yorgunluq

Bağırsaqda bakteriya çatışmazlığı xroniki yorğunluq yaradır?

Baxış sayı: 576

Dünyada milyonlarla insanda xroniki yorğunluq sindromu diaqnozu qoyulur. Lakin onun səbəbləri hələ də aydın deyil.

COVID-19 pandemiyasından sonrakı illər ərzində insanlar xəstəlikdən sonra yaranan daimi yorğunluq şikayətləri ilə getdikcə daha çox həkimlərə müraciət etməyə başlayıblar.

Yorğunluq, əzələ ağrısı, unutqanlıq və çoxumuza tanış olan “başda duman” artıq “uzun COVID” adlandırılan sindromun əsas simptomlarıdır.

Bu nevroloji simptomların səbəblərini axtarmaq tədqiqatçıların diqqətini oxşar simptomları olan bir xəstəliyə – xroniki yorğunluq sindromuna (XYS) və ya mialgik ensefalomielitə çevirməyə məcbur etdi.

XYS müxtəlif bədən sistemlərinin pozulması ilə əlaqəli bir xəstəlikdir. Bu zaman sinir sistemi, immunitet və maddələr mübadiləsi xüsusilə təsirlənir. Ağır hallarda insanlar gündəlik işlərini yerinə yetirmək bir yana, yataqdan belə qalxa bilmirlər.

Xroniki yorğunluq sindromu onilliklər ərzində məlumdur, lakin onun səbəbləri hələ də yaxşı başa düşülmür və həkimlər həmişə onun simptomlarını ciddi qəbul etmirlər. Bu sindromun effektiv müalicəsi hələ də yoxdur.

XYS hallarının əksəriyyətinin uzun müddət davam edən COVID-19 kimi viruslar və ya bakteriyalar tərəfindən törədildiyi güman edilir.

“Cell Host & Microbe” elmi jurnalında dərc edilən iki yeni araşdırma xroniki yorğunluq sindromunun bağırsaq bakteriyalarının tərkibi ilə əlaqəli olduğunu göstərdi.

Xüsusilə XYS bağırsaqda bütirik turşu və ya butirat kimi tanınan butir turşusu istehsal edən bakteriyaların səviyyəsinin azalması ilə əlaqələndirilir.

Bu, bitki liflərini həzm prosesinə kömək edən bakteriyaların fəaliyyəti sayəsində insan bağırsaqlarında əmələ gəlir. Butirat orqanizmdə bir çox mühüm proseslərdə iştirak edir, xüsusən də bağırsaq sağlamlığını dəstəkləyir. Butirat istehsal edən bağırsaq bakteriyalarının olmaması XYS olan insanlarda immunitet sisteminin necə pozulduğunu qismən izah edə bilər.

Qeyd etmək vacibdir ki, bu tədqiqat mikrobiom dəyişiklikləri ilə xroniki yorğunluq sindromu arasında səbəb əlaqəsini sübut etmir. Lakin ən azından alimlər başa düşdülər ki, bu problemlə bağlı bağırsaq onların suallarına daha çox cavab verə bilər.

Tədqiqatların müəllifləri əldə edilən nəticələr əsasında bir sıra eksperimentlər keçirməyi planlaşdırırlar. Alimlər ümid edirlər ki, bu, XYS-nu daha yaxşı başa düşməyə və onun altında yatan səbəbləri müəyyən etməyə kömək edəcək.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir