USAQ BAGCASI

Bağçalara qəbul prosesi – yer problemi: niyə yeni dövlət bağçaları tikilmir?

Baxış sayı: 515

Ölkə vətəndaşlarının ciddi problemlərindən biri də bağçalarla bağlıdır. İşləyən ailələrin bir çoxunun özəl bağçalara üz tutmağa maddi imkanı yoxdur, çünki aylıq ödənişlər 300-1000 manat arasında dəyişir.

Dövlət bağçalarında yer isə kifayət qədər deyil. Hər il xeyli vətəndaş uşağını bağçalara yerləşdirə bilmir.

Qeyd edək ki, iyulun 25-dən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, valideynlər www.bq.edu.az ttp://www.bq.edu.az/ saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.

1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə, sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.

Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.

Ötən illərdəki kimi, bu il də valideynlər artıq yer problemi ilə üzləşdiklərini bildirirlər.

 

Yeni bağçalar niyə tikilmir? Dövlət bu sahəyə vəsait ayırırmı?

Öncə xatırladaq ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır.

Ölkədə 133 özəl bağça fəaliyyət göstərir ki, orada da 5124 uşaq var. Həmçinin bağçalarda təxminən 17218 nəfər işləyir.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.

Bağçalarla bağlı problemlər tez-tez gündəmə gəlir. Təkcə dövlət bağçalarının sayının azlığı deyil, həm də əksər dövlət bağçalarında təhsilin səviyyəsinin tələblərə cavab vermədiyi hər kəsə məlumdur. Nəticədə imkanı olan valideynlər özəl bağçalara üz tutur. Məlum olduğu kimi, özəl bağçalar dövlət bağçalarından daha keyfiyyətlidir. Bunun da öz səbəbləri var. Belə ki, özəl bağçalar biznes və rəqabət mühitində fəaliyyət göstərdiyi üçün daha yaxşı və daha yüksək xidmət göstərməyə çalışır. Yəni nə qədər keyfiyyətli və müsbət fəaliyyət göstərərsə, bir o qədər uşaq sayı çox olar, əldə edilən gəlir artar. Burada həmçinin təlim-tədrislə yanaşı biznes rəqabəti də var.

Valehov Cəsarət

Dövlət bağçaları ilə bağlı şikayətlərdən biri də qidalanma ilə bağlıdır. Bir sıra dövlət müəssisəsində qida zəhərlənməsi, qida rasionunun standartlara uyğun gəlməməsi haqda da mətbuatda, mediada dəfələrlə informasiyalar yayılıb.

Həmçinin bir sıra bağçalarda uzun müddət orada çalışan, lakin qeyri-ixtisas və yaxud təhsili olmayan şəxslərin olduğu da məlumdur. Qeyd edək ki, ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 min 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Əvvəlki illərdə qəbul başqa formada, qeyri-şəffaf aparılıb. Lakin artıq yeni qaydalara əsasən bu ixtisasa yaxın ixtisasları bitirənlər imtahan verməklə tərbiyəçi kimi çalışa bilərlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bu və digər məsələlər ilə bağlı aşağıdakıları dedi:  “Bağçalarla bağlı müəyyən fəaliyyət planı var. Təxminən bir il öncə bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Dövlət bağçalarının sayı o qədər də qənaətbəxş deyil və biz bunu bilirik. Bu məsələnin daha da genişlənməsi ilə bağlı həm Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, həm də yerli icra  hakimiyyəti qurumları tərəfindən işlər görülür”.

Cəsarət Valehov bağça tikintisinin də həyata keçirildiyini deyib: “Növbəti illər ərzində bu tikintilərin sürəti və miqyası daha da genişlənəcək.

Qeyd edim ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri müəyyən olunub və mövcud olan bağçaların əsaslı təmiri, orada əlavə korpusların tikilməsi, yeni bağçaların tikintisi ilə  bağlı işlər görülür.  Yəqin ki, növbəti illərdə  bu tikintilərin başa çatıb, açılışlarını görəcəyik.

Bütövlükdə dövlətin tabeliyində olan məktəbəqədər təhsil müəssislərinin sayı 1700-ə yaxındır. Lakin burada bir neçə məsələ var.  Belə ki, Bakı və digər böyük şəhərlərdə, xüsusən də insanların çox sıx yaşadığı mərkəzi ərazilərdə yerləşən bağçalarda yer məhdudiyyəti müşahidə olunur. Bu onunla əlaqədardır ki, xüsusən də işləyən qadınlar övladlarının bağçalara qoymağa çalışır və bu çox yaxşı addımdır. Çünki insan kapitalının inkişafı ilk təhsildən, yəni bağçadan başlayır, daha sona  növbəti təhsil proseslərində davam edir.

Ötən ildən başlayaraq  biz elektron qeydiyyatla uşaqların bağçalara qəbulunu həyata keçiririk. Bu, şəffaf sistemin yaradılmasına xidmət edir. İnsanlar heç kimi görmədən, elektron sistem üzərindən övladlarının bağçalara qeydiyyat sala bilirlər. Lakin qeyd etdiyim kimi, sıxlıq ərazilərdə uşaqların qeydiyyatı zamanı növbələr yaranır və valideynlər də bundan narazılıq edir. Əlbəttə ki, bu narazılıqları başa düşürük , işləyən qadınlar övladlarını bağçaya qoymağa çalışır, bu çox vacibdir. Qeyd edim ki, insanların sıx yaşadığı ərazilərdə xüsusən də işləyən qadınların bu prosesdə öndə olması üçün müəyyən alqoritmlər  tətbiq olundu və bu proses üzərində işlənilir. Daha bir məsələ, elə  bağçalar var ki, şəhər kənarında, insanların sıx olmadığı ərazidə yerləşir. Əksərən bu cür ərazilərdə yerləşən bağçalara uşaqlar az gəlir, yerlər boş qalır. Yəni, bağça var, amma uşaqların  ora getməsi o qədər də çox deyil.

Onu da xatırladım ki, bu günlərdə bağça  müdirlərinin işə qəbulu ilə bağlı şəffaf prosesə start veririk. Nəticədə yaxın günlərdə bağçalara yeni müdirlər təyin olunacaq. Məlum olduğu kimi məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu imtahan prosesi ilə həyata keçirilir. Bağça müdirlərinin də bu prosesdən keçiririk.

Bunu  əminliklə deyə bilərəm ki, növbəti illərdə biz məktəbəqədər  təhsilin həm idarə edilməsində, həm onların məzmun keyfiyyətinin yenilənməsində,  müəllimlərin, eləcə də texniki personalın işə qəbulunda şəffaf sistemin qurulmasının şahidi olacağıq və bu istiqamətdə işlər görülür.

Həmçinin xatırladım ki, artıq xeyli vaxtdır ki, Bakı (bir qisim), Gəncə, Mingəçevir və Bərdədəki bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin icrasına başlanılıb. Məlum olduğu kimi, bir sıra bağçalarda yeməklərin bişirilməsi, hazırlanmasında bir sıra pozuntulara yol verilirdi, son nəticədə uşaqlara çatan qida rasionunda  müəyyən problemlər yaranırdı, belə ki, ya onlara çatmırdı, ya da qida rasionu tam təmin olunmurdu və sairə.  Hazırda qeyd etdiyim kimi, uşaqlara isti yeməklər verilir. Bu, pilot şəkildə edilir. Valideynlər tərəfindən də bu məsələ xoş qarşılanır. Bu onu deməyə əsas verir ki, bu məsələ daha çox bağçanı əhatə edəcək”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir