Milli avtomobil modeli olan “AZERANT“ın müəllifi Ramil Nəcəfov fiziki imkanları məhdud şəxslər üçün də “AZ 200” adlı model yaradıb. 23 yaşlı gənc əlillər üçün nəzərdə tutulan modelin bəzi detallarını açıqlayıb.
Onun sözlərinə görə, 3 variantda hazırlanan avtomobil modelinin layihəsinə görə, avtomobillərin mühərriklərinin həcmi 1.3, 1.6 və 2.0 litr, gücü 210 at gücündə, maksimal sürəti isə saatda 240 km olacaq. Avtomobildən adi insanlarla yanaşı, 2-ci qrup əlillər də rahat istifadə biləcəklər:
“Bu, Azərbaycanın əlillər üçün ilk avtomobil layihəsidir. Görün Azərbaycanda nə qədər əlil var. Bu avtomobillə yeriyə bilməyən, xüsusən Qarabağ müharibəsində, müxtəlif qəzalarda ayağını itirmiş və ya anadangəlmə əlillər əziyyət çəkməzlər. Məncə, bu layihə Azərbaycana iqtisadi baxımdan da uğur gətirəcək. Onun istehsalı və satışı da ucuz başa gələcək. Bu, ölkəmiz üçün də, hər birimiz üçün də gözəl və vacib layihədir”.
R.Nəcəfov bildirib ki, avtomobilin idareətmə sistemi tiptronik olacaq, yəni avtomobilin bütün idarəetməsi yalnız sükanla həyata keçiriləcək: “Qaz, əyləc ötürücülərinin hamısı sükanda olacaq. Bu sistem bir sıra köhnə avtomobillərdə də olub, lakin “AZ 200″də daha müasir versiyada olacaq və idarəetməni asanlaşdıracaq. Dünyada heç bir maşında sükanda əlillər üçün idarəetmə nəzərdə tutulmayıb. Bu avtomobildəki sistem isə bir ilkdir. Belə şeylər yalnız arabalarda olur. Eyni sistemdir, sadəcə qaz və əyləc pedalı birbaşa sükanda olacaq, yəni manual qaydada. Bu isə rahat idarəetmə deməkdir. Heç inkisaf etmiş ölkələrdə də əlillər üçün 4 nəfərlik avtomobil yoxdur. Olsa da, aşağıda qaz pedalına dəmir bağlanır. Amma bu, tamam modeldir”.
Müəllif qeyd edib ki, daha bir yenilik odur ki, avtomobilin qapısını açdıqda istəkdən asılı olaraq, həm sürücünün, həm də onun yanındakı sərnişinin oturacaqlarının alt hissəsi avtomatik olaraq çölə çıxacaq: “Bu, avtomobilə rahat minməni təmin edəcək. Bu qaydada sürücü maşına əyləşəndə oturacaq dönür. Ayaqaltıları açılır və rahat əyləşərək idarə edir. Dünyada belə maşınlara nadir hallarda rast gəlinir”.
Yeni modelin daha bir üstünlüyü odur ki, avtomobilə oturmaq üçün qapı açar və əllə deyil, avtomatik qaydada, əldəki pultun vasitəsilə açılacaq. Bundan əlavə, avtomobil radar sistemi ilə 360 dərəcə ətrafında olan digər nəqliyyat vasitələri ilə avtomatik qaydada ara məsafəsi saxlaya biləcək. Yəni avtomobil ara məsafəsini özü tənzimləyə biləcək. Həmçinin, avtomobildə təhlükəsizliyi təmin etmək məqsədilə həm ön, həm də arxa oturacaqlarda oturanlar üçün təhlükəsizlik yastıqları olacaq. Avtomobil həm ucuz başa gələcək, həm də yanacaq sərfiyyatı çox az olacaq, istehsalı da rahat başa gələcək.
Qeyd edək ki, artıq Azərbaycan Gənclər Fondu “AZERANT” milli avtomobil layihəsinə dəstək verib. Azərbaycanın milli avtomobil modeli bu il Bakıda keçiriləcək “Formula 1” yarışları ilə əlaqədar iyunun 23-də Baku Expo mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunacaq. R.Nəcəfov “AZERANT”la yanaşı, əlavə olaraq “AZ 200” modelini də nümayiş etdirəcək.
R.Nəcəfov həm “AZERANT”ın, həm də “AZ 200″ün eskizlərini Naxçıvandakı yerli “Naz Lifan” şirkətinə də göndərərək avtomobillərin istehsalı üçün müraciət edib. Lakin hələlik müraciətlərə cavab verilməyib.