YEMEK

Yemək yemə yarışlarının fəsadları – ARAŞDIRMA

Baxış sayı: 400

Bəzi restoranlar öz sosial şəbəkələrində insanları çox yemək müqabilində yarışlara çağırırlar. Bu yarışlarda adətən bir neçə dəqiqə içində müxtəlif fastfoodları yeyən insanlara mükafat verilir. Lakin dəqiqələr içində yeyilən qida insan sağlamlığı üçün yalnız zərərdir. Həkimlər hər zaman yeməyi tələsmədən, aramla yeməyin insan sağlamlığına daha xeyirli olduğunu bildiriblər. Çünki ağıza atılan ilk qida ilə bağlı beyinə siqnal gedir. Beyin bədəni stimullaşdırır və həzm prosesi üçün hazırlayır. Ancaq sürətlə yeyəndə bədən buna uyğunlaşmaqda çətinlik çəkir, özünü lazımi səviyyədə hazırlaya bilmir. Bu isə həddindən artıq çəki artımı, mədə ağrısı, xora kimi sağlamlıq problemləri ilə qarşılaşmağa səbəb olur.

Mövzu ilə bağlı qida üzrə mütəxəssis Ağa Salamov bildirir ki, bu gün bir çox insan marketinq hiyləsinin qurbanı olur.

“Çox təəssüflər olsun ki, insanlar pula görə öz sağlamlığını risk altına atırlar. Bizdə bu cür düşüncəsiz insanlar sayı elə də az deyil. Düşünmürlər ki, bu qidanı yedikdən sonra onun həzm prosesi var. Mədə şirəsi ifraz olmalı, rahat şəkildə mədədə həzm prosesi davam etməlidir. Özü də yeyilən, təklif edilən yeməklər fastfoodlardır. Fastfoodların da tərkibində mayonez, ketçup, soya sousu, msg qatılmış duz və ədviyyatlar, sosiskalar, dondurulmuş ət və başqa qidalar var. O cür reklam edən insanlar düşünməlidirlər ki, bu insan sağlamlığı üçün təhlükəli və zərərlidir. Sosial mediada kimin ürəyi necə istəyirsə reklam edir”.

Mütəxəssisin sözlərinə görə, dəqiqələr içində 2-3 və daha çox fastfood yemək insanda qida dözümsüzlüyü əmələ gətirir:

“Qısa zaman ərzində çox qidanın yeyilməsi ən yaxşı halda mədədə həzmsizlik, köp, turşuluğu artıracaq. Bütün bunlar mədə pozğunluğuna səbəb olur ki, bu da gələcəkdə bir çox xəstəliklərə yol açır. Buna görə çox ciddi addımlar atılmalıdır. Hansı platformada olursa olsun, zərərli reklamların qarşısı alınmalıdır. Əgər bir reklam insan orqanizmi üçün zərərlidirsə birmənalı olaraq belə reklam olmaz. Ən çox da gənclər düşünür ki, gedim yeyim, pul qazanım. O gəncin mədəsini niyə korlayırsan axı? Bu ixtiyarı sənə kim verir? Belə bir marketinq mövcuddurmu? Reklam elə olmalıdır ki, nə insanın sağlamlığına, nə də cibinə zərər vursun”.

SMM mütəxəssisi Fərid Ağazadə qeyd edib ki, bu kimi kampaniyalar hazırki vəziyyətdə sırf sosial şəbəkələrdəki PR gücü baxımından uğurlu metoddur:

“Hüquq zəminində belə marketinq kompaniyalarının qanunsuz olduğunu düşünmürəm. Belə kompaniyaların həm ənənəvi, həm də rəqəmsal marketinqdə həmişə müsbət geridönüşlər aldığının şahidi oluruq. Fikrimcə şərtlərin çətin olmadığı təqdirdə belə kompaniyalar doğrudur. Lakin belə kompaniyalar təşkil edib, çətin şərtlər qoyan restoranlar da mövcuddur”.

Mütəxəssis vurğulayıb ki, istehlakçılar mütləq hər bir kompaniyanada kiçik araşdırmalar etməldirlər:

“Yeyiləcək qidanın ifrat dərəcədə artıq qəbul etdikdə orqanizmdə baş verən fəsadları bilməldirlər. Qloballaşan dünyada restoran və kafe sektorunda müştəri qıtlığına səbəb obyektlərin intensiv şəkildə sosial media resurslarından istifadə etməməsidir. Xidmət səviyyəsi və eləcə də məhsul keyfiyyətin aşağı olsa belə sosial medianın keyfiyyətli olması bəs edir ki, müştərilər həmin məkana axın etsin”.

Endokrinoloq Ziya Qurbanov isə bildirir ki, bu qidalanma bir dəfə olduğu üçün orqanizmə elə də ziyanı yoxdur:

“Amma bir insan gün ərzində dəfələrlə, dəqiqələr içində tez-tez fastfood yeyirsə bu ziyandır. Hər gün və ya günaşırı belə etmək olmaz. Ümumiyyətlə, nəinki qidanı tez yemək, hər gün fastfoodla qidalanmaq çox ziyandır. Çox yemək orqanizm üçün təhlükəlidir. Bütün bunlar piylənməyə səbəb olur. Bu da gələcəkdə şəkər xəstəliyinə gətirib çıxarır. Lakin bir dəfə ilə elə də ciddi problem olmaz”.

Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri sorğumuza cavab olaraq bildirdi ki, ADRA yalnız açıq məkanda olan reklamlara nəzarət edir. Sosial şəbəkələrdəki reklamlara nəzarət qurumun səlahiyyətləri xaricindədir.

 

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir