Azərbaycanda uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd hazırlanır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb.
Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdilir. Sənəd hazırdır və aidiyyatı qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir.
Sözügedən sənəddə hansı kriteriyalar yer almalı və hansı nüanslar diqqətdən qaçırılmamalıdır?
Psixoloqların peşəkarlığına böyük şübhə var
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə deyir ki, uşaqlara qarşı edilən işgəncə, törədilən zorakılıq və cinayətlərlə bağlı qanunvericilikdə sərtləşməyə ehtiyac var. Bundan başqa, valideyn hüquqlarının məhdudlaşdırılması ilə bağlı Ailə Məcəlləsinə, uşaqların məhkəmə prosesində dinlənilmə qaydalarına da baxılmalıdır.
K.Ağazadə qeyd edib ki, onda icra hakimiyyətlərində işləyən əməkdaşlar, əsasən də psixoloqların peşəkarlığına böyük şübhə var.
“Ümumiyyətlə, düşünürəm ki, uşaq, ailə və xüsusi qayğıya ehtyacı olanlar üçün ayrıca psixoloq olmalıdır. Bizdə bu varmı? Xeyr. Bir sıra xidmətlər Sosial Xidmətlər Agentliyindədirsə, nə üçün qəyyumluq məsələsi də onların nəzarətində olmamalıdır?”, – Ağazadə deyir.
Hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, uşaqların zamanının düzgün və mənalı dəyərləndirilməsi üçün bir sıra proqramlar olmalıdır:
“Uşaqlar üçün yayda güzəştli istirahət proqramları olmalıdır. Sovet dövründə uşaqlar üçün belə düşərgələr fəaliyyət göstərirdi. Çox istəyərdim ki, özəl xəstəxanalarda uşaqlar üçün güzəştlər olsun. Bir körpə uşağın səhhətində problem varsa, valideyn övladını həkimə apara bilmirsə, demək ki, biz şikəst övlad yetişdiririk. Biz sağlam övlad yetişdirməliyik. Bu gün hansı özəl xəstəxanada 16-18 yaşadək olan uşaqlara görə endirimlər var?”.
Uşaqların doğulması niyə belə bahadır?
Qənizadə özəl xəstəxanalarda doğuş qiymətlərinin yüksək olmasından da danışdı:
“Tibbi sığortaya keçirik, amma elə o sığortanın özünü də baş-ayaq ediblər. Hələ bilinmir ki, sığorta harada olacaq. Özəl xəstəxanalarda doğuş üçün qiymətlər çox yüksəkdir. Valideyn niyə doğuş üçün pul ödəməli, övladını pulla dünyaya gətirməlidir? Bu məvacibi, xərci dövlət qarşılamalıdır. Baxın, imkanı olmayan qadınlar doğuş zamanı yarıtmaz həkimlərin əli altına düşürlər. Görürsünüz, doğuşlar zamanı ana və uşaq ölümləri nə qədərdir?”.
Ç.Qənizadə onu da qeyd edir ki, uşaq qidaları və bezləri ilə bağlı milyonlar qazanan sahibkarlar var. Ailələrin çoxu bu məhsulların alınmasında böyük çətinliklər çəkirlər. Uşaq qidaları və bezləri ƏDV və digər vergilərdən azad olunmalıdır ki, həmin məhsulların qiyməti aşağı düşsün, hamı üçün əlçatan olsun. Düşünürəm ki, bu layihədə bir qurum iştirak edirsə, yenə də müəyyən problemlər olacaq. Bu layihəyə kompleks yanaşılmalıdır və bununla bağlı komissiya yaradılmalıdır. Təklif edirəm ki, sənəd ümumxalq müzakirəsinə çıxarılsın. Bununla bağlı çoxsaylı QHT-lər var. Bu sənədlə bağlı dinləmələr olmalıdır”.
Üçuşaqlı ailələrə yardım edilməlidir
Hüquq müdafiəçisi üçuşaqlı ailələrə yardım edilməsini təklif edir:
“Vaxtı ilə 5 uşaqlı ailələrə müvainətin verilməsi məsələsi müzakirəyə çıxmışdı. Bu gün Azərbaycan ailələrinin demək olar ki, 1/100-də beş uşaq ola bilər. Bu da əsasən cənub bölgəsini əhatə edir. Bu gün Azərbaycanda 5 uşaqlı ailə hər yüz ailədən birinə təsadüf edir. Heç olmasa bizdə 3 uşaqlı ailələrə yardım başlanılmalıdır. Uşaqların sosial müdafiəsi təşkil olunmalıdır. Onun sağlam böyüməsi üçün müəyyən şəraitlər yaradılmalıdır”.
Qənizadə xatırladıb ki, iqtisadi sanskiyalar altında olan Rusiyada 2-3 uşaqlı ailələr üçün 10 min dollar və yüksək məbləğdə vəsait, yaxud da torpaq sahəsi ayrılır. Uşağın sağlam böyüməsi və gələcəyə yararlı olması üçün onun hüquqları yalnız kağız üzərində olmamalı, o, hərtərəfli sosial müdafiə ilə əhatə olunmalıdır.
Hüquq müdafiəçisi uşaq hüquqları ilə bağlı digər əsas problemin də məktəbli çantaları ilə əlaqəli olduğunu deyir: “Bu çantalarla uşaqları şikəst edirik. Sovet dövründə belə çantalar yox idi, bəs bu alim və akademiklər necə, hardan ortaya çıxmışdı?”.
Nigar İsgəndərova