Uşaq bağçası biznesi Azərbaycanda çoxluğun maraqlandığı investisiya sahəsidir. Bu gün gündəlik həyatında hər on nəfərin azı beşi “Uşaq bağçasını necə açmaq olar?”, “Lisenziya üçün nə qədər rüsum tələb olunur?”, “Bu yöndə biznes-planı haradan əldə etmək olar?” kimi suallarla rastlaşmamış deyil.
Mövzuya aydınlıq gətirmək üçün kiçik bir araşdırmaq apardıq. Məlum oldu ki, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasını təmin etmək məqsədilə dövlət, doğrudan da, sahibkarlar üçün investisiya qoyuluşu prosedurlarını asanlaşdırıb.
Nəticədə, bu sahəyə maraq artıb. Hətta o qədər ki, bazarda bunu ailə, qohum biznesinə çevirənlər də var.
Belə ki, binaların birinci mərtəbəsində 50-60 kvadratmetrlik ərazini, yaxud da fərdi evi kirayələyib, qohumlardan, dost-tanışlardan ibarət işçi heyəti toplayıb, uşaq bağçası açanların sayı az deyil.
Bir sözlə, vaxtilə şadlıq evi biznesi nə dərəcədə aktual və dəbdə idisə, hazırda seçim uşaq bağçaları üzərindədir.
Sektora marağın artdığını rəsmi statistik rəqəmlər də göstərir. Konkret olaraq, 2009-2010-cu tədris ilində Təhsil Nazirliyi tərəfindən cəmi dörd məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilmişdisə, 2011-ci ildə 21 sahibkar bu fəaliyyət üçün icazə alıb.
2011-2012-ci ildə isə daha 11, 2012-2013-cü ildə 6, 2013-2014-cü ildə 12, 2014-2015-ci ildə 17, 2015-2016-cı ildə 3 uşaq bağçası və məktəbəqədər tərbiyə müəssisəsinin fəaliyyətinə lisenziya verilib.
Bununla belə, hazırda Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsil müəssisəsinə gedə bilir.
Deməli, sektorda biznes fəaliyyəti üçün imkanlar hələ də genişdir.
Uşaq bağçası açmaq üçün nə lazımdır?
2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Həmin fərmanla təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat təsdiqlənib. Bundan əvvəl həmin qiymət 2500 manat idi.
O ki qaldı lisenziyaların alınması üçün tələb olunan sənədlərə, icazələrin elektron informasiya portalına əsasən, məktəbəqədər təhsil müəssisəsi açmaq üçün müvafiq formada ərizə tələb edilir.
Eləcə də, sahibkara məxsus dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti, obyektlərdən hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar) təsdiq edən sənədin surəti, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri əks etdirən sənədlər (təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; maddi-texniki baza və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin təqdim olunması istənilir.
Yuxarıda qeyd olunanlara əsaslansaq, məktəbəqədər təhsil müəssisəsi yaratmaq su içmək kimi asan bir prosesdir. Amma bu, aysberqin görünən tərəfidir.
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəbəqədər təhsil müəssisələri vergidən azaddırlar:
“Azərbaycanda bir neçə sahə var ki, sahibkarlıq subyektləri lisenziya aldıqları zaman vergidən azad edilirlər. Onlardan biri də uşaq bağçalarıdır. Sadəcə, lisenziyalaşma prosesi çətin olduğundan, bu sahədə subyektlərin ortaya keyfiyyətli iş qoymaları xərc tələb etdiyindən uşaq bağçası biznesi populyarlaşmayıb.
Bu gün ölkədə dövlət uşaq bağçalarının sayı ümumi uşaqların 25 faizini əhatə edir. Azərbaycanda 1600 dövlət bağçası var. Lisenziya almış özəl uşaq bağçalarının sayı isə 90-dır”.
Lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür
Ekspert deyir ki, Təhsil Nazirliyindən lisenziya almış uşaq bağçaları ilə yanaşı, Vergilər Nazirliyindən qeydiyyatdan keçməklə (sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi) fəaliyyət göstərən uşaq bağçaları da var:
“Qeyd etdiyim sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərən uşaq bağçaları üçün hər hansı sənədləşmə prosesinə ehtiyac yoxdur.
Azərbaycanda hətta xaricilər də gəlib uşaq bağçası aça bilərlər. Yəni dünyada elə bir ölkə yoxdur ki, bu istiqamətdə prosedurlar Azərbaycandakı kimi asan olsun”.
K.Əsədovun sözlərinə görə, ölkədə biznes mühiti üçün geniş şərait yaradılan sahələrdən birincisi məktəbəqədər təhsil müəssəsidir:
“İstənilən vətəndaş standartlara cavab verən obyekti icarəyə götürüb, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə uşaq bağçası yarada bilər”.
Ekspert hesab edir ki, bu biznesin geniş yayılmamasının daha bir səbəbi kadr problemidir:
“Təkcə parta qoyub, uşaqları bir yerə yığmaqla xidmət göstərmək olmur”.
K.Əsədov deyir ki, lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür:
“Vergi ödəyicisi kimi lisenziyaların verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Nazirlik “ASAN xidmət”lə bərabər bu xidməti reallaşdırır. Lisenziyanın verilməsinəqədərki prosesə Təhsil Nazirliyi tərəfindən baxılır.
Lisenziya almaq üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Şöbəsinin rəyi vacibdir. Sahibkarın müraciətindən sonra nazirliyin xüsusi komissiyası hər bir detalı araşdırır. Şöbə müsbət rəy verməzsə, sahibkar İqtisadiyyat Nazirliyindən lisenziya ala bilməyəcək”.
Biznesə başlamaq üçün sahibkarın ilkin xərcləri
Bəs 1-5 yaşlı uşaqlar üçün uşaq bağçası açmaq üçün sahibkarın ilkin kapital xərcləri nə qədər təşkil etməlidir?
Suala aydınlıq gətirən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin qurucusu, təhsil menecmenti üzrə ekspert Rasif Dünyamalıyev deyir ki, ilkin kapital müəssisənin seqmenti ilə əlaqəlidir:
“Əgər vətəndaş orta, yuxarı seqment, yaxud “low cost” bir bağça açırsa, bunların ilkin kapitalı da fərqli olacaq. Çünki hər gəlir səviyyəsinə uyğun valideynlərin görmək istədikləri fərqli şeylər var.
Üç istiqamət üzrə investisiya edilir. Təmir istiqaməti üzrə sıfır quru divardan təmirə başlanılarsa, 150 000 AZN, təczihat hissəsinə 100 000 AZN, ümumi biznes prosesinin qurulması və marketinq fəaliyyətlərinə isə əlavə 30 000 AZN investisiya qoyuluşu tələb olunur”.
Mütəxəssis hesab edir ki, ilk başdan lisenziyanın şərtlərinə uyğun müəssisə qurulmalıdır. Bunu isə biznesə başlamaq istəyən şəxs ya professional şirkətə həvalə etməli, ya da normativləri əldə edib, ciddi şəkildə oxuyaraq tətbiq etməlidir:
“Əks təqdirdə, müəssisəyə baxış zamanı biznesə başlayan şəxs problemlərlə qarşılaşacaq. Hətta yenidən təmir, söküntü işlərinə ehtiyac yaranacaq.
Əvvəla, uşaq bağçası qeydiyyatdan keçməlidir. Qeydiyyatı təhsil müəssisələrinin qeydiyyat bölməsi aparır. Bunun üçün təhsil sahəsi üzrə İcra Hakimiyyətinin, yəni Təhsil Nazirliyinin rəyinə ehtiyac var.
Digər tərəfdən, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nizamnamə forması var, ona uyğun hər bir müəssisə özünün nizamnaməsini hazırlamalıdır. Rəy üçün həmin nizamnamə Təhsil Nazirliyinə göndərilməlidir.
Nizamnaməyə müsbət rəy verildikdən sonra Vergilər Nazirliyinə müraciət olunmalıdır. Vergilər Nazirliyi üç gün müddətində həmin qeydiyyatı həyata keçirir və şəhadətnaməni müəssisəyə təqdim edir. Bundan sonra artıq müəssisə hüquqi şəxs statusu qazanır və təmir, təchizat işləri də həyata keçirildikdən sonra lisenziyaya müraciət edə bilir.
Onu demək lazımdır ki, lisenziya olmadan bağçaların fəaliyyətə başlanması Azərbaycan qanunvericiliyinə görə qadağandır. Lisenziyaya müraciət etmək 5 nömrəli “ASAN Xidmət” mərkəzində həyata keçirilir. Lisenziya verən orqan İqtisadiyyat Nazirliyidir. Uşaq bağçaları üçün lisenziyaya rəy bildirən orqan isə Təhsil Nazirliyidir”.
R. Dünyamalıyev uşaq bağçası yaradıb sektora daxil olmağın müddətini də açıqladı. Onun sözlərinə görə, altı ay ərzində mükəmməl uşaq bağçası qurmaq mümkündür.
“Standart bağçanın təmir işlərinə üç ay vaxt tələb olunur. Bu müddət ərzində 900-1000 kvadrat sahənin təmiri həyata keçirilə bilir. Təczihat hissəsinə iki ay müddət tələb olunur, biznes proseslərinin qurulması isə digər işlərlə paralel olaraq gedə bilər.
Bunlara isə ümumilikdə aytı ay müddət kifayət edir. Altı ay ərzində mükəmməl uşaq bağçası qurmaq mümkündür. Bizim iki, altı ay, bir il müddətinə də qurduğumuz uşaq bağçası var. Əlbəttə ki, burada seqment, investisiya səviyyəsi çox önəmli məsələlərdir. Ona görə də sahibkar necə bağça açmaq istədiyini əvvəlcədən dəqiqləşdirməlidir”.
Ekspert deyir ki, ümumiyyətlə, bağça, təhsil müəssisəsi açmaq və onu idarə etmək məsuliyyət tələb edən sahədir. Çünki burada uşaqdan, gələcəyimizdən, uşaqların sağlamlığından, təhlükəsizliyindən, inkişafından söhbət gedir:
“Ona görə də bu məsələyə ciddi yanaşmaq, təmir zamanı hər seçilən materialı, alınan hər əşyanı ciddi şəkildə analiz etmək lazımdır. Məsələnin ən çətin tərəfi isə biznes prosesinin qurulması, pedoqoji heyətin toplanmasıdır.
Çünki hazırda Azərbaycanda uşaq bağçaları üçün peşəkar, savadlı pedoqoji heyət tapmaq çox çətindir və çətinləşməkdə davam edir.
Pedoqoji sahəni bitirənlərin əksəriyyəti bu sahədə çalışmaq istəmirlər. Ona görə də biz müəllimlərin toplanması prosesində çətinlik çəkirik. Rəhbər tapmaq, rəhbəri hazırlamaq, iş prinsipini qurmaq çox çətin prosesdir”.
Biznesə başlayan sahibkarın diqqət etməli olduğu normativlərə gəlincə, Rasif Dünyamalıyev bildirir ki, normativlərə, əsasən, hər yaş qrupunun tədris, yataq otağı və sanitar qovşağının olması daxildir:
“Bu, hər yaş qrupuna aiddir. Hər bir sahibkar diqqət etməlidir ki, mütləq şəkildə əgər beş müxtəlif yaş qrupu varsa, beş sanitar qovşağı, beş tədris otağı, beş yataq otağı olsun.
Digər məsələ qidalanma bloku ilə bağlıdır. Sizin mətbəxiniz varsa, həmin mətbəxin içərisində qida anbarı, çirkli qabların yuyulması sahəsi, qidanın hazırlanması üçün sahə olmalıdır. Əgər bunlardan hansısa biri yoxdursa, o zaman problem yaşanır. Yəni bu, lisenziyanın şərtlərinin pozulması hesab olunur.
Digər məsələlərdən biri həyətyanı sahə ilə bağlıdır. Həyətyanı sahələri Bakı ərazisində tapmaq getdikcə çətinləşir. Amma bağça quran adam bunu nəzərə almalıdır ki, bu, əsas normativ göstəricilərindən biridir. Həmin həyətyanı sahədə günəşlik, qumluq sahə və yaşıllıq, oyun meydançası olmalıdır”.
Bağçaların aylıq ödənişləri və yatırılan xərclərin geri götürülməsi
Həmsöhbətimizin sözlərinə görə, aylıq ödənişlər investisiya əsasında formalaşır və investisiya səviyyəsi, həddi sahibkarın o müəssisədən gözləntisini yaradır:
“Sahibkar beş il müddətində o investisiyanı geri qaytarmaq istəyəcək. Bu da aylıq ödənişlərin həddini müəyyən edir. Bundan əlavə, xərclər də aylıq ödənişə təsir edən əsas amillərdəndir.
Xərclər isə bunlardır: təsərrüfat, qidalanma, rabitə, dəftərxana, kommunal, təmir, sağlamlıq, nəqliyyat, tanıtım və bu kimi digər xərclər.
100 nəfərlik uşaq bağçasını idarə etmək üçün 10 min manatlıq əməkhaqqı büdcəsinə ehtiyac var. Bunların üzərinə vergi və rüsumları əlavə etsək, bu da əlavə üç min manat ödəniş deməkdir. Bunları ümumiləşdirib toplasaq, təxmini 20 minlik xərc yaranır.
Burada sahibkarın mənfəəti yoxdur. Ona görə də sahibkar yatırdığı ilk kapitalı geri qaytarmaq üçün aylıq ödənişi formalaşdırır.
Biz artıq çoxillik təcrübəmizə əsaslanaraq, aylıq ödənişlərin sadə üsulla təyini üzrə strategiyalar hazırlamışıq. Bu strategiyaları istənilən seqmentə uyğun yeni bağçada tətbiq etmək mümkündür”.
Uşaq bağçaları ilə bağlı biznes-planlar
Qeyd edək ki, bəzi şirkətlər bu xidməti göstərirlər. Biznes-planın dəyəri sahibkarın görəcəyi işin kiçikliyi və böyüklüyünə görə dəyişir. Biznes-planlar əksər zamanlarda sifariş edilir. Bəzi hallarda isə satışa çıxarılır. Məsələn, “Lalafo”da uşaq bağçası ilə bağlı biznes-plan elanı yerləşdirilib. Layihənin qiymət 15 min manat təşkil edir.