Azərbaycan mədəniyyəti 2015-ci ildə kimləri itirdi? – SİYAHI

Baxış sayı: 1. 368

Artıq 2015-ci ili yola salmağımıza sayılı günlər qalıb. Bu il kimi üçün sevincli, kimisi üçünsə kədərli hadisələrlə yadda qaldı. Yola salmağa hazırlaşdığımız 2015-ci ildə Azərbaycan mədəniyyəti bir çox tanınmış simalarını da itirdi.

“Gencaile.az “Lent.az”-a istinadən 2015-ci ildə dünyasını dəyişən tanınmışların siyahısını təqdim edir. 

2015-ci il başlayar-başlamaz, yanvarın 28-də xalq şairi Vaqif Səmədoğlu dünyasını dəyişdi. 75 yaşında vəfat edən mərhum I Fəxri Xiyabanda, atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırıldı. 1939-cu il iyunun 5-də Bakıda anadan olan V.Səmədoğlu “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində də çalışmışdı.

Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynovaiyulun 30-da 89 yaşında dünyasını dəyişdi. O, 1926-cı il fevralın 26-da Bakıda anadan olmuşdu. Tanınmış aktrisa 1974-cü il iyunun 1-də Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci il dekabrın 1-də isə xalq artisti fəxri adları ilə təltif olunmuşdu. Naxçıvan teatrın aktrisası olan S.Hüseynova bir-birindən maraqlı və rəngarəng obrazlar yaradıb.

Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov aprelin 6-da  87 yaşında vəfat etdi. Tanınmış bəstəkar 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində dünyaya göz açmışdı.  O, Üzeyir Ha­cı­bə­yov adı­na Azər­bay­can Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın ta­rix-nə­zə­ri­yə, son­ra­lar isə bəs­tə­kar­lıq şöbələrini bitirmişdi.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov sentyabrın 6-da 57 yaşında dünyasını dəyişdi. 1958-ci ildə anadan olan xalq artisti 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru idi.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru Nemət Ağabalayev oktyabrın 9-da 55 yaşında günorta saatlarında qəfildən vəfat etdi. Aktyorun yaxınlarının bildirdiyinə görə  N.Ağabalayev ürək çatışmazlığından dünyasını dəyişdi.

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli aprelin 17-də 81 yaşında vəfat etdi. 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan alan bəstəkar Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdi.

Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq  artisti,  “Şöhrət” ordenli,  Prezident  təqaüdçüsü, professor Azər Rzayev dekabrın 14-də 85 yaşında vəfat etdi. Xalq artisti 1930-ci il iyulun 15-də Bakıda anadan olmuşdu. O, Azərbaycanın görkəmli opera müğənnisi Həqiqət Rzayevanın övladı idi. Azərbaycan Dövlət Konservatoriyasını 2 ixtisas (skripka və bəstəkarlıq) üzrə bitirib (1953). 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayiətçi kimi fəaliyyətə başlamışdı.

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova oktyabrın 10-u 64 yaşında dünyasını dəyişdi. N.Əhmədova 1950-ci il 26 dekabrda Bakıda dünyaya göz açmışdı. M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil aldıqdan sonra ilk fəaliyyətinə Musiqili Komediya Teatrında başlamışdı. Kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan”nın süjetlərində çəkildikdən sonra olmuşdu.

Xalq artisti Habil Əliyev sentyabrın 8-də 88 yaşında öz evində dünyasını dəyişdi. 1927-ci il mayın 28-də  Ağdaş rayonunun Üçqovaq kəndində anadan olan Habil Əliyev I Fəxri Xiyabanda dəfn olundu.

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova oktyabrın 24-də 59 yaşında vəfat etdi. Xərçəng və şəkərli diabetdən əziyyət çəkən tanınmış aktrisanın  vəziyyəti bir neçə ildir ki, ağır idi. 1956-cı il iyulun 24-də  Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olan aktrisa “50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beşmanatlıq gəlin”dəki Naznaz, “Özümüz bilərik”dəki Ceyran, “Subaylarınızdan görəsiniz”dəki Çiçək, “Hicran”dakı Çarleston, “Bankir ədaxlı”dakı Maral, “Məhəbbət oyunu”dakı Ceyran, “Bir günlük siğə”də, “Aldın payını, çağır dayını” tamaşasında At Balaxanım və digər obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

Azərbaycan şairi, əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan sentyabrın 23-də 75 yaşında dünyasını dəyişdi. 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan alan Məmməd Aslan uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkirdi. O, illər idi ki, Azərbaycan televiziyasında uşaqların sevimli verilişi olan “Dərədən təpədən” in aparıcısı idi.

Əməkdar artisti Tanilə Əhmədova avqustun 4-də 65 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Tanınmış aktrisa 1950-ci ildə iyunun 1-də Bakıda doğulub. O tamaşaçıların yaddaşında “Qayınana”, “Şir evdən getdi”, “Tələ”, “Təhminə” və digər filmlərdəki rolları ilə yadda qalıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir