə, elçiliyə gecə getməzlər.
“Elçilərin qarşısına qoyulan çay içilməz”.
Elçilikdə deyirlər: “Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar”, “Qız yükü, duz yükü”.

Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. “Bir qızla, anası ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti fikrimizi sizə bildirərik” deyir.
Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

Böyük nişan

Elçilikdən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Onu da alırlar. Ara günlərdə qayınana qızın yanına gələndə gətirir.
Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır, o üzdən qız evinə soğan göndərilmir.
Oğlan evi nişanı qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirirlər.
Hamı yeyib-içib, şənlənəndən sonra süfrə yığılır. Qızı oturdurlar yuxarı başda. Qabağına da güzgü qoyurlar, şam yandırırlar. Xonçaları da düzürlər dövrəsinə. Bundan sonra oğlan yengəsi (qardaşı arvadı) xonçanın üstünə nemət, noğul atır. Qız yengəsi də gəlib nemət, şirinlik atır. Bundan sonra oğlanın bacısı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Oturanlar da birağızdan “mübarəkdir” söyləyirlər. Sonra nişana gətirilmiş ətirlərdən birini götürüb verirlər oturanlara, hamı onunla ətirlənir.

Xonça gətirmə

Nişandan sonra qız kimin toyuna, nişanına getsə, onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qayınana əlində xonça oynaya-oynaya girir məclisə. Gəlir gəlininin qabağına. Alnından öpüb onu qaldırır və xonçanı qoyur onun yerinə. Qızı oynadır. Bundan sonra baldız, qayın və bəy gəlini oynadırlar.

Bayramlıq

Toya qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən maraqlısı Novruz bayramında gəlir. Bu bayrama qayınana həvəslə hazırlaşır. Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər. Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət əşyası da gətirilir, başına xına qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirirlər. Bundan əlavə müxtəlif bölgələrdə adətlərdə müəyyən fərqlər də var. Misal üçün, cənub bölgəsində bayram xonçasında gəlin üçün mütləq balıq aparılır. Balığın burnuna isə qızıl üzük taxmaq mütləqdir. Gəlinin başına, əlinə, ayağına bayram gecəsi xına qoyurlar.

Danışığagəlmə

Bir gün oğlanın atası qız evinə xəbər göndərir ki, sabah danışığa gəlirik, evdə olun. Səhərisi gün oğlan tərəfdən əmi, dayı, ata və başqa yaxın adamlar, qohumlar iştirak edirlər. Bu məclisdə çox vaxt kişilər iştirak edir. Burada qızın başçıları və oğlanın qardaşlığının ataları da iştirak edir.
Danışıqda toy günü təyin olunur. Musiqiçilərin kim olacağı, toyu kimin aparacağı müəyyənləşdirilir. Toyda xərci oğlan evi verir. Bəzən qız atası xərc istəmir. Ancaq oğlan evi qız toyuna bacardığını göndərir. Danışıb razılığa gələndən sonra bir-birlərinə xeyir-dua verib ayrılırlar.

Cehiz

Toydan 2-3 gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və “qardaşlığı” gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.
Sonra gəlinin yengəsi, bacısı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də xələt verir.

Fətirüstü

Artıq qız evində toy tədarükü görülür. Qab-qacaq yığılır. Fətir bişirilir, səhər tezdən ocaqlar qalanır. Qadınlar başlayırlar fətir bişirməyə. Cavan qızlar fətir bişirənlərə qulluq edirlər.
Oğlan evindən də bir dəstə qadın, başda oğlanın anası, gəlirlər qız evinə. Fətir bişirənlərə xələt verirlər. Axşam heyvan kəsilir. Cavanlar yığılıb içalat kababı bişirirlər, “baş-ayaq asırlar”.
Mağar qururlar. Oturacaqlar düzürlər. Mağarı xalça-palazla bəzəyirlər. Sabah üçün bütün işləri görub qurtarırlar.

Çörəkbişirdi

Toy günündən 3 gün qabaq seçmə qadınlar, qız-gəlinlər yığışıb oğlan və ya qız evinə “çörəkbişirdi”yə gəlirlər.
Xəmir yoğrulur, kündə kəsilir, yuxa, lavaş yayılır, bişirilir. İlk bişən çörək oğlan və ya qız anasına verilir. “Süfrəniz bərəkətli, çörəyiniz isti olsun” deyilir.

Paltarbiçdi

Toydan qabaq qız evində “paltarbiçdi olur”. Paltarbiçdidə gəlinin adına alınmış bütün hədiyyələr oğlanın bacısı tərəfindən bir-bir göstərilir. Bu məclisdə ancaq qadınlar iştirak edir. Nəyi göstərirlərsə, məclis əhli hamısına “Allah xeyir versin”, “Oğullu-qızlı olsunlar”, “Qoşa qarısınlar” və s. xeyir-duaları verər. Qız anası paltarları göstərənə hədiyyə verər.
Qohum-əqrəba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürür. Sonra qız bacısı gəlinin ata evindən aparacağı cehizi göstərir. Cehizlər oğlan evinə aparılır və gəlin otağı bəzənir. Ev bəzəyən qızlara oğlan anasından xələt verilər, stol açılar, hamı şənlənər.

Qız şahı

Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı “şah” qaldırır. Şahqaldırma geniş yayılmış bir adətdir. Şah taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş noğul və s. bəzədilir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şah qaldırır.
Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya gəlirlər bacılığıgilə. Yeyirlər, içirlər, oynayırlar. Axşam təxminən saat 9-da, 10-da oğlan evindən cavanlar gəlir qız şahına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə “lopa” yandırırlar, tonqal qalayırlar, o ki var oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata gəlirlər qız evinə. Qız evində də yeyib-içib şənlənirlər.

Xınayaxdı

Qızlar yığışır otağın birinə, qız yengəsi də islanmış xınanı götürüb düşür ortaya, oynayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib qoyur oğlan adamının qabağına. O da boş kasaya pul atıb, xınanı götürür. Oynaya-oynaya gəlir qızın yanına. Onun əllərinə, ayaqlarına xına qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub, nəmər salır. Gəlinə xına yaxıldıqdan sonra bəzi bölgələrdə oğlan evinin yaxınları, qohumları gəlinə ayrıca hədiyyə gətirir. Gəlinin qarşısına su ilə doldurulmuş kasa qoyulur. Qızın yengəsi, ya da qızın qardaşı arvadı xınanı payladıqdan sonra oğlanın qohumlarının gətirdiyi zinət əşyaları gəlinə təqdim olunmağa başlayır. Bu hədiyyələrdə bəyin valideynlərinin gəlin üçün gətirdiyi zinət əşyaları ilə yanaşı, qohumların da payı olur. Əvvəlcə gəlinin qayınanasının gətirdiyi qızıllar hamının gözü qarşısında göstərilərək gəlinin üstünə taxılır. Elə zinət əşyaları olur ki, onlardan iki ədəd varsa, digəri sudakı kasanın içinə salınır. Qayınananın gətirdiyi zinət əşyaları təqdim olunduqdan sonra oğlanın qohumlarının hədiyyələri təqdim olunur. Əsasən oğlanın əmisinin, dayısının, xalasının, bibisinin, qardaşının, bacısının, digər yaxın qohumlarının gətirdikləri zinət-qızıl əşyaları təqdim edildikcə su ilə doldurulmuş kasaya atırlar. Demək olar ki, kasa yarıya qədər zinət əşyası ilə doldurulur. Bu qızıllar gəlinə çatır. Hədiyyə gətirənlər zinət əşyaları ilə yanaşı, oğlan evinin qohumları olaraq xonça da tuturlar.
Qızlar “xınayaxdı”da olanda oğlanlar oynayıb şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər “ikirəngli” çay gətirib qoyur bəyin və dostlarının qabağına. Onlar da çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar. Qızlardan biri xına gətirir. Oğlanlar da çəçələ barmağını batırırlar xınaya.

Kəbinkəsdirmə

Kəbinkəsdirmə toy günündən bir neçə gün qabaq olardı. Kəbini adətən molla kəsirmiş. Bu mərasimdə hər iki tərəfdən iştirak edərmiş. Hər tərəfdən 1 nəfər şahid olardı. Mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər. Kəllə qənd çəkisi 8 kq olarmış. Bundan əlavə kəbin kəsdirilərkən gəlini sığortalamaq üçün kəbinin qeydiyyatına müəyyən miqdarda qızıl da yazılarmış. Kəbinkəsdirmədə təqdim olunan qızıl gəlinin halal malı sayılarmış. Kəbinkəsdirmədə hər iki tərəfin yaxın adamı, bir çox hallarda isə qız və oğlan iştirak edərdilər. Kəbinkəsdirmənin “siğə” forması da vardır.

Qız toyu

Səhər saat 11-də, 12-nin yarısı “qara zurnanın” səsi ətrafa yayılar, kəndi ayağa qaldırardı. Toy başlanardı. Yenə cavanlar yığılır qulluq etməyə. Dəstə-dəstə adamlar toy evinə gəlir. Yeyir-içir, şənlənirlər. Kimi xonça gətirir, kimi də nəmər atır.
Yemək verilməzdən əvvəl oğlan evindən bir nəfər kişi gəlir, yemək qazanının üstünə pul atır. Buna “qazanaçdı” deyirlər. Toyda kəndin cavanları güclərini sınayır, güləşirlər. Kim ki qalib gəldi, gedib kimin qolundan tutsa, onunla oynamalıdır. Burada boyun qaçırmaq, etiraz etmək olmaz. Gərək oynayasan. Qalibə hörmət, xalqımızın ulu adətidir. Oğlan evi qızı oynadır. Sonra isə təxminən saat 4-5-də geri qayıdırlar. Oğlan evi getdikdən sonra yenə də yeyib-içirlər, oynayırlar. Saat 6-nın yarısı olanda qız evində cavanlar yığışır “qız şahına” getməyə.

Toy günü

Kənddə toy 3 gün olur – cümə, şənbə və bazar günləri. Toyun 1-ci günü axşam üstü başlayır. Toyu çalançılar, aşıq, bir də toybaşı idarə edir. Kim hansı havanı oynamaq istəyirsə, toybaşıya sifariş verir.Toyun 2-ci günü toy əhli oynayır, şənlənirlər, müxtəlif oyunlar keçirirlər. Qədim el havaları toyun bəzəyi olardı. Toyun 3-cü günü qız toyudursa, gəlin tərəfi, oğlan toyudursa, bəy tərəfi olur. Mağarda ayrıca üstü şirniyyatla bəzənmiş stol qoyulur. Stolun üstündə güzgü də olur. Bəyin yanında sağdişi ilə soldişi oturur. Oğul anası onlara hədiyyə verir. Bəy toy mağarına gecikəndə kim onun yerində otursa, hədiyyə alır, sonra durur ki, bəy otursun. Tərifdən sonra bəyi və ya gəlini öz toyunda oynadarlar. Deyilənə görə, bəy və ya gəlin öz toyunda oynayanda həm bolluq olar, həm də ucuzluq.

Gəlin aparma

Azərbaycan xalqının ən qədim havası olan “Vağzalı”nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya-oynaya, oxuya-oxuya deyirlər:
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.

Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymazlar. Gəlin evdən çıxmamış ata-ana xeyir-dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini 3 dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun. Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atırlar ki, aydınlıq olsun. Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun. Gəlin ayağı altında qoyun qurbanı kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanli olsun, tez qaynayıb-qarışsın oğlan evinə. Gəlinin qayınanası başına sığal çəkər ki, mehribançılıq olsun. Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun. Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdişlə, soldişin əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir. Gəlin bəzədilmiş otağa aparılır. Hamı birağızdan “xoşbəxt olsun”, “oğullu-uşaqlı olsunlar” deyir. Toydan 3 gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlir.

Oğlan toyu

Qız toyunun səhərisi oğlan evində toy başlanır. Səhər tezdən mağarı qurub, bəzəyəndən sonra hazırlaşırlar gedib gəlini gətirsinlər. Əvvəlcə bütün minikləri bəzəyirlər. Onlara qırmızı lent, kəlağayı bağlayırlar. Saat 11-də, 12-nin yarısı yığışırlar getməyə. Qız evinin qapısında hamı minikdən düşür, təkcə bəydən başqa. Qardaşlıq gəlir qız anasının yanına ki, xala, get bəyi düşür. Qayınana gəlir sürücüyə xələt, bəyə də nəmər verib düşürür.
Həyətdə çalıb-oynayırlar. Qız-gəlinlər yığışır gəlinin başına. Burada oğlan yengəsi qız yengəsinə “başbəzəyi”nin haqqını, xələt verir.
Qızın qaynı gəlinin belinə qırmızı lent bağlayır. Bunu edərkən 2 dəfə bağlayıb açır, 3-cü dəfə bağlayırlar.
Qardaşı qıza deyir: “Get, qədəmin uğurlu olsun. Evimizə qonağ çağıranda sənə hədiyyə alacağam”. Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün yaxın və uzaq qohumlar qızla öpüşüb görüşürlər. Nəhayət qızın atasına yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik arzulayır. Sonra onun alnından öpür. Gəlinə ana da xeyir-dua verir.
Oğlanın bacısı ucadan səsləyir: “Gəlin, gəlinimizi aparaq”. Bu vaxt qız evindən kiçik uşaq qaçıb, qapını bağlayır. Buna “qapıbasma” deyirlər. Bəy və “qardaşlıq” ona nəmər verir və qapını açırlar.

Qız evdən köçürülərkən gəlinin belinə çörək bağlanır. Bu, rəmzi məna daşıyır. Qız ata evindən ər evinə ruzi aparır ki, ayağı ruzili olsun. Qız qapıdan çıxmamışdan qardaşı ilə görüşür. Bəy də qızın qardaşına mütləq bəxşiş verməlidir ki, bacısının evdən çıxmasına icazə versin. Gəlinin güzgüsünü də qız evindən yaxın bir oğlan uşağı tutur. Oğlan evinə təqdim olunan həmin güzgüyə də bəxşiş, ya də hədiyyə verilir.

Gəlini otaqdan bəy və “qardaşlıq çıxarır”. Həyətdə oğlan evi o ki var çalıb-oynayırlar.
Gəlini miniyə əyəşdirirlər. Sonra qardaşlıq və başqa bir cavan gəlib, “qız şahını” götürürlər. Hamı əlində şam və lampa yandırır. Qızın qabağında güzgü tuturlar.
Nəhayət, hamı yola düzəlir. Fişəng atırlar, lopa yandırırlar və s. Yolda miniklər ötüşür. Təkcə gəlin miniyini heç kim ötmür.

Yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür qabağa, hamıdan tez çatıb, ayaqqabını qayınanaya, qayınataya göstərib deyir: “Muştuluğumu verin, gəlininiz gəlir”. Qayınana ona xələt verir. Hamı gəlib çatır, minikdən düşürlər. Qayınana sürücüyə xələt verib gəlini düşürür. Bəyin qardaşı oynaya-oynaya gəlib gəlinin ayağı altında qoç qurban kəsir. Qayınana qoçun qanından götürüb bəylə gəlinin alnına sürtür. Sonra hər ikisi qoçun üstündən keçirlər. Bişirilən ilk fətiri ovurlar. İçinə xırda pul, düyü, qənd, konfet qoyub verirlər bəyə. O da tökür gəlinin başına.

Sonra gəlini aparırlar otağa. Gəlin oturmur. Qayınana gəlib ona xələt verir və ya nə isə alacağına boyun olur. Qız evindən gələndə gəlin əlində iki xüsusi hazırlanmış nimdar (nalça) gətirir. Qız yenə oturmur. Qayınatanın xələtini gözləyir. Qayınata şan-şöhrətlə dəvət olunur. Gəlininə xeyir-dua verən qayınata gəlinin alnından öpür. Gəlin oturması üçün qayınata ona mütləq zinət əşyası və ya bahalı hədiyyə təqdim edir. Ondan sonra gəlib gəlinlə görüşür və ona xələt verirlər. Buna “bəygördüsü”də deyirlər. Bundan sonra hamı əyləşir. Həyətdə də toy başlayır. Axşamüstü saat 6-da, 6-nın yarısında qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və anasından başqa kim istəsə gələ bilər. 1-2 saat oturub gedirlər. Onlar gedəndən sonra bəyin dostları yığışırlar, “oğlan şahına” getməyə. Cavanlar gəlir “qardaşlıq”gilə. “Oğlan şah”ında ancaq oğlanlar iştirak edirlər. Qızlar arada qulluq edirlər. “Bəylər” doyunca çalıb-oynayırlar. Nəhayət, “oğlan şah”ını götürüb, qayıdırlar bəyin evinə. Aşığın maraqlı rəvayətlərinə qulaq asırlar. Şahların hər ikisini bəylə gəlin dərir. Onun üstündəkilər də bəylə gəlinə çatır. Konfetləri və meyvələri isə qonum-qonşuya paylayırlar.

Üzəçıxdı

Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10-15 gün sonra qayınana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.

Gəlingördü

Toydan 2-3 ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, “filan gün gəlirik gəlini görməyə”. Oğlan evi hazırlıq görür. Yaxın qonum-qonşudan 3-4-nü dəvət edir.
Qızın anası da yaxın adamlardan götürüb gəlir qudasıgilə. Yeyib-içib şənlənirlər. Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib qayıdırlar.

Ayaqaçdı

Gəlini gördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna “ayaqaçdı” deyirlər. Bir nəfərlə xəbər göndərirlər ki, yığışıb bizə gəlin. Ayaqaçdıda kişilər də gəlir. Böyük məclis qururlar. Yeyib-içirlər, çalıb-oynayırlar. Qızın anası oğlana və qıza aldığı hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. 1-2 gündən sonra əri gəlib aparır. “Ayaqaçdı”dan sonra bəylə gəlin istədikləri vaxt ora gedib gəlirlər.

Qonaqçağırma

“Ayaqaçdı”dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar bəylə gəlini qonaq çağırırlar. Bu da bir növ “ayaqaçdı”ya bənzəyir. Qonaq çağırdıqdan sonra bəylə gəlin onların evinə gedib-gəlirlər. Qonaq çağırarkən onlara hədiyyə verirlər. Ümumiyyətlə, bəylə gəlin kimin evinə ilk dəfə qədəm qoysa, o zaman onlara hədiyyə verirlər.

Nəvəgörmə

Gənc ailənin 3-cü üzvünün dünyaya gəlməsi toy-bayrama çevrilir. İlk nəvənin yorğan-döşəyini qız anası salar. Elə ki, nəvə dünyaya gəldi, nənə düşür əl-ayağa. Ən gözəl ipəkdən ona yorğan-döşək salır, beşik alır. Nəvəni görməyə “qırx” çıxdıqdan sonra gedirlər. Gəlinin ata-anası, bacısı-qardaşı, gəlinləri yığılıb gəlirlər. Körpəyə paltar alırlar. Bu şeylərin hamısını qırmızı lentlə bağlayırlar. Körpəni görəndə isə hamı qundağına nəmər qoyur.

Müxtəlif xalqların toy adətləri

ABŞ və İngiltərədə hər bir gəlin toy günü üzərində bir təzə, bir köhnə, müvəqqəti kimdənsə götürülmüş bir şey və mavi nəyinsə olmasına fikir verməlidir. Almaniyada toy günü bəyin cibinə bir qədər buğda qoyurlar. Onların inancına görə, bu, uğur və var-dövlət gətirir. Yunanıstanda yeni ailə quranların yataqları üstündə gənc cütlüyə sağlam nəsil təmin etmək üçün ilk öncə uşaqlar oynamalıdır. Həmçinin dost və rəfiqələrinin paltarlarında cütlüyü uğursuzluqdan qoruyacaq göz təsvir olunmalıdır. Macarıstanda toy kartejini görəndə digər maşınlar siqnal verməyə başlar. Və bununla bəy və gəlini salamlayıb, təbrik edərlər.
Hindistanda toy mərasimi başa çatdıqdan sonra ailənin kiçik üzvlərindən biri gəlin və bəyin başına gül ləçəkləri səpir. Bu, ritual gəncləri şər qüvvələrdən qorumaq mənasını daşıyır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir